Məhtaban 1
Balaş Azəroğluna və
Mədinə xanım Gülgünə
ithaf olunur
Ərdəha xanı Məmalikin yaşı yetmişə çatmışdı. Yeganə qızı Ərmağanı ərə verəndən, əzazil xanımı Sərəncamı xanlıq sərdabəsində dəfn edəndən sonra tənha qalmışdı. Son vaxtlar xanın gözü Pəhləvan Məmmədin yetim qızı Məhtabana düşmüşdü. Qoca xan daima girəvədə durur, Məhtabanı ələ keçirmək üçün fürsət axtarırdı.
Xan bir gün qonum-qonşusunun palaz-paltarını çayda yumağa aparan Məhtabanı gördü. O, axşamüstü kəsmə cığırla çayın qırağına endi... Günəş batdı... Ay ulduzlar arasında göründü... Xan ətrafı dinlədi...
Məhtaban yan-yörəsinə göz gəzdirdi. O, zığ-zımrığa bulanmış cırcındasını tez-tələsik əynindən çıxarıb daşlara çırpa-çırpa yudu, sıxıb açdı, iydə kollarının üstünə sərdi. Sonra dönüb uşaqların irili-xırdalı daş, qaya ilə çayın qabağını kəsib düzəltdikləri ağ köpüklü gölə düşdü. Qız əzəlcə yaxşıca yuyundu, qayıdıb üzü üstə üzməyə başladı. Özünü iydə kollarının arasına verib marıqda duran qoca xanın ağ bığları tir-tir titrəyirdi. Sanki ayın bir parçası qopub gölə düşmüşdü...
Qoca xan dikəlib göldə üzən qızı həris nəzərlə süzdü:
– “Xudaya, nə xilqətdir!..”
Xan öz qocalığını unudub bir könüldən min könülə Pəhləvan Məhəmmədin yetim qızı Məhtabana vuruldu, gününə tək bircə gün də qalsa onu özünə gəlin edəcəyinə söz verdi:
– “İlahi, bu nə xilqətdir!.. – Xan təkrar etdi... – Əgər bu qız yamaqlı cır-cındır içindən, bozarmış çadradan çıxıb, barigahda xanımın köhnələrindən geyinsə, gör onda nə qiyamət olar?!”.
Bəli, onda xan hansı möcüzə ilə isə cavanlaşar, ömrü-günü təzədən başlar. Bu nazlı sənəmlə gün keçirmək onda gör neçə-neçə Ərdəha xanlığına dəyər!
Xan boğazını asta-asta arıtladı. Məhtaban insan hənirtisini aldı. O, tez göldən çıxıb iydə kollarından cır-cındasını götürdü, yaş-yaş əyninə aldı, büküb kənarda sərdiyi yamaqlı çadrasını da başına saldı. Xanın gözündən gözəlliyini gizlədi...
Amma xanın təsəvvüründə Məhtaban yenə ağ köpüklü göldə üzdü, ay nuruna qərq olan sularda qıvrılıb açıldı, qızın qumral saçları köpüklərdə buruldu.
İndi xan nə etsin? O, sinninin bu çağında qızın üstünə necə atılsın?.. Yox, əsla!.. Xan pəhləvan qızı ilə bacarmazdı, qızın qüvvəti qarşısında qoca qəşş edib yıxılar, ya qıjıltılı çaya düşər, ya da göldə boğulardı.
Belə yalquzaq cəsarəti xanın cavanlıq çağlarında ola bilərdi... Qoca xanda o güc, o nəfəs indi harda idi ki, Məhtabanın qollarını qatlasın, cır-cındasını parçalayıb əynindən çıxarsın, onun ağzını qapayıb öz niyyətini yerinə yetirsin?! İşdir, qız səs-səmir çıxarsa, onun izini-tozunu yer üzündən itirsin. Yox, Məmalik xan qocalmaqdan artıq kaftarlaşmışdı... Onun sir-sifəti qırışmış, əl-ayağı bürüşmüş, dizləri də əsməyə başlamışdı. Yalnız çuxura düşən gözləri qurd gözləri kimi ac idi...
Xan çöldən qırışan, içəridən acıxan gözlərini yumduqca Məhtabanı necə varsa, eləcə də görürdü. Sanki heykəltəraş bu qızı ağ mərmərdən yonubdur!.. Yox, qız heykəl deyil, nəfəs alır, canlıdır. Nəfəs aldıqca qocanın da canını alır:
– “İndi necə olsun, ilahi?!” İydə kollarından çıxmayan qoca xan, quruyub-qurumayan paltar-palazı üst-üstə toplayıb, başına alıb aparan Məhtabana qıyılan gözlərlə baxırdı...
Qoca xan Məhtabanı üzüyuxarı, Ərdəha kəndinə tərəf buraxdı, özü gölün kənarına endi. Köpüklü dalğalara xeyli baxdı... Üryan gözəl qocanın təsəvvüründə qıvrıla-qıvrıla üzdü... Xanın gözlərində odlu yaşlar gilələndi:
– Xudaya, sən məni sinnimin bu çağında divanəmi etmək istəyirsən?.. – Qoca cibindən dəsmalını çıxarıb torbalanan gözlərini sildi.
– Axır mən sənin dərgahına düşüb tövbə etmişdim. Axır mən öz günahlarımı yumaq üçün Məkkəyə getməyi, sənə dəxil düşməyi qət etmişdim. Axır mənim öz anasına oxşayan zalım qızım Ərməğandan başqa kim-kimsənəm yoxdur... Belə görünür taleyin hökmü ilə malmülk biganələrindir... Mənim varisim yoxdur, olmayacaqdır, indi bu nə oyundur ki, mənim başıma açırsan, Xudaya!.. Xudaya, bu nə anlaşılmaz oyundur ki, gözlərim dünyadan doymur? – Xan, Savalandan üzüaşağı səs-səda sala-sala gələn qıjıltılı çayın qırağında dayanıb, gölə həsrətlə baxdı. O, Pəhləvan Məhəmmədin yetim qızının gözəlliyi qarşısında səcdəyə düşdü. – Mənim Məkkəm! – deyə qoca üzünü qızın qədəmləri dəyən qumlarda gəzdirdi. – Ölüncən, öləndən sonra da mənim qibləgahım!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-1
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..
VMehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?
VIBu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
VIIHüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi: