Məhtaban 19
Страница 2 из 2 · 50%
– Mən bilmirəm... – qoca dünən fürsət tapıb yenə bilmədiklərini bu gün günəşin tülü edən zamanında qızına demək, pərdəni tərpədib, oradan-buradan da olsa yırtmaq istədi. – Mən bilmirəm orada, ədu evində öz atasını təhqir edəndən sonra Ərmağan xanım hansı üzlə həlakuları da götürüb atasının evinə gəlibdir?
– Dünən söylədim ki, məhz böyük xandan üzr istəyib, əfv olunmağımızı diləmək üçün gəlmişəm, – deyə Ərmağan atasının müqabilində ustalıqla məkrə keçib, anası Sərəncamın həyulasıyla necə birləşdiyini, dəhlizdə dayandığını, qapılara qulaq verdiyini gizləyib, özünü Mömünə xatın kimi göstərməyə başladı. – Bir xudam özü əcəb bilir ki, neçə vaxtdır ki, ata qəlbinə toxunduğumun necə əzab-əziyyətini çəkirəm! O, zamandan yuxum ərşə çəkilibdir!.. Deyirəm ilahi, mən necə nankor övladam ki, nurani atamın ilahi eşqinə dəxalət edib, onun qəlbinə toxunuram? Mən necə bəndəyəm ki, pirani atamın ayaqlarına səcdəyə düşməyə borclu olduğum halda, evimdə qəbahət göstərib, onun üzünə qabardım, öz nagüvara sözlərimlə onun müqəddəs ruhunu incidib, azğınlıqla təhqir etdim? – Ərmağan qızaran gözlərində qaynayan “qanlı göz yaşlarını” silə-silə davam etdi. – İndi mən asi məxluq Allahın dərgahında dizləri üstə düşüb, Qurana and içib, kərratla tövbəəstəxfər etməyə hazıram! Hazıram bəyan edim ki, mən sizin izdivaca da, qardaş təvəllüdünə də qəlbən-sidqən razıyam!
– İnanan daşa dönsün, Ərmağan xanım!
– Bir dəfə yox, min dəfə Qurana qəsəm qıla bilərəm, ata! – Onda buyur! – deyə Məmalik xan rəfdən meşin cildli Quranı götürüb, naxışlı örtüyünü qaldırdı, Avropadan gətirilən dəyirmi masanın üstünə qoydu:
– Onda birbaşa buyur, Ərmağan xanım, göz-gözə Allahın Quranına qəsəm qıl ki, atam Məmalikə dediklərimdə zərrəcə də olsa yalan və riyakarlıq yoxdur! Buyur Qurana qəsəm qıl ki, mən Ərmağan Məmalik xanın Pəhləvan Məhəmmədin qızı Məhtabanla izdivacına ürəkdən razıyam! Və bu izdivacın bəhrəsində atamın belindən gələn oğlunu və Allahın əmri, peyğəmbərin şəriəti ilə bağlanan əqdnaməni, yəni kəsilən kəbini doğru-düzgün sayıram! Pak-müqəddəs təvəllüdə cüzi də olsa, iştibah etmirəm!
Ərmağan xanım hər necə qalarsa da, onu dara qısnayan atasının qarşısında özünü cəmləşdirdi, daxili həyəcanını, üşütməsini gizlədib, əlini yuxarı qaldırıb Quranın üstündə saxladı, atasının dediklərini təkrar edib, əlini meşin cildli Quranın üstünə qoydu:
– Xudam göndərən bu Qurana əyani surətdə qəsəm qılıram, ata! – onun üzü qanla dolub, gözləri qan çanağına çevrildi.
– Bəs niyə sidq-dildən Qurana qəsəm qılan Ərmağan xanım belə təğyir tapıb, həyəcanla ovza alır? – Məmalik qızını amir xan nəzəri ilə süzdü. – Sidq ürəklə Qurana and iç, qız! Yoxsa səni divardan asılan qılıncla iki şaqqa edərəm!!.
– Sidq ürəklə böyük xanın qarşısında Qurana and içirəm!
– Bəs niyə onda sifətin qan rəngi alır?
– Çün Qurana dönə-dönə qəsəm qılandan sonra da atam məni şübhəli nəzərlə süzür, – deyə yenə Ərmağan içəridən qara qan dolan sifətini gizlətmək üçün, uşaq kimi ayaqlarını döyə-döyə zırın-zırın ağladı. Xofla rica arasında qalan Məmalik xan Məhtaban Məhəmməd qızını söhbət gedən otağa səslədi. Ərmağan öz təntənəli andını bir daha göz yaşları içində təkrar edib:
– Ata! – deyə boğuq səslə qışqırdı: – Sən məni Allahın divanına az çək!
– Əgər andında məkrdən zərrəcə iz-toz yoxsa, – deyə Məmalik də əlini yuxarıya qaldırdı, – onda Allah divanına çəkilməkdən bak etmə, özün də müqəddəs ruhla, təzədən Məhtaban Məhəmməd qızı ilə sidqən, qəlbən görüş!
– Mən Xuda qarşısında söylədiyim sayaq kərratla Qurana qəsəm qılıb, sidq dildən atamın cavan zövcəsi ilə ülfət bağlayıram. Bu izdivacdan doğulan qardaşımı da sidqən təbrik edirəm! Orada, həlakular evində söylədiklərimin, bica yerə atamı təhqir etdiklərimin əzab-əziyyətini çəkirəm! – Ərmağan özündən on beş yaş kiçik olan analığını qucaqlayıb göz yaşları tökə-tökə o üz bu üzündən öpdü. Məhtaban da ağladı. Məmalik xan o biri otağa keçib beşikdə uyuyan körpəni götürüb yuxulu-yuxulu gətirdi. Ərmağan yenə də qardaşını bağrına basıb:
– Uşaqlarımın aslan dayısı, – deyə çağanı oxşadı. – Xudaya, səd həzar şükür!..
Körpə gözlərini geniş açdı. Ərmağan atasının gözlərinə bənzəyən gözlərdən çəkinib, tezcə də uşağı anasına uzatdı:
– Mən ulu Tanrıdan atamın yurdculu körpə Məmalikə sağ-salamat boya-başa çatmaq, Məmalik imarətinin tüstüsünü Savalana ucaltmaqlıq diləyirəm!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-19
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..
XXXVIIBayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!
XXXVIIIAxşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.
XXXIXMehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?