Məhtaban 22
Ərmağan Həlaku, öz cinayətkar əməliyyatını başa çatdırıb, tələsik addımlarla güllüyə düşər-düşməz, başqa otaqlarda səliqə-sahman yaradan Məhtabanın ürəyi iynələnən kimi sancdı. Məhtaban səndələyincə, divara söykəndi, xan imarəti onun gözündə zülmət zindana çevrildi. “Xudaya, bu nə haldır məndə?” – deyə gözləri qaraldı. Məhtaban divardan tuta-tuta yeriyib oğlunu yatırtdığı otağın qapısını ehmallıca açdı. İçəriyə qulaq verdi. Səs-səmir yox idi. O, istədi beşiyin örtüyünü qaldırsın, ancaq nə isə qaldırmadı, daha düzü, titrəyən əli gəlmədi.
Məhtaban bilmədi bu hal uşağı ayıltmağa qıymamaqdandırmı, yaxud onun öz mübhəm xofundan? Məhtaban ömründə görmədiyi ən ağır hal keçirincə, qayıdıb güc-bəla çarpayısına sərildi. Onun soyuyan sifəti ilin bütün fəsillərində Savalan dağının zirvələrində üst-üstə qalaqlanan qardan da betər ağarıb göyərdi. Sonra da tədriclə saraldı. Məhtaban bihuş halında əllərini yana sərib, ağır-ağır nəfəsini dərdi...
Hələ də səs-sədanın çıxmadığını görən Ərmağan xanım, güllüyü sulamaqdan qayıtdı, cəld çamadanını götürdü, özünü anasının yuyunduğu əndərun hamamın güzgülü gözünə saldı. O, güzgü qabağında durub diqqətlə üst-başına baxdı. Ona elə gəldi ki, qardaşının əmgəyindən onun üstünə qan çilənibdir. Lalə libasında iz buraxılıbdır. Əslində, bu cəlladın nə əlində, nə də üstündə qan izi yox idi. Onun qan tutan gözlərinə öz üst-başı qana bulaşan kimi görünürdü. Qardaş qatili dişi cəllad cəld soyunub, əynində olan bütün pal-paltarını bir qırağa atdı. Özü də xaricdən gətirilən süzgəci açıb, hərlənə-hərlənə çimməyə başladı.
Qatil qadın qanlı əlləri ilə, qan çilənən kimi görünən kötül ayaqlarını, piy bürüyən budlarını, üzüyuxarı qalxıb, qabaran cod saçlarını tez-tez, dönə-dönə yuyub, sabunlamağa, qaynar suda yancaqlarını döyəcləyib, yay girişi kimi dartınıb, bir-birindən aralanmaq istəyən əsəblərini ovundurub sakitləşdirməyə, bacardıqca özünü ələ alıb toxtatmağa çalışdı. Guya ki, bu cəlladın heç bir cinayətdən, qətldən xəbəri yoxdur, nə vaxtdandır ki, hamamdadır, çimməkdə, yuyulmaqda, Quran qəsəməni yerinə yetirməkdə, qurşandığı namazını qılmaq üçün qüsl edib paklanmaqdadır! Ərmağan Həlaku əndərun hamamda xeyli yuyunandan, dönə-dönə sabunlanıb salavatlanandan sonra mərmər otağa çıxdı qətfə ilə qurulandı, güzgüdə gözlərinə baxdı. Onun gözləri dopdolu qara qan çanağı idi ki, durmuşdu. O gözlərini soyuq su ilə xeyli yudu, təkrar güzgüyə baxdı, qanı çəkilməyən qan çanağı yuyulmaqla da təmizlənmədi. Deməli, qardaş qanının izi üryan bacısının bədənindən də getməmişdir!
Vahimə, xof Ərmağana güc gəldi. O, qətfə ilə vücudunu örtüb, buradaca, xalça üzərində dizləri üstə düşdü, tək tanrısına yalvarmağa, quran qəsəmini xaincəsinə pozduğuna görə xudasının ətəklərindən tutub yalvarmağa başladı.
– Xudaya, bu qətl vacib, zəruri idi, – deyə hər bir ehtiyata qarşı Avropadan zəhər gətirən, zəhər şüşəsini bilmədən əlindən salıb sındıran, xadimə Xədicənin Ərşad Həlaku tərəfindən təpiklənib öldürülməsinə səbəb olan xanım yalvarmağa başladı: – Xudaya, səfil-sərgərdan Məhəmməd qızı Məhtaban, ruhu məndən üzülməyən mərhumə anamın rəxt-xabına sehrkarlıqla dürtülmüşdü. Xudaya, o, yetmiş yaşlı qocanı əməlbaz xanların şəmadətində qoymuşdu. Xudaya, sən özün bilirsən ki, necə də mən çalbığ Həlakunun üzünə çıxa bilmirdim... Çıxanda da elə bilirdim ki, qayınatam Həlakunun çal bığları codlaşanda, atamın ünvanına “bişərəf”, “biqeyrət” – deyə söyüş üstündən söyüş yağdırır. Xudaya, o uşağın mənim atama nə qədər müşahibəti olsa da, yenə mənim o uşağın yetmiş yaşlı qocadan olmasına dərin iştibahım var idi!.. Özün də bilirsən bu uşaq şahənşah üzünə ağ olan fədai, əncümənçi qızının xəyanətindən vücuda gəlmişdir!.. Xudaya, mən sənin Quranına qəsəm qılmasaydım, tərəddüd keçirə-keçirə girəvəni əlimə keçirə bilməz, el şəmadətindən xilas olmaq üçün öz qəsdimi yerinə yetirə bilməz, məmaliklər sicillisini bişərəflik bataqlığından dartıb çıxara bilməzdim! Zinadan olan yaşayıb böyüyər, məmalik sicillisini əldə dəstəvuz edib, qəsbkarlıq göstərər, bütün əmval-əmlaka qeyrişəri sahib durub, min cürə fisqi-ficur törədər, iki xanlıq arasında bir də təzədən qanlı ədavət başlardı! Xudaya, sən özün də qətlə çatdırmalı nalayiq fərdin qətlini vacib və əlzəm sayırsan. Sənin neçə-neçə qazın şəri ehkamla ölüm fitvası veribdir və verir. Nə qədər sənin müctəhidin asilərin ölümünə qol qoyubdur və qoyur... Mən qocanın gözlərini öz qəsdimdən yayındırıb, Məhəmməd qızının qılığına girməsəydim, fitnə-fəsada səbəbkar olacaq zina gövhərini öz vaxtında yer üzündən götürə bilməzdim...
Ərmağan Həlaku dərgah qarşısında öz qatilliyinə bəraət verib dümağ paltarını geyindi, dümağ yaylığını başına örtdü, dümağ başmaqlarını ayaqlarına aldı, dönüb əynindən çıxardığı qan rəngli pal-paltarını bircə-bircə götürüb, hovuza tulladı. Ərmağan qayıdıb diqqətlə hovuza baxdı. Sanki hovuz qanla ləbaləb dolmuşdu, yaxud hər hansı bir qəssab pal-paltarını çıxarıb, hovuza atmışdı. Ərmağan xanım yavaşca hovuzu açıb, suyunu axıtdı, yenidən hovuzun aşağı gözünü tutub üstdən su buraxdı yenə də hovuz həmin-həmin qanla doldu:
– Bu Quran xofu Allah qəzəbidirmi?! – deyə Ərmağan Allaha da acıqlanıb qeyzlə özünə sığal-tumar verdi, göydəki Allahın da gözləri qabağında ona da kələk gəlib, mələk cildində əndəruna çıxdı. İçəridə güzgülü hamamın hovuzunda qoyduğu əlbisəsini yumağı, hər nə varsa hamısını tərtəmiz sıxıb-sərməyi, qurudub ütüləməyi Sərəncam xanımın qoca qulluqçusuna tapşırdı. Ancaq ağ donlu mələk qan çanağına dönən gözlərini gizləyə bilmədi. Baxan kəs güman edərdi ki, bəs Ərmağan xanım qapalı hamamda çimdiyinə görə öz gözlərini isti buxarda ütüb bu kökə salıbdır?! Bəzi kəs də şübhəyə düşərdi ki, nə isə bir hadisə olub, gec-tez üstü açılacaqdır! Müəyyən kəsin də ürəyinə dammamış olmazdı ki, bəs Ərmağan xanımın bunca həlakularla məmaliklər arasını ərşi-arğac gedib-gəlməkliyi əbəsdən deyildir!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehtaban-22
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.
IVDoğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...
VGümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?
VIGöz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
چه مرغ است آن که دارد بیست و یک حرفنه پر دارد نه پا دارد نه، خود، سر
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,