Məhtaban Məhəmməd qızı hər necə düşmən mühasirəsinə düşüb, öldürülən körpəsinin kedərinə batsa da, ona söykənən qocaya dayaq durdu. O, ümidi üzülən, amansız övladının əlində dəstigir olub, həlakulara əsir düşən xanı atmaq istəmədi.

– Mən ayaq üstə sənə söykəli keçinirəm, qız, – Məmalik şikayətləndi. – Sən mənim cənazəmi haraya sürüyə bilərsən?

– Düz Savalana! – Məhəmməd qızının səsi cəngə gedən cəngavər səsi kimi cingildədi. – Savalan dağına!.. Əgər xan keçinərsə, mən onu Savalanın ən uca bir təlində¹, axar-baxarında dəfn edərəm! Qoy Savalan qartalları həlakular həlak edən fələkzadənin məzarına salama ensinlər!

– Sən tilsim qızı, tilsim biçarə qocanı yenəmi əfsunlamaq istəyirsən? – deyə qeyz-qəzəbə dolan Ərmağan Məhtabanın qolundan tutub, çöl tərəfə çəkdi. – Dur itil bu barigahdan, ləçər bihəya!

– Əlini məndən çək, Ərmağan Həlaku!

– Nə səbəbə gərək mən əlimi səndən çəkəm, Məhtaban Məmalik?

– Çün mən matəmdən çıxmayan, məsum körpənin yasını saxlayan anayam!

– Sənin məsum adlandırdığın körpənin... – Ərmağan bir ana kimi an içində sarsılsa da, cinayətkar ruhu ilə davam etdi: – əslində sənin, sən Məhəmməd qızının bic doğduğu oğlanın, əldən düşən, yenə də sənin sehrinlə tək sənə söykənən bu biçarə qocaya nə dəxli?

– Qurana qəsəm qılıram! – oğlunun ölümündən artıq Ərmağanın bunca inadkarlıq göstərdiyini görən Məhtaban yanıb-yaxılmaqla, bədbəxt balasının məzarda belə ləkələnməsinə qarşı üsyankar ana səsini qaldırıb, sonuncu kərə Allahın ehkamına and içdi: – O məsum körpə mənə söykənən, indi ixtiyaratı əlindən alınan bu qocanın doğma balası idi!

– Sən bizim gözlərimizə bir də təzədən kül üfürməkmi istəyirsən?

– Mən külli-aləm qarşısında həqiqəti elan etmək istəyirəm!

– Yoxsa sən bu sürtük çaylaq daşına dönən ismətsiz üzünə salıb, – Ərmağan sarayda, mühasirə içində belə təslim olmayan Məhtabanın üstünə hiddətindən xırıldayan səsini qaldırdı. – Yoxsa sən biqeyrət, binamus üzünə salıb qoca xanın şəri-halalı olduğu İran qarşısında dan qanun və şəriət qələminə verib, azman elli Məmalik mülkünə, Ərdaha elinə vərəsəmi durmaq istəyirsən?

– Nə indi, nə də əzəl Məmalik mülkü mənim gözümdə çürük qozca da olmayıbdır, xanım Ərmağan!

– Bəs onda hansı iştiyaqa görə buraya dürtülmüşdün?! Xanı özüylə Savalana dartan, bağ başında dəfn edən sehrkar?!

¹ Təl – hündür, axar-baxarlı yer

– Məni ancaq Quran qəsəmi dolaşdırmışdı, – deyə sanki Məhtaban onu xan sarayında bəstələyən zəncirə əl atıb, tökmə dəmir halqalarını bir-bir qırmağa girişirdi. – Daha mən Həlaku xanım kimi Quranı ayaqlarımın altına atıb tapdaya bilməmişdim!..

– Sən mənim indi-indi durulan qanımı qaraltma, cadugər! – deyə başdan-ayağa yalan danışan, yalan danışa-danışa da özünü inandırıb doğrultmağa cidd-cəhd edən Ərmağan xırıldamaqdan da artıq boğula-boğula davam etdi. – Sən məni öz bihəya üzünlə daha dəli-divanə etmə, fədai balası!

– Əgər Quran qəsəmi qılmaqsız da səndə zərrəcə vicdan, bir iynə ulduzunca insaf-mürüvvət vardırsa, – deyə Məhtaban, oğlunun qatilini məhşərə çəkib, onun qanlı ləkələrlə dolan ürəyini əzib-əzişdirdi, həqiqət şilləsini Ərmağanın üzünə dalbadal ilişdirdi. – Gərək indi-indi qanada qalxan, sən Allahsız bacısının əlləri üstündə qağazlanıb quğuldayan qardaşına qatil olduğun üçün gərək tövbə edib peşman olasan, tüstülənib yanasan, ya tüstün təpəndən çıxa!

– Sən məni bu qoca sayağında cadulaya bilməzsən, Məhəmməd qızı! – Ərmağan Həlaku üstünə çökən, getdikcə artan xofu, vahiməni özündən qovur kimi, sanki damar-dumarı qaralan əlləri ilə onu boğazlayıb boğan həyulaları, dəhşətə dönən Sərəncamın kabusunu iki əli ilə rədd etməyə, fikrindən-xəyalından silməyə çalışırdı. – Əgər mənim bir bici qətlə çatdırmaqda günahım varsa, elə mən bu dünyada da öz günahımın cəzasını çəkərəm!..

– Bu dünyanı bilmərəm! – Məhtaban gözlərini, qabağında boğulmağa başlayan qatilə qarğıdı, – ancaq o dünyada cəhənnəm olmasa da, gərək Xuda özü bir tək sənin üçün yaratsın!

Məngənə arasına alınıb, ruhi əzablar içində sıxılan Ərmağan boğulduqca, daha artıq cəllada çevrilirdi. O, fəqir, məhzun Məhtabanın belə üzə durmağına, cəsarətlə çarpışmağına, məntiqlə vuruşmağına çətin inanırdı. Ərmağan boğulduğuna görə gözlərinə güclü qan gəlir, didələrini tez-tez silirdi... O, atasının ayaq üstə tablamayıb, fərşə döşəndiyini də görmürdü. Nəhayət, təkətəklikdə, pəhləvan qızı ilə cəngcidaldan dönməyən, sür-sümüklü Sərəncamın – həyulanın təkidi ilə onun günüsünü tapdayıb, öz başından rədd etmək istəyən Ərmağan var qüvvəsini toplayıb, təkrarən Məhəmməd qızı Məhtabanın qolundan tutdu, onu Məmalik barigahından qovub, izini-tozunu itirmək istədi. Məhəmməd qızı Məhtaban öz atasının meydan titrədən məğrur nərəsini çəkdi.

– Mən özüm, heç bir kəssiz, heç bir müqavimətsiz mənim bədbəxt balama məzar qazan cəhənnəm məvasını tamamən tərk edəcəyəm!

– Gər səndə zərrəcə qeyrət qalıbsa, nəinki cəhənnəm məvasını gərək biryolluq tərk edəsən, gərək bu uzun boğazını Sərəncam xanımın ata malı daş-qaşından təmizləyəsən, müqabilində möhkəm kəndirə keçirib Savalanın uca bir palıdının yoğun qanadında üzüaşağı asasan!..

– Yox, daha heç yox! – Məhəmməd qızının bütün vücudu rəşəyə gəldi. – Daha mən heç də bu ədalətsiz dünyanı boş-boşuna tərk etməyəcəyəm!

– Yoxsa indi də külli-İranı dolanıb, fərş üstünə döşənən miskin Məmaliki şərəfsizlikdə rüsvay edəcəksən?

– Mən qətlə çatdırdığın tifilimin qanını tələb edəcəyəm!

– Kimdən? – Ərmağan hər necə ağır vəziyyət keçirsə də, xanlıq iştiyaqı ilə şövqə gəlmək, öz boğulmağını ötüb keçmək, keçirdiyi ağır vəziyyətdən özünü xilas etmək, nə vaxtdan qazdığı, dibi görünməyən dərin quyuya düşmək istəmirdi. – Kimdən, kimdən tələb edəcəksən?

– Başsız qalan məmləkətin şahından, Qacarından!.. Şahənşahın özündən!.. Onun özündən əmgəyi iynələnən oğlumun qanını istəyəcəyəm!.. Görək şahənşah özü külli-İran qarşısında Ərmağan Həlakunu öz yox olan ədalət məhkəməsinə necə çəkəcək?! – Məhtaban sanki otaqda deyil, uca təl üstə qalxmışdı. – Əgər külli-İranda belə adil məhkəmə varsa, qoy şərəflə şərəfsizliyi, qeyrətlə qeyrətsizliyi, namusla namussuzluğu külli-aləm qarşısında aydın etsin!.. Qoy şahənşah özü oğul yası içində matəmə batan ananı şəri ərinin evindən qovan, artıq günahsız qan tutduğuna görə boğulan Ərmağanı dünya, aləm qarşısında rüsvayi-cahan etsin! – Məhtabanın şəhadət barmağı titrəmədən hisli keçəyə çevrilən Ərmağanın üstünə uzanırdı.

– Mən yamaqlı boğçaya büküb yadigar saxladığım, atam Məhəmmədin qırağı zəncirəli, qırmızı pəhləvan köynəyini geyəcəyəm!.. Mən İranı addım-addım, qarış-qarış gəzib, dolanıb, necə aldandığımı, necə bismillahla başlanan əqdnamə ilə buxovlanıb acizlik göstərdiyimi, hamısını yerbəyer, cabəca, hər nə varsa, hamısını örtüb-pərdələmədən nağıl edəcəyəm! – Birdən, özü də gözləmədən Məhtabanın qəzəbli gözlərində analığın məhzun-müztərib göz yaşları gəzindi. – Mən külli-İrana haray salıb, beşiyi məzara çevrilən bigünah tifilimin qanını iddia edəcəyəm!.. Mən məsum körpəmin qanını külli-İrandan iddia edəcəyəm! Mən gözlərimdən getməyən, mənim indi qupquru quruyan döşlərimdən özünə ilıq süd istəyən oğlum üçün o qədər şuriş salacağam ki, tain ki, zülmət zindanxanaların dəmir qapıları taybatay açılsın! Ta əli taziyanəli zindançıların qulaq pərdələri yırtılsın!

Məhtaban əl atıb küncdəki sandıqçanı hirslə çəkdi, bismillahla başlanan, göz yaşlarının izləri getməyən kəbin kağızını çıxarıb tikə-tikə cırdı, otaq dolusu səpələdi. Qırıntıların çoxu halı özündə olmayan, fərşə sərilən qoca xanın əyilən saqqalına səpələndi. Məhtaban dönüb əynində hər nə libas vardısa, hamısını bircə-bircə çıxarıb, keçə kimi qaralan Ərmağanın başına çırpdı, özünü unudan kimi lüt-üryan qaldı. Kömürdən də qat-qat betərləşib qaralan Ərmağan Həlaku hər necə boğulsa iblis xırıltısıyla xırıldadı:

– Məmalik xan, özünə gəl!.. Qırışıq torbalar içində sönməyə başlayan gözlərini aç, gör ki, bismillahla başlanan əqdnaməni cırıq-cırıq edib sənin saqqalına səpələyən özünü ana bülbül edib üryanlaşdıran xanımın necədir?

Məhtaban Məhəmməd qızı boğazından boğulan, istehza içində dişləri ağaran Ərmağan Həlakunu heç cür saya salmadan bir zaman soyunub sandıqda saxladığı cır-cındasını bircə-bircə götürüb geyindi. Ərmağan isə xırıltı içində hayqırdı:

– İndi, qoca... sən ilahi, məcnuni eşqinə bax!.. Gör... hansı cındırlı pirə tapınmısan!.. – Ərmağan fərşə sərilən qocanın qolundan qapıb qaldırmaq istədi.

– Qız, əh-va-lım... pəri-şan-dır... – qoca zarıdı. – Mən bivəfa cahandan əli-mi üzü-rəmm!..

– Yoxsa bu cadu sənin ürəyini çalıb özüylə Savalana aparmaq istəyir? – Ərmağan Həlaku xofdan-xofa düşüb, üşütmə üstündən üşütmə keçirirdi. – İndi mən, rütbə-mənsəb gözləyən müsəlləh məmurlara əmr edib sən sehrkarın – fədai qızının dilini kəsdirərəm!..

– Daha növbə mənimdir! – Məhtaban irəli durdu, boğulmağını gizləməyə cəhd edən Ərmağanı analığın qadir zəhmi, pəhləvan cəsarəti ilə yaxaladı. – İntiqam növbəsi daha Məhtaban Məhəmməd qızınındır!..

– Bəlkə sən... bu qiyafənlə... Savalana... çəkilən çoban-çoluq aşnana, sehrkarlara, cadugərlərə... qovuşmaq əzmindəsən, cındırlı pir?!

– Orada nə sənin kimi sehrkar, nə də qardaş qatili cəllad vardır! – Məhtaban öz kör-köhnə paltarından səngərə girmiş kimi atəş açmağa başladı. – Oraya, Savalana çəkilənlər mənim kimi məhkumlar və məzlumlardır!

Ərmağan boğula-boğula, dili dolaşa-dolaşa gülür, acı, qəzəbli dillə söylənirdi:

– Orada acından köpük qusanlar, yalavaclıqdan sitildəyənlər içində azadlığa çıxarsan!..

– Görünür, mənim yolum bir tək orayadır, xanım Həlaku!

– Əlbəttə, əzəldən orayadır! – Ərmağan boğulub güldü, gülüb boğuldu:

– Çün, itqursağı yağ götürməz, yetimçə!..

– Ədəb gözlə, canı boğazına çıxan, Ərdaha mülkü üstündə qardaşını qətl edib, bihədd günahına görə boğulan Ərmağan Həlaku!.. – Məhtaban qəzəblə hayqırınca, Ərmağan qarala-boğula kükrədi: – Sənin yolun Savalana yox... Zülmət zin-dana-dır!..

Ərmağan hər necə ağır vəziyyətdə olsa da, qanrılıb döndü... Korkobud geyiminə girən Məhtaban isə cəld dönüb qədimdən qalan divarları tutan xan silahlarını gözdən keçirdi, sonuncu silah sayılan beşaçılanı, fişəng dolu kəməri götürdü. O, düşmən girinə keçməsin deyə çevikcə başqa yandan darısqal pilləkəni düşüb, əndəruna çıxdı, darvazanı bağlı, əli silahlı məmurları marıqda görüncə, biruna qayıtdı. Üzünə bismillahla bağlanan barını üzüyuxarı dırmanıb o biri tərəfə aşdı...

Müti olan müsəllah məmurlara Məhtabanı dəstigir edib zülmət zindana salmaq barədə fərman verən Ərmağan Həlaku boğula-boğula geri döndü. Məhəmməd qızı Məhtabanı görmədi. Ərmağan yerə sərilən qocanı yaxaladı:

– Sən özünü mərizliyə qoyub məşuqəni qaçırmaqla günahını mənim divanımın qarşısında qanınla yuyacaqsan!

Ərmağan Həlaku qocanı qaldırıb, boğula-boğula da olsa, bərk-bərk silkələyib bütün güc və zəhmlə divara çırpdı. Başı əzilən, beyni oynayan ağ saqqalı al qanına bulaşan, ürək telləri qırılan qoca qızının qədəmlərinə düşdü.

– Sənə, sənə nə oldu? – deyə qan çanağına dönən gözləri dəhşətlə oynayan Ərmağan boğuq səslə soruşa-soruşa qocanın qolundan tutub qaldırmaq istəyincə, isti meyiti üstünə hücuma keçən gördü. Ərmağan səndələyib yıxıldı. Atanın titrəyən isti əlləri hansı ecazlasa qalxıb, qatil qızının boğazına kilidləndi. Ərmağanın qan çanağına dönən gözləri hərlənib kəlləsinə çıxdı. O, nəşə çevrilən qocanın əlindən öz boğazını güclə çıxardı... Duruş gətirməyən Ərmağan dönüb sərsərisayağı qaçdı.

– Qoy hamısı həlakulara... qalsın! – deyə Ərmağanın mühib və dəli-divanə səsi xan barigahını başına aldı. – Qoy indi hər nə varsa... Hammısı... dədə-baba düşmənlərimizə qalsın!..

Daş divarı cəsarətlə aşan Məhəmməd qızı Məhtaban əlində odlu silah komalarına yetişdi, özünün dediyi kimi, cəld yamaqlı boğçanı açıb pəhləvan atasının qıraqları zəncirəli qırmızı köynəyini üstdən geyindi. Dayanmadan Ərdaha obasından çıxıb, üzüaşağı qıjıltılı çaya sallandı... Ay işığında qıvrıla-qıvrıla üzdüyü ağ köpüklü gölün yanından ötdü, qəbiristanlıq tərəfə yol aldı... Bədirlənən ay işığında saqqız ağacları ilə əhatə olunan xan sərdabasını gəzib dolandı, təzə uşaq məzarından iz-əsər tapmadı... Məhtaban, xan sərdabasından dönüb, qəbiristanlığın yoxsul qisminə yönəldi, uçuq-sökük qəbirlərin arasında, kiçicik uşaq məzarını tapdı... Məhtaban, iki il əvvəl qonum-qonşunun palaz-paltarını qıjıltılı çayda yuduğu zaman arada bir yorulunca zoğal dəyənəyinə söykənən kimi, əlinə aldığı odlu silahına söykəndi... Təzə torpaq qoxusu verən xırdaca məzarın üzərinə əyildi... Bu dəfə o, intiqam naminə bismillahla başlanan Qurana qəsəm qılmadı, əmgəyi iynələnən oğlunun qıvrım saçları arasından gözlərinə dəyən qan laxtalarına and içdi..

And içdi ki, daha dayanmadan Savalana qalxıb, ixtilalçılara qarışsın, fədai Məhəmmədin dağ-döş yolunu tutub, Təbrizə varsın, Xiyabani qiyamına qoşulsun!..

Göy göl, İstisu, iyul-avqust, 1962

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

I

Ürəyim, nəfəsim, alim-şair*oğlum Şamoya*

4 мин
II

Göyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.

2 мин
III

Aylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.

8 мин
IV

Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...

8 мин

Стихи других поэтов