Çimnaz xanım yuxudadır
Страница 1 из 3
Bir pərdəli komediya
İştirak edənlər
Qafar – 50 yaşında
Çimnaz – 30 yaşında
Əli – 20 yaşında
Nabat – 18 yaşında
Qafarın evi. Dəhliz və bir neçə otaq.
Çimnaz
Yaxşı ki, Şirinbacı var. Onsuz mən neyləyə bilərdim. Şirinbacı düz deyir, nə olacaq bu dörd divar arasında oturmaqdan? Aləmin gözü açılıb, mən isə qalmışam bu qaranlıq dünyada. Qafar yaxşı iş görmür. Özü dostlarıyla kinoya, teatra, hər yerə gedir. Kef çəkir. Mən yazığı isə heç yerə buraxmır. Mənim teatrım olub bu ev, bu mətbəx. Daha bəsdir. Bir də zəmanə daha o zəmanə deyil. (Saata baxır.) Şirinbacıya söz vermişəm, geciksəm yaxşı olmaz. Qafar onsuz da Balaxanıya xəstə bacısıgilə gedib. Dedi bəlkə bu gün gələ bilmədim. Gəlməsə yaxşıdır. Mən gedim, gecikməyim. Nabat, ay Nabat!
Nabat (gəlir)
Nə var xanım?
Çimnaz
Sənə min dəfə demişəm ki, mənə xanım demə. Mən haranın xanımıyam?! Mən də sənin kimi bir yoxsul qızıyam. Sən mənim kiçik bacımsan. Sən ata-anadan yetim qalanda mən səni kiçik bacılığa götürdüm.
Nabat
Sizdən yerdən-göyə qədər razıyam.
Çimnaz
Nabat, bir də zəmanə başqa zəmanədir. Şirinbacıyla danışmışam. Səni gecə kurslarına göndərəcəyəm. Sən gərək xoşbəxt olasan. Oxuyasan, gözün açıla.
Nabat
Sağ olun, çox sağ olun!
Çimnaz
Məni on altı yaşında ehtiyac üzündən məhəbbətsiz, sevmədiyimə ərə verdilər. Sənin həyatın belə qurulmasın gərək.
Nabat
Düz deyirsiniz. Mən sizə Əlinin barəsində demişdim, mən... onu...
Çimnaz
Yadımdadır! Qorxma... Qafar əminə də deyərəm. O mənim sözümdən çıxmaz... Sizin toyunuzu özüm eliyəcəyəm. İndi çarşabımı ver, görüm, məhləmizin arvadları dilbir olub teatra gedir, məni də özlərilə aparırlar.
Nabat
Tratıra! Tratır nədir?
Çimnaz
Hə teatra... Sən evdən muğayat ol!
Nabat
Məni də aparın da...
Çimnaz
Bəs ev-eşik necə olsun? Nabat, sözümə diqqətlə qulaq as! İşdir Qafar əmin gəlib çıxsa, məbadə mənim otağıma buraxasan. Soruşsa, deyərsən ki, başı bərk ağrıyırdı, özünü pis hiss eləyib tez yatdı. Başa düşdün? Gətir çarşabımı görüm. Bəsdir bu dörd divar arasında oturdum. Baxaq görək teatr necə şeydir?!
Nabat
Buyurun! (Çadranı verir.)
Çimnaz
Nabat... Teatra səni də aparacağam.
Nabat
Gedib geyinim.
Çimnaz
Bu səfər yox, gələn səfər. Sözüm sözdür. Sözlərim qulağında sırğa olsun... İşdir, Qafar əmin gəlsə, deyərsən ki, bərk yatıb, dedi məni oyatmasınlar. Bildin?
Nabat
Bildim. Xatircəm ol!.. Mən sənin bir sözünü iki eləməmişəm, eləmərəm də. Arxayın get!
Çimnaz
Gedək görək teatr nə olan şeydir? (Gedir.)
Nabat
Qaldım yenə tək... Mənim dilimə heç yalan gəlməz, amma Çimnaz xanımın yolunda yalan danışsam, günah olmaz. Gördünüz necə yalvarırdı mənə, yalvarmasaydı, bəlkə də bu işə razılıq verməzdim. Doğrudur, kişidən gizli tratırdır, mıratırdır, nədir ora getmək yaxşı iş deyil. Amma yazıq Çimnaz xanım neyləsin, axı?.. Qafar əmi onu bu otaqlardan bayıra buraxmır. Elə kişilərə elə belə də lazımdır. (Bayırdan səs gəlir.) Aha, səs gəlir. Bəlkə Əlidir. (Qapı arasından baxır.) Hə, özüdür ki, var. Lap yerinə düşdü. Qafar əmi orda, Çimnaz xanım tratırda, bizdə ki, burda... Bir az ordan, burdan danışarıq, könlümüz açılar.
Əli (qapı arasından)
Gəlmək olar?
Nabat
Bilmirəm.
Əli
Evdə deyəsən adam yoxdur.
Nabat
Nə danışırsan, adə. Mən adam deyiləm, heyvanam bəs?
Əli
Sən hələ yarım adamsan.
Nabat
Özünsən.
Əli
Düzdür. Mən də yarım adamam. Çünki, sən də, mən də hələ cavanıq, yarım adamıq. İkimizi birləşdirsələr, onda olarıq tamam-kamal adam. Hə, bu barədə danışdın, nə dedilər?
Nabat
Çimnaz xanımla danışmışam. O, ürəkdən razıdır. Qalıb Qafar əmi – ondan bir az qorxuram.
Əli
Qorxma, qorxma, məhəbbətdə qorxu yaramaz.
Nabat
Əli, üstümə yenə əliboş gəlmisən, adam də istəklisinin yanına əliboş gələr?
Əli
Görünür başdan boşam ki, əliboş gəlmişəm.
Nabat
Başın olsaydı, mənə rast gəlməzdin ki, tez get, bu küçənin başındakı dükandan mənə çərəz-mərəz al, tez gəl. Alçadan, gilasdan. Əlinə nə düşsə al.
Əli
Göz üstə. (Oturur.)
Nabat
Niyə oturdun, get də.
Əli
Gedirəm də.
Nabat
Bəs haçan?!
Əli
İndi.
Nabat
Yaxşı, yubanma, get.
Əli
Gedirəm də.
Nabat
Adə, bəs haçan?
Əli
Elə indi...
Nabat
Məni dığ eləmə.
Əli
Bilirsən nə var?
Nabat
Nə var?
Əli
Deməyə utanıram.
Nabat
Səndə utanan üz olsaydı, mənə rast gəlməzdin. Sözünü de.
Əli
Deyirəm ki, deyirəm ki, yeri, bir yerişinə baxım, sonra uça-uça gedim.
Nabat
Yaxşı, buyur bax. (Nazla yeriyir.) Bu da mənim yerişim.
Əli
Can-can, ayağını yerə asta bas, canım çıxdı... Belə sənin yerişinə bu quru canım qurban... Doşab almışam bal çıxıb ki... Mən getdim... (Qaçaraq gedir.)
Nabat
Yaman zarafatcıl oğlandır... (Oxuyur.)
Sevgisiz ürək olmaz,
Nə gül, nə çiçək olmaz.
Könül sevməyən gözəl
Gözümdə göyçək olmaz. Əli gələnəcən gedim mətbəxə çay hazırlayım. (Gedir.)
Qafar (gəlir)
Vay, vay nə yaman yoruldum!.. Deyəsən evdə heç kəs yoxdur. Görəsən, bunlar hardadır... Onu da çox yaxşı bilirəm ki, indi Çimnaz xanım məni görən kimi sevindiyindən körpə uşaq kimi atılıb-düşəcək. Çimnaz xanım elə bilir ki, mən bu saat kənddə xəstə bacımın yanındayam.
Əgər doğrudan o bilsə ki, mən hardaydım, ya od vurub özünü yandırar, ya da evdən baş götürüb ömürlük qaçar. Əslində mən xəstə bacımın yox, köhnə tanışım Tanyuşanın yanındaydım. Mənim ona da yazığım gəlir. Tanyuşa məni görən kimi ağladı. Mənə vəfasızsan dedi. Oturub şirin-şirin söhbət eləyirdik ki, birdən qulluqçu loxəbər gəlib dedi: “Xanım, əfsər gəlir, əfsər gəlir”. Tanyuşanın rəngi oldu meyit rəngi... Mənim ürək-göbəyim düşdü. Dedim: əfsər xeylağı harsı-parsı bilmir, yaxşı, birdən çaxdı gülləni təpənə, öləndən sonra əfsərə neyliyə bilərsən. Qaldım məəttəl, özümü hansı deşiyə soxum. Sağ olsun, yenə Tanyuşa. Məni dal qapıdan ötürdü. Asta qaçan namərddir deyib düz buracan yortmuşam. Əslinə baxsan heç bu əzab, əziyyətə dəyməzdi. Tanyuşada daha əvvəlki Tanyuşalıq qalmayıb, yox doğrudan qalmayıb, üz-gözündəki rəngləri yuyub silsən lap xortdana oxşayar. Yox, Qafar bu səninçin dərs olsun.
Çimnaz xanım ayrı cür arvaddır. Özü gözəl, xasiyyəti özündən də gözəl. Yox, yox, biz kişilər öz arvadlarımıza doğrudan da zülm eləyirik. Götürək elə mənim özümü. Xudanəkərdə mən arvad olmuş olsaydım, ərimin belə işlərinə tab gətirə bilməzdim. Öz xasiyyətimi çox gözəl bilirəm. İşdir, arvad olsaydım, dünyada heç bir kişiylə yola getməzdim. Yox, getməzdim. Mən öz xasiyyətimi bilirəm axı. Çimnaz xanım o açıq gəzən, klublara, teatrlara gedən arvadlardan olsaydı, çoxdan mənim atamı dalıma sarıyardı. Bundan sonra ehtiyat lazımdır, ehtiyat. İndi zəmanə başqa zəmanədir. Əllaflıqla otuz ildə qazandıqlarım sabun köpüyü kimi havaya uçub gedər. Yox, mən də özümə bir gün ağlamalıyam... Çimnaz xanım yaxşı arvaddır, qoy gedim onun könlünü alım. (Yataq otağına gedərkən Nabat məcməyidə çay gətirir. Qafarı görən kimi özünü itirir. Məcməyi əlindən yerə düşür.)
Nabat
Vaxsey, ağam, vay...
Qafar
Zalımın qızı, neylədin?
Nabat (dili söz tutmur)
Mə, mə, mə, mə...
Qafar
Qoyun kimi niyə mələyirsən? Dillənsənə.
Nabat
S. s. s. s. s. Sən kəndə getməmişdin?
Qafar
Yox, maşına gecikdim. Tez bu zibilini yığışdır.
Nabat
Bu saat... Qafar əmi, sizə nə olub, rənginiz ağarıb?
Qafar
Necə?! Ağarmışam?! Bir az yorğunam. Onunçun...
Nabat (kənara)
Nə yaman yerdə günü axşamladıq. İndi mən buna nə dil töküm ki, sözümə inansın.
Qafar
Nabat, qızım, tez iki nəfərlik süfrə hazırla.
Nabat
Qafar əmi, məgər qonağınız gələcək?
Qafar
Nə qonaq?!. Biri mən, biri də Çimnaz xanım.
Nabat (süfrə düzəldir)
Nə deyirəm ki. (Kənara) Bu saat Çimnaz xanımla üzbəüz oturub şirin-şirin söhbət elərsən.
Qafar
Qoy onu özüm bura gətirim, Çimnaz hansı otaqdadır?
Nabat
Yataq otağında.
Qafar
Çox əcəb... (Qapıya doğru gedir.)
Nabat
Yox, əcəb baş tutmayacaq. Qafar əmi, qurban olum... olmaz...
Qafar
Necə... sən nə danışırsan, çəkil görüm.
Nabat
Mən çəkilməyəcəyəm... Sən qapıdan çəkil.
Qafar
Yum ağzını. Səni korlayan o Çimnazdır, Çimnaz. Sənin nə haqqın var, mənə söz qaytarasan! Çəkil qabağımdan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-cimnaz-xanim-yuxudadir
Другие произведения автора
Стихи других поэтов
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Ay nənə, bir qırmızı saqqal kişi!Ой, мама, с красной бородой старик -Яхши лабазник, не простой старик.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır