Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq həyatıma xeyirxah təsir buraxmışdır. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın görünür.

Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara rast gəlirik.

Bu yaxınlarda bir təşkilatdan mənə belə sual verdilər: “Mayakovski Bakıda olarkən aşıqlarla görüşməsi və bir aşığın sazına rus aşığından Azərbaycan aşığına” sözünü yazması doğrudurmu? Bir jurnalist bizə bu haqda bir məqalə yazmışdır. Mən bu sualı verən yoldaşa bildirdim ki, Mayakovski Bakıda aşıqlarla görüşmədiyinə görə bir aşığın sazına, deyilən sözü də yaza bilməzdi...

Mayakovskinin şeirlərilə 1925-ci ildən tanışdım. Onun özünə və yaradıcılığına dərin hörmət və məhəbbət bəsləyirdim.

Ədəbiyyata təzəcə həvəs göstərdiyimiz və rus sovet şairlərindən öyrənməyə can atdığımız illər idi.

O zaman rus sovet şairlərinin əsərlərini diqqətlə izləyib öz respublikamızda yeni inqilabi sovet ədəbiyyatı uğrunda mübarizə aparırdıq. “Sənət sənət üçündür” nəzəriyyəsinin tərəfdarları, mücərrədçilər, formalistlər, simvolistlər yaranmaqda olan yeni poeziyamızın inkişafına əngəl törətmək istəsələr də, onlar öz arzularına nail ola bilmirdilər.

O zaman respublikamızın daxilində künc-bucaqda maskalanmış pantürkistlər, millətçilər Azərbaycan yazıçılarının öz rus qələm dostlarıyla yaxınlaşmasına mane olmaq istəyirdilər. Onlar iradəsi zəif, sinfi görüşü yetişməmiş, bəzi gəncləri həqiqət yolundan müvəqqəti azdırsalar da, lakin öz murdar niyyətlərinə nail ola bilmirdilər...

Mətbuat səhifələrində tez-tez rus yazıçı və şairlərinin gözəl əsərlərini çap edib geniş oxucu kütlələri arasında yayırdıq. O illərdə Moskvadan Bakıya tez-tez yazıçılar və şairlər gəlirdi. Onlarla yaxından görüşümüz yeni inqilabi poeziyamızın inkişafı üçün çox xeyirli olurdu.

Məsələn, dahi sovet yazıçısı Maksim Qorkinin Bakıya gəlməsi və biz gənc yazıçılarla müsahibəsi ədəbiyyatımızın inkişafı üçün çox əhəmiyyətli bir hadisə oldu.

Mayakovski Bakıya 1927-ci ilin dekabr ayında gəldi. Onun şeir gecələrinin iri, maraqlı afişaları Bakı küçələrinin bəzəyi oldu. O vaxt Azərbaycan proletar yazıçıları cəmiyyəti indiki Akademiya binasının ikinci mərtəbəsində yerləşirdi.

Mən cəmiyyətin məsul katibi vəzifəsində çalışırdım. Gənc yazıçı və şair dostlarım Mayakovski ilə necə görüşmək haqda söhbət edirdi. Onun yanına nə zaman gedəcəyimizi düşünürdük. Bir qədər sonra mən qapı arxasından gələn cürətli sərt addım səsləri eşitdim. Qeyri-ixtiyari, lapdan yoldaşlarıma: “Odur, Mayakovski özü bura gəlir” – dedim.

Mənim bu sözüm həqiqətə çevrildi. Qapıdan içəri ucaboylu, enlikürəkli, uzun qollu bir adam girdi. Cəld ayağa qalxdıq. O iki iri addım atmaqla bizim stola yaxınlaşdı. Əllərimizi bir-birimizə uzatdıq.

O: – Mayakovski – dedi. Sevincimizin dərəcəsini dillə demək çətindir. Oturub söhbətə başladıq. Mayakovskinin söhbətə başlaması o qədər sadə və səmimi oldu ki, biz özümüzü çox sərbəst hiss etdik.

Mayakovski təşkilatımızın nə kimi ədəbi qüvvəyə malik olmasıyla maraqlanırdı. O, bizdən nəşriyyatlarla əlaqəmizi, kitablarımızın necə yayılmasını soruşdu.

Onu bizim əsərlərimizin mövzusu, Bakı neftçilərilə nə kimi əlaqəmiz olduğu çox maraqlandırırdı. Söhbət əsnasında dedi ki: “Biz əsərlərimizi özümüz üçün yazmırıq. Özümüz üçün yazsaydıq nəşr etməyə ehtiyac qalmazdı. Biz əsərlərimizi geniş oxucu kütlələri üçün yazırıq. Buna görə də ilk növbədə əsərlərimizi onlara oxuyub fikirlərini öyrənməliyik. Xüsusilə siz Bakı şairləri fabrikalarda, zavodlarda fəhlələrlə, mədənlərdə neftçilərlə əlbir işləməlisiniz. Bunsuz yeni ədəbiyyat yaratmaq olmaz. Sizin oxucularınız onlardır! Oxucusuz şair olmaz”.

Biz ona harada və nə kimi çıxışlar etdiyimizdən danışdıq.

Mayakovski Moskvada yaşasa da, bizim Bakı həyatilə yaxından tanışdı. Ədəbiyyatımız haqqında ötərgi məlumatı vardı.

O, bizə deyirdi: “Gənclər üçün müvəffəqiyyətdən baş gicəllənməsi qorxulu xəstəlikdir”. Sonra Mayakovski dedi:

“Klublarda, mədəniyyət saraylarında təşkil etdiyimiz ədəbi gecələrə kütlələrdə maraq, ehtiyac oyatmaq lazımdır. Qoy oxucularda şairlərin yeni əsərlərini dinləməyə daxili, bədii ehtiyac oyansın. O zaman şairin şerinə məhəbbət bəsləyən, onu dinləməyə ehtiyac hiss edənlər belə gecələrə axın-axın gələr. Bunun böyük əhəmiyyəti var”.

Biz onunla iki saata qədər səmimi söhbət etdik. Böyük şair qardaşımız Vladimir Mayakovskinin Bakıya gəlişi və bizimlə açıq, ciddi söhbət etməsi hamımızda böyük ruh yüksəkliyi oyatdı.

Müsahibədən sonra küçəyə çıxdıq. Onunla birlikdə şəhərin küçələrini gəzərkən yol keçənlərin hamısı dönüb heyran-heyran bu pəhləvan gövdəli, iri addımlı şairə baxırdı.

Hamı – Mayakovski... Mayakovski... deyirdi. Mayakovskinin ədəbi gecələrindən biri mədəniyyət sarayında (indiki akademiyanın binasında) oldu. Salon ağzına qədər adamla dolu idi. Burada əsas etibarilə ziyalılar, müəllimlər, mühəndislər, yazıçılar, tələbələr toplanmışdı.

Biz gənc şairlər salonun orta sıralarında bir yerdə oturmuşduq. Bizi bu gecəyə şəxsən Mayakovski özü dəvət etmişdi. Budur, Mayakovski səhnədə göründü. Salon hərəkətə gəldi. Alqış sədaları salonu bürüdü. Gecəni özü açıb özünə söz verdi. O, salondakılara ən gözəl əsərlərindən biri olan “Xoroşo” poemasını oxudu. Mayakovski poemanı oxuyub qurtarandan sonra hamımız onu ürəklə alqışladıq. Bir nəfər ona belə yazmışdı: “İnsanın qəlbində boşluq olanda, onun iki çıxış yolu var. Biri susmaqdan digəri isə bağırmaqdan ibarətdir. Siz nə səbəbə ikinci yolu seçmisiniz?”

Mayakovski əsla pərt olmadı. Lakin biz onun halına acıyırdıq. Onu ürəkdən sevən, poeziyasına pərəstiş edənlər cərgəsində tək-tük nadanların olması və belə hərəkət etməsi bizi əsəbiləşdirirdi. Mayakovski bu sualın müəllifinə belə cavab verdi:

– Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da var. O da belə axmaq suallar yazmaqdan ibarətdir.

Bütün salon gülüşdü. O bu cavabilə bizim ürəyimizdən tikan çıxartdı. O vaxt bir para adamlar unudurdular ki, Mayakovski artıq yaşıl koftalı Mayakovski deyildir.

Mayakovski bir sıra ölməz poemaların və şeirlərin müəllifidir. Mayakovskinin günləri Bakıda çox mənalı və səmərəli keçirdi. Fəhlələrin xahişilə Mayakovski ilə birlikdə Paris Kommunası tərsanəsinə getdik.

Bu görüş günorta yeməyi saatında oldu.

Mayakovskinin tərsanəyə gəlişi dalğa kimi fəhlələr arasına yayıldı. Tərsanənin mexaniki şöbəsinə bir neçə yüz fəhlə toplaşdı. Mərhum yazıçı Mixail Kamski, Mixail Yurin də buradaydı. Bəli, burada təntənəli, bəzəkli şərait yoxdu. Burada sovet şeri dəzgahlar arasında, əmək qəhrəmanları üçün səslənməli idi. Sexdə dərin sükut hökmfərma idi. Mayakovski burada da özü yığıncağı açıq elan edib özünə söz verdi. Fəhlələr Mayakovskini böyük diqqət və maraqla dinləyib onun poeziyasına valeh olduqlarını öz gurultulu alqışlarıyla bildirdilər.

Dəzgahların ahənginə öyrənmiş qulaqlar yeni əsrimizin yeni şeir ahəngini öz zəhmət himni kimi dinləyirdi.

Fəhlələr Mayakovski şerinin ahəngində, vəznində öz zəhmətlərinin ahəngini, musiqisini duyub şairə minnətdarlıqlarını bildirirdilər. Şair üçün bundan da böyük səadət olarmı?

Bir gün Mayakovski, Mixail Yurin və mən yazıçı Mixail Kamskinin Razin qəsəbəsindəki evində qonaq olduq. Mayakovski Kamskinin qonşuluğundakı fəhlələrin mənzilləri və yaşayışlarıyla tanış olmaq niyyətilə qocalarla, cavanlarla söhbətə girişdi. Biz Mayakovskidən Azərbaycan proletar yazıçıları ilə birlikdə ədəbi gecə təşkil etməyi xahiş etdik. Ədəbi gecəmiz dekabrın 6-da “Maarif evində” (indi həmin yer Sabir bağıdır) keçdi. Bu gecə Mayakovski bir-birinin dalınca xeyli gözəl şeir oxudu.

Sonra yenə qaydası üzrə oxucularla söhbətə başladı. Mayakovski salona xitab edərək: “kim mənim oxuduğum şeirləri başa düşməyibsə, kim, ümumiyyətlə, mənim şeirlərimi oxuya bilmirsə əlini qaldırsın” dedi.

Salonda bir uğultu oldu. Hamı bu suala təəccüb etdi. Çünki bir az əvvəl hamı onu dərindən başa düşüb alqışlamışdı.

Biz Mayakovski ilə birlikdə bir xatirə olsun deyə şəkil çəkdirməyi qərara aldıq. O vaxt indiki “Nərgiz” kafesinin yerində ikimərtəbəli köhnə bir bina vardı. İkinci mərtəbədə Breqadze adlı yaxşı bir fotoqraf işləyirdi. Bakıya gələn böyük simaların, hörmətli yazıçıların, sənətkarların və dövlət xadimlərinin şəkillərini o çəkirdi.

Mayakovski ilə bərabər fotoqrafxanaya getdik. Biz Hüseyn Cavid, Məmməd Arif, Mixail Yurin, Mixail Kamski Q.Stroqonov, P.Tarasov və bir neçə başqa şairlə birlikdə şəklimizi çəkdirdik. Bu bizimçin ən əziz, ən qiymətli xatirədir.

Mayakovski Bakıdan çox razı getdi. Moskvada təhsil aldığımız illərdi. Proletar yazıçılarının Azərbaycan seksiyası təşkil edilmişdi. Bu seksiyada Səməd Vurğun, Əli Nazim, Osman Sarıvəlli, Məmməd Əkbər, Əbdülbaqi Fövzi, Beydulla Musayev və başqa gənc yazıçı və şairlər vardı. Biz hamımız Mayakovskinin Moskvada təşkil etdiyi ədəbi gecələrə gedib onu böyük maraqla dinlərdik. 1930-cu il idi. Yazıçılar evində Mayakovskinin ədəbi fəaliyyətinin 20 illiyi qeyd olunurdu. Mən bir neçə dostumla oraya getdim. Orada Moskva yazıçılarından yalnız iki nəfəri görə bildim. Bu iki nəfərdən biri “İnsan cildini dəyişir” romanının müəllifi məşhur polyak yazıçısı Bruno Yasenski, digəri şair Bezımenski idi.

Salonda oturanların çoxu fabrikalardan, zavodlardan gəlmiş ədəbiyyat həvəskarları, yeni yazanlardı.

Mayakovski öz yubiley iclasını açıq elan edib özünə söz verdi. O, yubiley gecəsində çox mənalı bir nitq söylədi. Mayakovskinin ədəbi fəaliyyətinin 20 illiyi münasibətilə yazıçılar evinin foyesində təşkil olunmuş maraqlı sərgiyə axın-axın gənclər, müəllimlər gəlirdi. Həmin sərgidə fəhlə ilə kəndlinin qardaşlığını göstərən bir rəsm nəzərimi cəlb etdi. Bu rəsm mənə tanış gəlirdi. Bu rəsmin hardan və necə buraya düşdüyünü sərginin təşkilatçısından soruşdum. Məlum oldu ki, bu rəsmi Mayakovski Bakıdan gətirmişdir. Bəli, bu rəsm bizim xalq rəssamımız Əzim Əzimzadənin işi idi. Bəlkə də bu rəsmi ona Əzimzadə özü bağışlamışdı. Bu sərgidə şairin müxtəlif illərdə çap olunmuş kitabları, plakatları, əlyazmaları, afişaları, karikaturaları, şarjları fotomontajları vardı.

Mayakovskini son dəfə 1930-cu ilin fevralında Yazıçılar evində gördüm.

Moskva yazıçılarının növbəti konfransı keçirilirdi. Konfransın son günü idi. Bir sıra cansıxıcı çıxışlardan yaxa qurtarıb bufetdə çay içməklə məşğulduq. Birdən tənqidçi dostum Sutirin mənə yaxınlaşıb dedi:

– Burda niyə oturmusan? Tez salona keç. Yoxsa çox şey itirmiş olarsan!

Mən cəld salona cumdum. Mayakovski tribunada idi. O, əvvəlcə “Rappa” qəbul edilməsi haqda öz ərizəsini oxudu. Salondakılar ayağa qalxıb onu qızğın alqışladılar. Təbrik etdilər. Mayakovski sonra cibindən kibrit qutusundan bir az iri dəftərçə çıxarıb ordan bizə ilk dəfə “Vo vse qolos” poemasından parça oxudu. Bu şeir öz orijinallığı, öz bədii qüvvətilə hamımızı sarsıtdı. Salonda alqış sədaları çox uzun sürdü. Mayakovski şeri ikinci dəfə oxudu. Mayakovskinin Rusiya proletar yazıçıları ittifaqına qəbul olunması səsə qoyuldu.

Hamımız qırmızı mandatlarımızı bayraq kimi qaldırıb ona ürəkdən səs verdik. Mayakovski üzvlüyə qəbul edildikdən sonra üzünü köhnə “Rappçılara” tutub belə dedi: “Mən bu gündən “RAPP”ın üzvüyəm. Lakin onun daxilində müəyyən məsələlərdə prinsipial mübarizəmi davam etdirəcəyəm!

Mayakovskini bir daha görmədim. Son görüş çox acı və kədərli oldu. Aprelin 14-ü idi. Saat 11 radələrində Moskva meydançalarının birində idim. Burada tanıdığım iki gənc yazıçı məni saxladı. Bunlardan biri dostum idi. Biz onu öz adıyla çağırmadıq. Aramızda onun adı “Jivoy çelovek” idi. Çünki o iclaslarda çıxış edərkən bu sözü həddindən çox işlədərdi.

Dostum qəmgin bir tövrlə mənə dedi: “Bilirsənmi, deyirlər Mayakovski intihar etmişdir. Evləri bu yaxındadır. Biz oraya gedirik”.

Bu xəbər məni sarsıtdı. Onun dediyinə inanmaq istəmədim. Onlarla birlikdə bir həyətə girdik. Bir qapının ağzında qapalı, qara təcili yardım maşını dayanmışdı. Tanıdığımız bir neçə Moskva yazıçısı həyətdə başıaşağı, kədərli durmuşdu. Gözlərimiz yaşardı. İki gün sonra bu böyük itkidən ürəyi qana dönmüş biz gənclər onu qəbiristanlığa qədər müşayiət etdik.

Lakin Mayakovski öz poeziyası ilə bu gün də bizim novator ədəbiyyatımızın ön sırasında dayanmışdır. Onun inqilabi, alovlu poeziyası sabah da yaşayacaqdır.

İyun 1963

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов