Mikayıl Müşfiq
Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında.
Mikayıl Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı sıralarına Müşfiq Sabir kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o vaxt kitabxanaların və məktəblərin hamısında ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərdə istedadlı gənclər az deyildi. Biz şəhərimizdəki kitabxanaları, məktəbləri gəzib böyük maraqla divar qəzetlərindəki ədəbi parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında “Gənc işçi”də məqalələr yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik. İstedadlıları qızıl qələmlər ittifaqına cəlb edərdik.
Müşfiq bu dərnəklərdən birində ilk qələm təcrübəsi ilə məşğul olan ən istedadlı bir gəncdi. O ilk addımlarından gənclərin nəzərini şeirlərinə cəlb edə bilmişdi. Qızıl qələmlər ittifaqında Müşfiq bizimlə birlikdə yeni, novator sovet poeziyası uğrunda mübarizə aparanlardan biri oldu.
Qaynar gəncliyimizin romantik çağları, xoş şirin arzularla keçdi. Keçdiyimiz şərəfli yollarda birimiz az, birimiz çox büdrəmişik. Lakin yenə qalxıb əzmlə yolumuza davam etmişik. Gənclik illərimizdə biz kommunist partiyamızın, komsomolumuzun qayğısını, köməyini həmişə duyurduq.
Yeni dünyamızın mahnılarını yaratmaq uğrunda fədakarlıqlar göstərməyə can atırdıq. Komsomolun orqanı “Gənc işçi” qəzetinin səhifələri şeirlərimizə, ədəbi mübahisələrimizə həmişə açıq idi. O vaxt inqilabi poeziyamızın sevilə-sevilə oxunan yaradıcılarından biri də Müşfiq idi. Onun şeirlərində zəmanəmizin əlamətdar hadisələrinin tərənnümü xüsusi yer tuturdu. Musiqi kimi səslənən bu səmimi, ürək çırpıntılarıyla dolu şeirlər dildən-dilə düşürdü.
Şeirlərin ahəngi Bakı təbiətilə sıx bağlıydı. Onlar gah xəzri kimi sərt, gah gilavar kimi mülayim səslənirdi. Müşfiq doğrudan da gözəl insan, gözəl dost, gözəl şairdi.
Müşfiqin hərəkətləri, insanlarla rəftarı şairanə idi desək, yanılmarıq. Evdə, gəzintilərdə, məclislərdə, tribunalarda, fabriklərdə, zavodlarda şeir oxumaqdan aldığı zövqü dillə söyləmək çətindir.
Onun ürəyindəki dilindəydi, dilinə yalan söz gəlməzdi. Yalan danışanlarla dostluq etməzdi, həmişə öz fikrini açıq, aydın söylərdi. Bir haqsızlıq gördümü, tez coşub özündən çıxardı. Dostunun, yoldaşının eybini, nöqsanını üzünə deyərdi. Şair dostlarının sevincinə sevinər, dərdinə ürəkdən şərik olardı. Özü bir səhv etdikdə düşünmədən dərhal “səhv etmişəm” deməzdi. O bunu ancaq öz səhvini dərindən dərk etdikdən sonra etiraf edib üzr istərdi. Yadımdadır, gənclik illərimizdə mən Müşfiqi tənqid etmişəm, Müşfiq də məni. Hətta bu öz əksini o illərin mətbuat səhifələrində də tapmışdır. Bununla belə Müşfiqlə bir süfrədə duz-çörək kəsməkdən, heç vaxt uzaq olmamışıq. O illərdə vaxtımız restoranlarda sağlıqlar deməklə yox, ədəbi yığıncaqlarda və evlərdə poeziyamızın inkişafı haqqında düşünməklə, qızğın ədəbi mübahisələrlə keçmişdir. Onu da deyim ki, bizim məktəb müəllimlərimizə böyük, dərin məhəbbətimiz vardı. Özümüzdən yaşlı yazıçı və şairlərə hörmətimiz sonsuzdu. Onların söhbətlərindən həmişə zövq alardıq. Onlar üçün həmişə ayağa qalxardıq. Bu kimi hərəkətlərdə Müşfiq aramızda birincilərdəndi. Mikayıl Müşfiq kiçik yaşlarından yetim qalmışdı. Hamımız çalışırdıq ki, o, bunu hiss etməsin. Bizim analarımız ona analıq edirdilər. Onu öz övladları qədər sevirdilər. Müşfiq isə bizim analarımızın dilini bizdən yaxşı bilirdi.
Evlərimizə gələndə tez analarımızı bağrına basıb kefini, əhvalını xəbər alardı. Analarımız da onu öz övladları kimi qucaqlayıb öpərdilər. Analarımız “qoy Mikayıl bizə tez-tez gəlsin” deyərdilər.
Yadıma Müşfiqin bir beyti düşür:
Gəl, Süleyman, çıxalım bir yarışa,
Çıxalım mövzu üçün axtarışa.
Doğrudan da o illərdə yeni-yeni əsərlər yaratmaq uğrunda yarışırdıq. Həmişə axtarışlar aparırdıq. Bir dəfə 1935-ci ildə Rəsul Rza, Müşfiq və mən Novxanıdakı bağımıza getməli idik.
Binəqədiyə qədər dar dəmir yoluyla getdik. Orada qazalaq tapmadıq. Nəhayət, əlacsız qalıb Novxanı kəndinə şalbandan qayrılmış dəmir, daş daşıyan arabanın sürücüsüylə danışdıq, o bizə dedi ki, bu araba sizi əldən sala bilər. Müşfiq təkid etdi ki, “eybi yoxdur, bunun da bir başqa aləmi var. Yolda sizə təzə şeirlərimdən oxuyacağam. Başımızı şeirlə qarışdırıb kəndə rahatlıqla çatarıq”. Belə də oldu. Bütün yol boyu Müşfiq bizə şeir oxudu. Yolun əziyyətini hiss etmədik.
Novxanı kəndindən isə piyada özümüzü bağlara yetirdik. Anam və atam dostlarımın gəlişinə çox sevindilər. Bir neçə gün səhər və axşam dənizdə çimdik. Qumlar üstündə özümüzü günəşə verdik. Hətta güləşdik də. Novxanı bağlarının şirinlikdən boğazları yandıran ağ şanısından, göbəyindən bal daman əncirindən yedik. Nərd oynadıq. Şeirlər oxuduq.
Bakılılar çox yaxşı bilir: bizim Abşeron kəndlərində dəvə ətindən bişirilmiş qutab ən ləziz yemək hesab olunur. Xüsusilə, Novxanıda tez-tez dəvə kəsilərdi. Hər cümə axşamı qəssabxanadan bir nəfər dəvə üstündə bütün bağ yollarını dolaşıb “ay dəvə əti alan” deyə hamıya car çəkərdi. Hamı bilirdi ki, həmin dəvənin əti səhər qəssabxanada olacaqdır.
Bakılılar buna çox sevinərdilər. Lakin vətənimizin başqa yerlərindən gəlmiş dostlarımız dəvə ətindən xörək bişirilməsinə çox təəccüblənirdilər. Dadlı qutab yeyəndən sonra, bu ətin qutab üçün nə qədər gərəkli, dadlı olduğunun şahidi olurdular. O vaxt biz bağlarda tez-tez toplaşardıq. Hətta sevimli müəllimlərimizi bağımıza hörmətlə qonaq aparardıq.
Abdulla Şaiq, Seyid Hüseyn, Cabbar Əfəndizadə, həftələrlə bağlarımızda əziz qonağımız olurdular. O zaman belə görüşlər biz gənclər üçün çox faydalı idi. Söhbətlərimiz təhsildən, ədəbiyyatdan və gələcəkdən, həyatda tutacağımız mövqe haqqında gedirdi. Müəllimlərimizlə birlikdə respublikamızın bir sıra şəhərlərində və qardaş respublikalarda səfərdə olmuşuq.
Məsələn, Cəlil Məmmədquluzadə, Haqverdiyev, Cəfər Cabbarlı, Abdulla Şaiq, Sanılı, Seyid Hüseyn kimi qələm sahiblərilə birlikdə Gürcüstanda keçirdiyimiz günləri mən indi də unuda bilmirəm. Bu səfərdə Müşfiq də bizimlə olmuşdur. Bu səfər zamanı söhbət yenə ədəbiyyatdan gedirdi. Xüsusilə biz gənc şairlərin söhbəti həmişə şeirdən olurdu.
Müşfiqin Füzuli, Nəsimi, Vaqif, poeziyasına dərin məhəbbəti vardı. Bu şairlərin əksər şeirlərini əzbərdən deyirdi. Bəzən biz ona sinədəftər Müşfiq deyərdik. Çünki onun sinəsi şeirlərlə doluydu. İndi də Müşfiqin ürəkdən gələn şeirləri gözəl mahnı kimi dodaqlardan düşməyir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-mikayil-musfiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şair, gəl dostunun ömrün boyuncaKönlündən keçəni bilməyi bacar.
Vicdanımsan, Azərbaycanım!Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,Əzəmətli bir ölkəsən, Azərbaycanım!
İnqilab baharımızBaharların baharıdır bu inqilab baharımız,Könüllərin vüqarıdır bu inqilab baharımız.
Çörək kimi...Xoşbəxtəm ki, yazıb-pozan şairlərdən biriyəm,İş başında insanların köməyidir şerimiz.
Стихи других поэтов
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Aşıq Valehlə aşıq Mahmudun 2-ci deyişməsiİkinci deyişmə*Aşıq Mahmud
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,