Yeni kəndin işıqları
Təbiətin qucağında, doğma Xəzər qırağında,
Qəhrəmanlar ocağında, kefimizin şən çağında
Yeni kənddə yarı gecə gəzişirik küçə-küçə,
Seyr edirik gözəlliyi, dəqiqələr getmir heçə.
Ay göylərdən işıq səpir, yollarda ən kiçik ləpir
Gözə çarpır ayna kimi. Göy əyilib yeri öpür.
Aydın görər insan oğlu, nə arasa bizim yerdə,
Tamaşaya baxan kimi şəkil-şəkil, pərdə-pərdə.
Gen qapı tək ardınacan açıb xallı qanadını,
Qara, xumar gözlərilə gecə süzür “Boladı”nı.
Rəssamlara gəl, gəl, deyən bir lövhədir, baxsan hara,
Hər il bu vaxt min arzuyla havaları yara-yara,
Dəstə-dəstə, qatar-qatar quşlar bura köçüb gəlir.
Yad ellərdən, dost ellərdən, uzaqlardan uçub gəlir.
Sanki qızıl mıx vurulub
Göy üzünə ulduzlardan.
Yeni kəndsə işıq ummur
Nə aydan, nə ulduzlardan.
Göz gəzdirib nə görürük,
Tüstü qalxır bacalardan.
Soruşuruq dost evini
Cavanlardan, qocalardan.
Asimana bülənd olur
Cavanların ürək səsi,
Şux qızların, gəlinlərin
Dalğa-dalğa xoş nəğməsi.
Hər qapıdan bir baş çıxıb
Deyir: bizə qonaq gəlin!
Boldur bizdə otaq, gəlin!
Gəlin, təzə çay dəmləyək,
Siz danışın, biz danışaq...
Qonaq üçün gözlərini
Yola dikib oğul-uşaq.
– Çox razıyıq, deyib təkrar,
Dolaşırıq küçələri.
Nə gözəldir, nə qəşəngdir
Yeni kəndin gecələri!
Dostum gülür, mən gülürəm,
Ürəyimdən qopan şerin
Hər sözü, hər bəndi gülür.
Gəzə-gəzə gəlib çatdıq
Bir qapıya ən nəhayət.
Sinəmizi dolduraraq
Gecənin saf havasıyla,
Başımızı əyə-əyə,
Meynəliklər arasıyla,
Keçib girdik gəl-gəl deyən,
Gur işıqlı bir otağa.
Çil-çıraqlı, bər-bəzəkli,
Yaraşıqlı bir otağa.
Su gətirdi ev gəlini,
Yuyub sildik əlimizi.
Bax, bununçun mən sevirəm
Azad, xoşbəxt elimizi.
Az qalırdı bolluğundan
Partlasın bu geniş otaq.
Dedim: – Bu ev az görməyib
Bizim kimi əziz qonaq.
Pəncərədə böyük, kiçik
Cərgə-cərgə dibçəklər var,
Dibçəklərdə ətir saçan
Çeşid-çeşid çiçəklər var.
Gümüş kimi ağ samovar,
İpək yorğan, ipək balış.
Belə evdə hiss edilməz,
Qopsa tufan, yağsa yağış.
Gözə çarpır pianonun
Dillərində barmaq yeri.
Böyük xalı üzərində
Qədəm yeri, ayaq yeri.
Qonaqlara qaş, göz edir
Şkafdakı piyalələr.
İnsan bir el bayramına
Düşdüyünü xəyal elər.
Düzülmüşdür sıra-sıra
Büllur vaza, çini kasa.
Yadlar görsə bu cəlalı,
Düşər dərdə, batar yasa.
Daş aynanın dövrəsində
Ailənin şəkilləri
Hər şəkilsə xatırladır
Ötən mənalı illəri.
Ev sahibi söhbət açır
Öz varından, dövlətindən.
Kolxozçunun məna dolu
Ağ günündən, zəhmətindən:
“Hər kimin ki, qeyrəti var,
Məhəbbətlə işləyəcək.
Yaxşı deyib bizim ellər:
Kim işləsə dişləyəcək.
Nə gizlədək, işləmişik,
Bunu görür, bilir hamı.
Bir orduya bərabərdir
Bizim kəndin hər adamı...
Vətənə tez dönüm, deyə,
Cumurdum qan ocağına.
Tapdayaraq tüpürürdüm
Faşistlərin bayrağına.
Artıq doğma kəndimdəyəm,
El içində hörmətim var.
Kolxozun bu cəlalında
Az da olsa zəhmətim var...
Fəxr edirəm şöhrətimlə,
Bu kolxozun mənəm sədri.
Məhsuluma göz gəzdirin,
Bu “ənbərbu”, bu da “sədri”.
Mənimdir bu ətirli çay,
Qızıl tütün, bu yağ, bu bal,
Ağızlardan dadı getməz
Bu turş limon, bu portağal.
Qarışdıqca tər torpağa,
İstiqbalın özü gülür...
Düşmənlərin, zaman-zaman
Yeyəcəkdir qurd içini.
Yuvasını burda tikib
Haqqın, sülhün göyərçini!”
Bu an evin şux gəlini,
Süfrəmizə xörək verdi.
“Toxuq” dedik; kolxozçular
Yenə bizə ürək verdi.
Ömrümüzdən, gülə-gülə,
Gəlib gedir dəqiqələr.
Deyirəm ki, neçin bizi
Tez tərk edir dəqiqələr?!
Çox məzəli bir oğlan var
Süfrəmizin o başında.
Sanki onun ürək sözü
Yazılmışdır göz-qaşında.
Həmin oğlan yeyə-yeyə,
“Ənbərbu”nun plovundan,
Gülə-gülə dastan deyir
“Marığımda sübhə kimi
Qızıl qazdan ayıq durdum.
Mahalda bir quş qalmadı...
Belə atdım, belə vurdum.
Tər tökərək yük altında
Döndüm kəndə, çantam dolu.
Ayağıma qanad taxıb,
Bir nəfəsə gəldim yolu.
Budur mənim məsləhətim
Getməyin heç qaza, dostlar.
Köhnə dostlar tanır məni,
Qoy tanısın taza dostlar.
Yoxsa şübhə edirsiniz?
Qoy söyləsin atam özü.
Bəzən tərif edə bilmir
Öz işini adam özü”.
Altdan-altdan öz oğlunu
Göz ucuyla süzdü ata.
Bu məzəli gənc ovçuya
Güldü çiyin ata-ata.
Bu söhbətə süfrədəki
Qızardılmış qaz da güldü.
Sanki, mən də varam, deyib,
Divardakı saz da güldü.
Hamı güldü... O gülmədi...
Dedim: “Dava topsuz olmaz.
Gözəl deyib ellər bunu:
Ovçu qardaş gopsuz olmaz!
Asan deyil qaza getmək,
Göl var, dizdən dərin olur.
Ov mövsümü ovçuların
Yalanı da şirin olur”.
Cavan ovçu gülümsədi,
Mən dəyişdim söhbətimi.
Qonaqlıqda olanlara
Bildirdim öz hörmətimi,
Söhbətləri dinləyərək,
Coşdu birdən kənd həkimi:
“Deyin, görüm, yeni kəndi
Bilən hanı mənim kimi?
Burda qulaq asmadığım
Varmıdır bir ürək, deyin.
Getmişdirsə heçə, boşa
Çəkdiyimiz əmək, deyin?1
Bizim xoşbəxt kəndimizdə
Kədər nədir, ələm nədir?1
İnsanların varlığını
Məhv eləyən vərəm nədir?..
Bir pəhləvan qüvvəti var
Zəhmət sevən biləklərdə.
Xoş arzular çiçəklənir,
Düz döyünən ürəklərdə.
Bizim ellər görməyəcək
Nə qızdırma, nə yatalaq.
Cavanların yanağına
Çırtma vursan, qan damacaq.
Bağlamışıq könlümüzü
Bir məqsədə, bir məsləkə.
İstiqbalın yollarında
Nə qorxu var, nə təhlükə.
Dayanmışıq biz həkimlər
Sağlamlığın keşiyində.
İnsanlara göz oluruq
Körpəlikdən beşiyində”.
Qalxdı qoca bir kolxozçu
Öz yerindən cəld ayağa.
Baxan onu bənzədərdi
Başı gümüş qarlı dağa.
Dedi: “Yeyin, için, dostlar,
Süfrəmizdə boldur çörək.
Cavan oğlan, nə durmusan,
Piyaləmi doldur, görək!”
Bu qocanın ürək sözü
Əks elədi dağa, daşa...
Biz küçəyə çıxan zaman
Gördük hələ kənd oyaqdır.
Xoşbəxt evlər, gen küçələr
Başdan-başa çil-çıraqdır.
Yeni nəğmə qönçələnir
Gəlinlərin dodağında.
İnsan oğlu nəfəs alır
Səadətin qucağında.
Ulduzlarsa sönür bir-bir,
Göy üzündə gecəyarı.
Ulduzlara acıq verir,
Yeni kəndin işıqları!
Boladı, 1948
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-yeni-kendin-isiqlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən ürəyi atəş dolu şairəm,Hələ yaram sağalmayıb, gözü var.
GəlirTəbriz! Dərya kimi dalğalan, çağla,Bu elə qəhrəman bir rəhbər gəlir.
ZindanHeyhat! Necə dözsün buna insan:Vur, vur ki, yıxılsın təməlindən
Dilbərin gəlinlik eviDilbər totuqca qızdı, onu verdilər ərə –Aclıqdan ölməsin deyə dövlətli bir yerə.
Стихи других поэтов
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Yerin var Şəhidlər xiyabanındaQonşular evini kirayə verdi,dinlər dilimizə min ayə verdi.