Molla Qasım
Страница 2 из 2 · 50%
Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:
– Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi allah bəndəsi arvaddan belə kafir oğul törəsin?
Qənbər gülərək cavab verdi:
– Ay Zeynəb nənə, mən kafir öləndə, nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.
Molla Qasım pulun adını eşitcək, yumşalıb dedi:
– Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatırı üçün razı oluram.
Molla Qasım qalxıb geyindi. Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:
– A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu ədalətsizlik olar və sən də deyirsən ki, allah adildir, zalım deyil.
Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar.
Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.
– Kərim, mollanın atını tut, – deyə Qənbər atdan düşdü. Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:
– Molla duasını oxuyunca, biz də başdaşını gətirməyə gedək. – Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çəmbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarının altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi.
Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.
Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı.
Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdılar. Xeyli sə’ydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. Qənbər soruşdu:
– Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?
Molla Qasım zəif və titrək səslə dedi:
– Ölü xortlamış, ayağa qalxmaq istəyirdi... məni boğdu sonra bilmirəm nə oldu... Məni tez Zeynəbə yetirin...
Bunu eşitdikdə, kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar.
– Bizim e’tiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, belə əqidə ilə biz avam kəndlilərə yol göstərici olmuşdun? – deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.
Molla Qasım dedi:
– Mənə inanmayırsınız, qəbrə girin baxın.
– Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, – deyə Qənbər qəbrə endi.
Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basanda meyitin baş tərəfi dikəldi.
– Gördünüzmü, – deyə Molla Qasım titrəyə-titrəyə soruşdu:
Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:
– İndi mənə inanırsınız.
Qənbər əlini meyitin baş tərəfinə soxaraq, Rəhim və Kərimə dedi:
– İkinizə də lə’nət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə, meyitə əl dəydikdə lənkərlənəcəkdir.
Bunu eşitdikdə Kərim gülüb dedi:
– Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.
Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə elə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı.
– Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, – deyə Qənbər onu sakit etdi.
Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar:
– Molla Qasım, qaç, xortdan gəldi.
Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının qızğın alver vaxtı Küllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və saire vəzifə sahibi Molla Qasım vəfat etdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-molla-qasim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?