Страница 3 из 9 · 22%

Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi:

– Bahar, sən şəhərdə qalasan. Evi səndən başqa heç kəsə ümid olub, qoya bilmərəm.

Bahar nə qədər yalvarsa da Gülpəri razı olmadı. Nurəddin də təvəqqe etdi, mümkün olmadı.

– Yox, yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, – deyə Gülpəri Nurəddinin təvəqqeni rədd etdi. Həccə getmirik ki, üç aydan sonra yenə buradayıq.

– Bahar, xudahafiz, evdən yaxşı muğayat ol!

Bahar Nurəddini qucaqlayıb öpdü.

– Yaxşı yol, Allah səni bəladan hifz etsin. Ah, görəsən, bir də səninlə görüşəcəyəmmi?..

Baharı ağlamaq boğub, daha danışmağa qoymadı.

Köç yola düşdü. Nurəddin Bahardan ayrılmasına görə bir qədər bikef oldu. Amma sonra görmədiyi yerlərə, vagondan baxdıqca, qəmi yadından çıxdı.

Vagon çox sür’ətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı keçirdi. Mənzərələr tez-tez dəyişirdi; kah göy ot və çəmənlərlə bəzənmiş düzənkah, kah yaşıl təpələr və dağlar, kah qaranlıq meşələr və dərələr və kah da aydın çaylar və yollar görünürdü.

Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu, tüstülü şəhərdən başqa bir qeyri yerə çıxmamışdı.

Gülpəri bir neçə gün qabaq, kağız vasitəsi ilə yazıb hansı gün çıxmalarını atasına mə’lum etmişdi və əlavə faytonlar və araba tutub, onları kəndlərinin yaxınlığındakı şəhərdə gözləməyini rica etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdığda, vağzalda nə atasını və nə də bir tanış adam gördü. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və bagajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı.

Gülpəri Cəfəri götürmüşdü ki, onları buraya kimi ötürüb yenə geri qayıtsın. Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi getdikcə artırdı, çünki yanındakı qiymətli şeyləri tələf olacağından qorxurdu. Hərçənd, bu şəhərdə tanışları vardı, amma onlara da ürəyi qızmırdı. Axırda Gülpərinin daha atasının gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.

Gülpəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Şəhərdən kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakin Gülpərini qorxuya salan dağlar arasından və meşələrin içindən keçən yollardı ki, onlarda çox soyğunçuluq ittifaq düşərdi. Gülpəri ərkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və faytonçulara da iti sürmək əvəzində çay pulunu artıq verməyi və’də etmişdi. Gülpərinin qorxduğu başına gəldi. Belə ki, ağır yüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdığda, bir denkədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi.

– Allah, bu nə iş idi mənim başıma gəldi. İndi bu yol içində, bu qorxulu dağlar arasında necə olacağıq. Görəsən atamın başına nə iş gəldi ki, bu vaxta kimi gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim.

Faytonçu:

– Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq.

Gülpəri buna razı olmadı.

– Yox, heç vaxtı şeylərimi burada qoyub getmərəm, ayrı çarə varsa arayıb tapın.

Faytonçular dedilər:

– Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir təvr sarıyardıq və yavaş-yavaş sürüb, özümüzü kəndə salardıq. İndi isə ümidimiz bir Allaha qalmışdır.

Bu sözlərdən sonra Gülpərinin iztirabı daha da artdı. Axşam oldu. Soyuq düşdü. Dərələrdən duman qalxmağa başladı. Heç kəs gəlib çıxmadı. Gecə orada qalmağın qorxusu çoxdur. Gülpəri üzünü faytonçulara tərəf tutub:

– Bu gecə bu yol üstündəmi qalacağıq? – deyə soruşduqda, faytonçular cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı. Nurəddin öz siniflərində ən fərasətli uşaq sayılırdı. Nurəddin üzünü onlara tutub dedi:

– Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var. Şeyləri bu atlara yükləyib biz gedərik, fayton sahibi burada qalar. Sonra kənddən buna kömək göndərərik.

Bu təklif cəmlənin xoşuna gəldi. Ələlxüsus Gülpəri şad idi ki, belə asan yolla Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan oldular. Səfərin qorxulu yeri qabaqda idi. Meşənin içilə səkkiz verst yol gedirdi. Köç meşəyə çatdıqda qaranlıq lap çökmüşdü. Cəfər yüklü atlarla qabaqda və fayton dalda gedirdi. Gülpəri bərk qorxurdu. Nurəddin qorxaq uşaq deyilsə də meşənin vəhməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. Odur ki, bir candan bu sakitliyin özü də insanı vəhiməyə salırdı. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu səsdən Nurəddin diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi:

– Qorxma, xanım, bayquşdur ulayır.

– Vay, Allah səni yox etsin, gör nə murdar səsi var, – deyə Gülpəri qarğış elədi.

Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını kəsdi:

– Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!

– Əmiraslan ağa, atma, mənəm.

– Cəfər, sənsən?

– Bəli, ağa, mənəm.

Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.

– Cəfər, bu köç kimindir?

– Ağa, Gülpəri xanımındır. Odur özü də daldan faytonla gəlir. Yolda faytonumuzun biri sındı, ona görə şeyləri atlara yükləmişik. Şəhərdə nə qədər İmamverdi babanı gözləsək də gəlib çıxmadı, axırda naçar qalıb özümüz yola düşdük.

– Cəfər, sən yavaş-yavaş sür get, mən də faytonla bərabər gəlirəm, – deyə Əmiraslan atını qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü:

– Yaman yerdə qaranlıqladıq.

– Qorxma, xanım, yəqin sizin adamlardandır, qabağınıza gəlibdir, – deyə faytonçu Gülpəriyə ürək verdi.

Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi:

– İndi nəçəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?

Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:

– Əmiraslan, əmioğlu sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib?

Əmiraslan dedi:

– Mənim, sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam. Yəqin əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünün sel aparmasıdır. Cəfərdən belə gələn hadisəni eşitdim. Əmiqızı, köçdən belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı da edərsən, adam gərək verdiyi sözün üstündə dursun.

Gülpəri söhbəti dəyişdirmək üçün dedi:

– Əmioğlu, deyəsən Nurəddini görmürsən?

Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:

– Nurəddin, sən çox xoş gəlmisən. De görüm, məndən qorxdunmu?

– Səndən niyə qorxum, adam da adamdan qorxarmı? – deyə Nurəddin cavab verdi.

– Oxuyan uşaq qorxaq olar.

– Xeyr, səhv edirsiniz, oxumayan uşaq qorxaq olar. Oxuyan uşağın elmi olar, hər şeyin sirrini bilər, ona görə də qorxmaz.

– Yaxşı, indi ki, sən elə qocaq oğlansan, gəl mənim atımı min, bir az da mən faytonda dinçimi alım, – deyə Əmiraslan Gülpəriyə göz vurdu. Gülpəri Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:

– Yox, yox, Nurəddini at yıxar.

– At çox dincdir. Adam yıxan deyil, yavaş-yavaş faytonun yanınca sürər. Ancaq atdan qorxan deyilsə..

– Mən qorxaq deyiləm, dedim!

Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin özünü atın üstündə görcək onu tərkimlədi. At sıçrayıb qaçdı. Gülpəri qorxdu. Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi:

– Maşallah, qocaq uşaqdır.

Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı.

Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərkəyün böyütmüşdü. Balaca Əmiraslan üçün «yox» kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat gərək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi təzliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdığda atası ona heybə və çərəkə aldı. Təzə paltar geyindirib hədiyyə ilə onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini yırtıb məktəbdən qaçdı. Ata-anası nə qədər yalvarsa da, bir şey çıxmadı. Atası çox tə’kid edəndə Əmiraslan dedi:

– Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. İstəyirsən məni şkolaya qoy gedim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təbrik

Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.

10 мин
Sona xala

...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

9 мин
Zarafat

Şaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:

3 мин
Müalicə

Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».

11 мин

Стихи других поэтов