Qaraca qız
Страница 8 из 8 · 88%
Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.
– Bəli, qızım, qarışqaların toyudur. Get qavalını götir, çal, onlar da səndən razı qalsınlar.
Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçarağ komaya gedib, qavalını gətirdi. Çalıb, oynamağa başladı. Piri kişi bu işdən şad oldu.
Bu vaxt Ağça xanım müərrəbbiyəsilə bağçada oturmuşdu. Mariya İvanovna kitab oxuyurdu. Ağça xanım da evçik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin qırağına gəldi. Ağça xanım, Qaraca qızın çəpərin yanında oxuduğu mahnını dinləyərkən, qıvrılıb özünü günəşə verən zəhərli bir ilan atılıb Ağça xanımın çılpaq qolundan sançdı. Ağça xanım qışqırıb özünü müərrəbbiyəsinin üstünə atdı. Bunun qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib, Ağça xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. Ağça xanım da qışqıra-qışqıra onun dalınca yüyürməyə başladı.
– Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, – deyə Piri baba Qaraca qızı dayandırdı.
– Baba, bu səs Pəricahan xanımın səsidir, – deyə Qaraca qız ildırım kimi götürüldü. Həyətə çatdığda gördü ki, Ağça xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:
– Aman, sizə qurban olum. Tezcə bir Ağçanın yarasını sorub, ilanın zəhərini yerə tökünüz.
Lakin, heç kəs bu qorxulu işə cür’ət edib qədəm qoymurdu.
Qaraca qız Pəricahan xanımdan bunu eşitcək, Ağça xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi.
Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi:
– Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.
Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu ölümdən xilas etməyə sə’y edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa, daha yaradan qan gəlmədi. Ağça xanım yaradan bir o qədər şikayət etmirdi, yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:
– Ana, qaytanı aç, qolumu kəsir.
– Yox, qızım, olmaz. Onda zəhər bədənə yayılıb, səni öldürər. Səbir et, şəhərə telegram vuracağam. Atan həkim gətirsin, – bunu deyərək Pəricahan xanım bir telegram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağça xanımın qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.
– Baba, gördünmü başımıza nə gəldi? – deyə Pəricahan xanım şikayətləndi.
– Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xilas etmək üçün bu atasız-anasız yetimi bəlaya salmısan, – deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
– Baba, nə deyirsən. Qaraca qıza heç bir şey olmamış.
– Yaxşı bax, xanım.
Bu vaxt Qaraca qız dedi:
– Baba, içərim yanır. Mənə su ver içim.
– Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü xidmətçilərə tutub dedi:
– Cəld gedin mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.
– Baba, bu saat – deyə xidmətçilər yüyürüşdülər.
– Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Telegram vurmuşam, Hüseyngulu ağa şəhərdən həkim gətirəcəkdir. – Bunu deyərək Pəricahan xanım onun qabağını kəsdi.
– Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, bəyzadə qızına pis xasiyyətləri tə’sir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm. – Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı.
Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduğda zəhər tüpürcəklə onun qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidini kəsməmişdi. Lakin öz canını özgə uğrunda fəda etmiş qızçığazın həyatı bitmək üzrə idi.
– Baba, mən ölsəm, məni o bağçamızın yanındakı köy təpədə basdırın. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.
– Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin köy təpədə basdıracaqsan.
Hüseyngulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağça xanıma baxdığdan sonra dedi:
– Ağça xanımın heç qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış rəf olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.
Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın dəhməsinə getdilər. qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona baxdıqdan sonra dedi:
– Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir.
Bu xəbərdən Piri kişi mə’yus olub dedi:
– Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə verən qadına nə deyərlər?
– Sus, qoca köpək, mənim qızımı bu qaraçı qızına taymı edirsən, – deyə Hüseynqulu ağa bağırdı.
Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və kişiyə tapşırdı ki, bundan xəstəyə tez-tez versin.
– Baba, mə’yus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, – deyə həkim ağalar ilə bərabər getdi.
Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir həyat, yeni bir şə’lə gətirmişdi. İndi o şə’lə sönür... Ona da səbəb tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.
Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqini bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..
– Daxmanın bülbülü uçub getdi, – deyə Piri baba göz yaşı tökdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-qaraca-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhvalat Satiragit teatrosunun zalında vaqe olur. Teatronun səhnəsi pərdə ilə qapalı. Sıralar teatroya gələnlər ilə doludur. Mirzə Fərəc, dal sırada oturmuş. Qafar birinci sırada baqa-baqa Mirzə Fərəci aqtarır.*Qafar**. Adə görəsən mənim yoldaşım harada oturubdur. (Birdən gözü arvadına sataşır.) Arvad sənsən?
Üçüncü şəkilPinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
Стихи других поэтов
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
KüləklərHər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbər
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər