Страница 7 из 8 · 75%

Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. Hüseyngulu ağa fərəhlənib qızını bağrına basdı. Bəylər onu tə’rif edib başını sığalladılar.

Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağça xanımı yanına çağırdı. Hüseyngulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseyngulu ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib gördü ki, Ağça xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:

– De görüm, bu oynamağı sənə kim öyrətmişdir?

Hüseyngulu ağa dedi:

– Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?

– Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi qadağan etməmişdimmi?

– Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən? Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın...

Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.

– İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.

– Özün bilərsən, oturursan – otur, gedirsən – get. Bunu bilməlisən ki, bundan sonra mən öz istədiyim kimi davranacağam.

O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseyngulu ağanı çəkib o biri otağa apardılar. Bu ittifaqdan qonaqlar pərişan olub, bir-bir dağılmağa başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb, getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseyngulu ağanın hirsi yatıb arvadına dedi:

– Nə üçün razı olmursan Ağça xanım oynasın, oynamağın nə zərəri var ki?

Səlim bəy dedi:

– Pəricahan xanım, mənim qızım Ağça xanım kimi oynamaq bilsəydi, onun başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da bilmir.

Rəhim bəy dedi:

– Uşaq tayfası Ağça xanım kimi oynamağa, gülməyə yaranmışdır. Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda.

Pəricahan xanım onun sözünü kəsərək dedi:

– Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi ağanın nəvəsi Ağça xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağça xanımı burada qoya bilməyəcəyəm. Mən irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseyngulu ağa burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.

Hüseyngulu ağa buna razı oldu.

Sabahısı günü Ağça xanım anası ilə şəhərə köçdü. Yazıq qızçığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. Ağça xanımın şəhərə köçməsi Qaraca qıza böyük tə’sir etdi. Bir tərəfdən Ağça xanımın ayrılıq həsrəti, o biri tərəfdən də onun ata-anasının arasına ədavət düşməsi Qaraca qızı çox qəmkin edirdi. Onu şad edən bir şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseyngulu ağanın günlərini dostu Səlim bəy və Rəhim bəykildə keçirib, öz evində az görünməsi idi ki, beləliklə də Qaraca qızı da oynamağa çağırmırdı. Bundan əlavə Qaraca qız özü də oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından irağ olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətmişdi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə görəndə, gülüb deyirdi:

– İki qara yaxşı tapışmısınız.

Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı. Belə ki, bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə çəvərənini götürüb meşəyə getmişdi. Qara köpək də yanında idi. Meşə Hüseyngulu ağanın mülkündə idi. Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmurdu, çünki hər iki halda Qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. Meşədə çəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin içindən dəmiryolu keçirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı moruğunu yığmağa qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruq yığan və qatarı iti gələn görüb ildırım kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, özü də dərəyə uçdular. Qaraca qızın sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə hərəkətindən açıqlanıb qışqırdı. Amma başını yuxarı qaldırdığda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu təvr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu əzizlədi. Sonra yola çıxdı ki, görsün çəvərəsi necə olmuşdur. Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən qurtarmasına çox şad olub, çəvərənin tələf olmasına bir o qədər də yanmadı.

Bu xəbər gedib şəhərə çatmışdı. Ağça xanım dostu Qaraca qızın ölümdən xilas olmasına çox şad olub, atasına yazdığı məktubun içində bir şahı irilicində zərli bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.

Yayın axır günləri idi. Ağça xanımın pansiona girməsinə az qalmışdı. O, anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin. Pəricahan xanım razı olub dedi:

– Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq Ağça, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə gəlmişdi, özü tutduğu əməlindən peşman olmuşdur. O deyirdi ki, mən arvadımın acığına Ağçanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam.

Bu xəbərdən Ağça xanım qəmkin və pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdığda dedi:

– Ana, mən kəndə getmək istəmirəm.

– Nə üçün, dünən sən özün demirdinmi? Qalx, tənballik etmə.

Ağça xanım istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini telegrafla Hüseyngulu ağaya xəbər verdi.

Qatar stansiyada dayandığda Ağça xanım pəncərədən atasını görüb çağırdı. Vagondan endikdə Ağça xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağça xanım bundan istifadə edərək, gizlincə Qaraca qızın yanına qaçıb onunla görüşdü.

– Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, – deyə Qaraca qız Ağça xanımı tələsdirirdi.

– Doğru deyirsən, sonra görüşərik, – deyə Ağça xanım ata-anasına yanaşdı və faytona minib yola düşdülər.

Ağalar qapıya çatdığda xidmətçilər həyətdə çərkə ilə düzülmüş, zalım xanımın qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:

– Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmış.

Ağça xanım anasının bu tə’nəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağça xanımın buraya gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmkin idi.

Qaraca qız da qəmkin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı. Qaraca qız oyanmışdısa da hələ yerindən qalxmamışdı.

– Qızım, nə çox yatmısan, sən heç belə keçikməzsən, azarlı deyilsən ki, – deyə Piri kişi soruşdu.

– Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.

Piri kişi komanın qapısını açıb dedi:

– Qızım, bax gör, nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər yatar.

Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay içməyə məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası da sataşdı. Bu qarışqaların içində qanadlıları da vardı. Onlar qalxıb havada uçurdular. Kah bu yuvanın, kah da o yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:

– Qızım, nəyə baxırsan?

– Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə üçün?

– Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəklər. Bu gün qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub düşəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов