Страница 5 из 8 · 50%

Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə kən-bol bir imarət idi. Bundan başqa evin baş tərəfindən üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu Hüseyngulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki otağın ağzı bağlı olardı. Orada Hüseyngulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib Hüseyngulu ağa üçün açıq saxlanırdı. Burada Hüseyngulu ağa nahardan sonra uzanıb bir az rahatlıq edərdi. Bu otağın birçə dənə pəncərəsi vardı, o da geri pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng şüşələri içəriyə bir o qədər işıq buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu otaq ağalıqda «Baba otağı» adı ilə məşhur idi. Axır vaxtlarda Ağça xanım müqəssir olduqda, onu tənbeh üçün bu otağa salırdılar.

Qaraca qız çəpər uzunu gəlib, evin başına çatdığda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yaşıl, qırmızı, sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki, oradan baxsın. Bunu Ağça xanım içəridən gördü. Barmağı ilə şüşəni döydü ki, özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşə çinkilti ilə sınıb yerə töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağça xanım sınan şüşənin yerindən baxıb yavaşçadan Qaraca qızı çağırdı. O da özünü ona göstərib dedi:

– Ağça xanım, səni orada müərrəbbiyənmi dustaq eləmiş?

– Bəli, onu sən haradan bildin?

– Mən bayaq çəpərin arasından küllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, müərrəbbiyənin sənə acığı tutdu, dustaq etdi.

– Doğru deyirsən, anamın və müərrəbbiyəm Mariya İvanovnanın acığı tutanda, məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb, özün üçün bağda azad gəzirsən.

– Sən də həmişə dustaq olmursan ki, geri vaxtlarda mənim kimi gəzirsən.

– Yox, məni heç kəs ilə oynamağa qoymurlar, gəzəndə həmişə Mariya İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm.

Qaraca qız dedi:

– Nə etməli, səni mənimlə oynamağa qoymurlar.

– O qucağındakı nədir, – deyə Ağça xanım soruşdu.

Qaraca qız xallı pişiyi ona göstərib dedi:

– Bu pişik balasını bu səhər bağdan tapmışam.

– Ah, nə gözəl pişikdir, – deyə Ağça xanım köksünü ötürdü.

– İstəyirsən, sənə bağışlayım.

– Çox yaxşı, gətir bu dəşikdən ver.

– Oraya nə təvr gəlim, qapıdan gəlsəm məni görərlər və qoymazlar.

– Gör çəpərdən keçə bilərsənmi?

– Yaxşı, görüm keçə bilərəmmi, – deyə Qaraca qız ağacdan düşüb çəpərdən keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu gördü, bu dəşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çıxdı. Sonra gizlinçə gəlib pəncərənin qabağına çıxdı. Ağça xanım sevinə-sevinə dedi:

– Haradan keçdin?

– Su arxının dəşiyindən. Al, gör nə yaxşı pişikdir.

Ağça xanım pişiyi alıb bağrına basdı. Qaraca qız dəşikdən içəri baxıb dedi:

– Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.

Ağça xanım dedi:

– Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim, sən də gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış, ya yox. Bunu deyib Ağça qapını çəkdi, qapı açıldı.

– Ah, nə yaxşı oldu, tez ol gəl.

Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar.

Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı qarışıb, Ağça xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi. Lakin bu unudulmağa Ağça xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün müərrəbbiyəsi gəlirmi. Bir dəfə də çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağça xanımın rəngi qaçıb bədəninə titrətmə düşdü. Özünü elə itirmişdi ki, anasının sualına cavab verə bilmirdi. Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseyngulu ağa içəridə olar, bu qəsd ilə oraya girmək istədikdə Ağça xanım lap özünü itirib, onun qabağını kəsdi:

– Ana, buraya girmə, girmə, – deyə özü də ağlamağa başladı.

Pəricahan xanım təəccübdə ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan xanım, müərrəbbiyə və onların arxasınca Ağça xanım otağa girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:

– Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin verirəm.

Ağça xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.

Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapıya tərəf yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan çəftələnmiş görüb mə’yus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var qüvvəsi ilə yuxarı qaldırırdı. Xeyli çalışdığından sonra Qaraca qız ümidsiz divanın üstünə oturdu. O, xeyli təşvişdə idi, çünki bilirdi ki, bu sirrin üstü açılsa Pəricahan xanım onu buradan qovub, qızına da böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə düşdü. Bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da güvvətli idi. O, pəncərəni qaldırıb altından çəftə ilə bənd elədi. Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra çıxıb qapını bağladı, gəldiyi dəşikdən bağa girib komalarına getdi.

Bu vaxt Ağça xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi, fikri mudam Qaraca qızın yanında idi. Hətta qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salalar, lakin bu hiylə onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi qaçdığını görüb təşvişə düşdü:

– Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü töküldü. Yoxsa, qızım, azarlamısan?

Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu:

– Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan. Daha bu gün heç yerə çıxmayacaqsan.

Bu əhvalatdan Ağça xanım daha da artıq təşvişə düşüb dedi:

– Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə.

Hüseyngulu ağa üzünü arvadına tərəf tutub dedi:

– İndi sapsağ qızı azarlı edəcəksən.

– Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.

– Nə üçün, mən ata deyiləm?

– Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?

Hüseyngulu ağa cəld yerindən qalxıb açıqlı-açıqlı yumruğunu masaya elə bərk vurdu ki, boşqablar bir-birinə dəydi:

– Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... – Bunu deyib Hüseyngulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli, yemək otağından çıxdı.

– Get, piyan soldat, – deyə Pəricahan xanım bağırdı.

Bu hadisədən yazıq Ağça xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan xanım müərrəbbiyəyə dedi:

– Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bə’zi şeylər almaq üçün şəhərə gedəcəyik.

Daya Ağça xanımla getdilər. Pəricahan xanım da öz otağına getdi.

Bir azdan sonra Pəricahan xanım müərrəbbiyə ilə faytona minib yola düşdü.

Anası gedəndən sonra Ağça xanım bir müddət otaqda qalıb pəncərədən baxdı. Oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseyngulu ağanın mülkündə tikilmişdi. Hərdənbir Ağça xanım öz müərrəbbiyəsi ilə oraya gəzməyə gedərdi.

Birdən vaqon fit verdi.

– Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı dustaqdan xilas edim. – Bunu deyib, Ağça xanım cəld geyindi və çıxıb Baba otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı çəftəsizdir. Yavaşça qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu ittifaqa Ağça xanım həm şad oldu və həm də təəccüb etdi. Bu vaxt atası onu gördü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов