Gərək elə yanım...
Deyirsən, hissini bir az cilovla,Bir az mülayim ol, hələ uşaqsan.Əgər belə yansan, bu ad-alovlaSən özün-özünə yandıracaqsan.
Deyirsən, düz sözü çırpma hər üzə,Kürsüyə qalxanda böyük-kiçik bil.Lazımsa yalanı doğruyla bəzə,Lazımsa, ucalmaq naminə əyil.
Deyirsən, belədir, indi nə etmək,Bu coşub daşmağın hədərdir, hədər.Sən tutan bu yolla irəli getməkÇətindir iynəylə gor qazmaq qədər.
Nə qədər gec deyil, dəyiş yolunu,Sənə yandığımdan deyirəm ancaq.Mənə yandığından?!Kim deyir bunu?Dərdimə, halıma yanana bir bax!
Məni istəməyin yalandır, yalan!İstəyin odur ki, sən deyən olum.Mənim mənliyimdir səni qorxudan,Dəridən çıxırsan dönüb sən olum.
İblis məhəbbətin özünə qalsın,Mən sənə bənzəsəm min günah olar.Yaltaq istəyər ki, sayı çoxalsın,Pələngsiz meşədə tülkü şah olar.
Paxıllıq hissidir səni öldürən:Niyə həqiqəti deməkdir peşəm.Niyə əzildikcə bərkiyirəm mən,Niyə sənin kimi kiçilməmişəm?
Yanırsan. Duyuram yanıq iyini,Sərçə ürəyini vüqarım sıxır.Sən şöhrət naminə itirdiyiniMəndə görən zaman cızdığın çıxır.
(Mənə az coşub-daş, az yan deyəninBaşında, ey şerim, şimşək kimi çax.Vətənə yalandan can-can deyəninVətəni kabinet, kürsüdür ancaq).
O da yavaş-yavaş çıxır əlindən,Bir yol ucalmaqçın yüz yol süründün.O qədər girdin ki, roldan-rola sən,Rollar da qurtardı, özün göründün.
Göründün, gizlənmək gümanı getdi.Göründün, gördük ki, çox yanılmışıq.Ucuz alqışların gümanı getdi,Həqiqət üzünə saldı gur işıq.
Tanındın! Ay yazıq, necə dözmüsənÖzünü özündən oğurlayaraq?Böyük faciəymiş, düşünürəm mən,Şöhrət xatirinə başqası olmaq!
Dəyişə bilmərəm təbiətimi,Dəyişə bilmərəm şöhrətə, ada.Ölüm-yaşayınca mən sənin kimi,Nəyəmsə, özüməm ancaq düynada...
Deyirsən, hissini bir az cilovla,Bir az mülayim ol, hələ uşaqsan:Əgər belə yansan, bu od-alovlaSən özün-özünü yandıracaqsan.
Yox, qəbul etmərəm, “əxlaq” dərsini,Bu qayğı altında min hiylə yatır.Yananda yandırıb-yaxıram səni,Səsim gür çıxanda cır səsin batır.
Məni əbəs yerə gəl tutma dilə,Odumdan qorxursan, demə ki, xamam.Gərək elə yanam, külümdən beləNəsillər tanısın Tofiq Bayramam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-gerek-ele-yanim
Клавиши ← → для перехода, R — случайное стихотворение