Birinci şəkil
Füzulinin evi. Ev orta əsr üslubu ilə döşənmişdir. Məhəmməd Füzuli əynində əba, başında araqçın köhnə həsir üstə əyləşmişdir. Onun qarşısında bir neçə kağız, əlində isə qələm var. Qadını Nərgiz bir az kənarda ayaq üstə dayanmışdır.
Füzuli
(öz-özünə)
Dust bivəfa, fələk birəhm, dövran bisükun.
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Sayeyi-ümmid zayil, afitabi-şövq kərm,
Rütbəyi-idbar ali, payeyi tədbir dün.
Nərgiz
(Füzuliyə yaxınlaşaraq)
Məhəmməd, əzizim, yenə qəmlisən?
Füzuli
Bu qəm dəryasında şad olummu mən?
Nərgiz
Çıx, bir az şəhərdə nəfəsini dər,
Səni bu dörd divar sıxmayır məgər?
Fikirdən, qüssədən azad olarsan.
Füzuli
Bu geniş kainat qəlbimə dardır
Çiynimdə dünyanın qəm yükü vardır.
Deyirsən şəhərdə şad oluram mən,
İnan ki, od çıxır nəmli gözümdən
“Tökdükcə qanımı oxun, ol asitan içər
Bir yerdəyəm Əsir ki, torpağı qan içər”.
Nə sarayım olsun, nə xanimanım,
Barı, vətənimdə çıxaydı canım.
Artıq qocalıq da durub qəsdimdə
Əcəb qanadını gərib üstümə.
Nərgiz
Əzizim, qəm çəkmə, fəqan eyləmə
Mənim də qəlbimi gəl qan eyləmə,
Sənə yalvarıram az canını üz
Kasıb komamızda keçsin ömrümüz.
Füzuli
Bir kömək ummuram öz sabahımdan,
Göylər də alışıb könül ahımdan...
Hanı sənətkarın Adı, hörməti,
Ayağa salırlar şeri, sənəti,
Niyə bu dərdimə məhəl qoyan yox?
Niyə mənim kimi məni duyan yox?
Of, yandım bir içim su ver içim mən.
Dəryalar quruyar bu atəşimdən.
Bu an otağa bir qasid gəlir. O, şairə hörmətlə təzim edir.
Qasid
Ey möhtərəm şair. Möhtərəm sultan
Sizi sarayında gözləyir bu an.
Deyir müntəzirik gəlişinə biz,
Sizin o mübarək qədəmləriniz.
Saray pilləsinə toxunsa əgər,
Bu böyük gəlişə sultan sevinər.
Füzuli dərin fikrə gedir. Nərgiz ona yaxınlaşır.
Nərgiz
Bu böyük töhfədir sənə əzizim,
Tale ulduzumuz parladı bizim.
Dayanma, saraya tələs, Məhəmməd
Sultandan görərsən ehtiram, hörmət
Nə fikrə getmisən?
Füzuli
Yox-yox sevinmirəm bu dəvətə mən,
Bu zinətsiz otaq zinətdir mənə
Ürəyim sıxılır, gözüm qaralır
Mənimçün gen dünya inan, daralır
Mən bir şah önündə baş əyməmişəm,
Özüm söz mülkündə şaham demişəm
Ləkəsiz vicdanım, təmiz ürəyim
Bir içim saf suyum, quru çörəyim
Şahın təamından əzizdir mənə.
Ana südü kimi təmizdir mənə,
Nə oldu qocalıb düşəndə əldən
Sultanın yadına indi düşdüm mən?
Nədir bu ehtiram, nədir bu hörmət?
Nərgiz
Sultan qəzəblənər, tələs, Məhəmməd
Deyər mələklərin hökmdarına
Şair məhəl qoymur,
Yol vermə buna.
Qasid
Şair müntəzirəm sizə bayaqdan
Cavab gözləyirəm.
Füzuli qaşlarını çataraq dərin fikrə gedir.
Nərgiz
O gedir, dayan.
Füzuli
Demək varlığımı çəkib dara sən,
Məni göndərirsən saraylara sən.
Nərgiz
Axı əlac nədir, dayanma daha
Get, yolun uğurlu, pənah Allaha...
Görünür çox sevir sənətini o,
Bilir sənətkarın qiymətini o.
Füzuli
Nə deyim, nə deyim zavallı qadın
Sən də əsirisən rütbənin, adın
Gedirəm, getməyir köksümdə ürək
Of...
Qasid, hardasan, hazıram, gedək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-sairin-sikayeti-birinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vurğunun saçları vaxtsız ağardı,Gümüş dalğalar qondu başına.
Qəlbimə adın yazılıbSənə söz çələngi hörürəm, ustad,Qəlbimə silinməz adın yazılıb.
ŞöhrətAdam var şan-şöhrət qonaqlığında,Elə məst olur ki, ayılmır qəti.
Heykəl qarşısındaZəmanə şahları endirib taxtdan,Şeri qartal tək qaldırıb göyə.
Стихи других поэтов
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Bir cam azYatmış idim, qafil gəldi üstümə,Bir cam dolu, bir cam yarı, bir cam az.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,