Sultan Süleymanın sarayı. Sultanın ətrafında əyanları, vəzir, vəkil var. Şair Füzuli əl ağacına söykənərək içəri girir. O, saray əyanlarına yavaşca təzim edib, sultanla üzbəüz durur.

Sultan

Sənətkar xoş gəlib məclisimizə
Onun bu gəlişi nemətdir bizə.
Sevindim oxuyub “Leyli Məcnunu”
Mən sənət ulduzu sanıram onu.
Düşüb hər nəğməniz dilə, ağıza
Qoca Şərq baş əyib kəlamınıza.
Böyük qüdrətsiniz. Heyiflər ki, siz
Mənim sarayımdan gen gəzirsiniz.
Deyirlər ağırdır güzəranınız
Kasıb bir komadır xanimanınız
Sizin halınıza acıyıram mən.

Füzuli

Təşəkkür edirəm buna ürəkdən

Sultan

Bəs necə?
Sizin qayğınıza mən qalmalıyam.
Xalqın nəzərində ucalmalıyam.

Füzuli

(kinayə ilə)

Ya Sultan, mən bununla tanışam, tanış.
Ədalət sizinlə əkiz yaranmış

Sultan

Mərhaba, mərhaba, böyük sənətkar,
Sizdə həqiqətin sönməz nuru var.
Yaxşı, indi belə, möhtərəm şair,
Mədhiyyələr deyin bizlərə dair

Vəzir

Yerin Allahıdır Sultan Süleyman,
Layiqdir adına min böyük dastan.

Vəkil

Bəli, mərhəməti, əzəməti var,
Önündə baş əyir vüqarlı dağlar,
Məmləkət onunla bəxtiyar olmuş,
O, Şərqə sahibi-ixtiyar olmuş.
Onu mədh etsəniz kəlməbaşı siz,
Məliküşşüəra seçilirsiniz
Sizin qismətiniz Ənam, pay olar.

Sultan

Necədir? Xoşdurmu söylə bu həyat,
Vəzifə, ehtiram, böyük mükafat.

Füzuli

Ellərin qəlbindən qopan səsəm mən
Ləkəsiz günəş tək müqəddəsəm mən.
İlk andım xalqıma məhəbbətimdir.
Yoxsulluq ən böyük səadətimdir.
Sən şəhər alırsan qılınc gücünə
Sözlə təslim olmur ürəklər mənə.
Bəlkə sən tökdüyün qızıl qan qədər
Alnımdan tökülmüş mənim inci tər.
Sən at çapdıraraq məmləkətlərə,
Qoşunla, ləşkərlə çatdığın yerə
Səndən tez yetişir şöhrətim mənim
Budur mükafatım, dövlətim mənim.
Ya Sultan, incimə bu sözlərimdən
Əzəldən həqiqət aşiqiyəm mən.
De görüm, ömürlük qalacaqmısan?
Ömürlük sən sultan olacaqmısan?
Dövrani-fələyin inqilabından
Sən təxti-tacından düşdüyün zaman
Bu möhtəşəm saray payimal olar
Qılıncın kütləşər, hökmün lal olar,
Onda nəiyn qalar?
Soruş özündən.
Sənət sarayının sultanıyam mən.
Püskürsə min vulkan, qopsa min tufan,
Bir daşın yerindən oynamaz, inan.
Bu daş-qaş beş günlük parlayır ancaq,
Hər sözüm min illər parıldayacaq.
Ey Sultan, saraya çəkmə gəl məni
Payimal eləyər bu əməl məni.

Vəzir

Ya sultan, Üsyandır onun dediyi

Vəkil

Ağzından gəlir onun qan iyi.
Bəli, tanıyıram bu məhzəbsizi

Baş ağrısı verib ayıldım sizi,
Dünən bir qiyamçı öldürülərkən
Şairin qəzəli çıxdı cibindən
Fatihə vermədi.

Sultan

Necə. Nə dedi?

Vəkil

Dedi: “Cəhənnəm odunda razıyam yanım
Füzuli şeridir mənim Quranım”.
O lənətə gəlmiş dini unutdu
Qəzəli öpərək kağızı uddu.
Sonra də kəndiri saldı boynuna.

Sultan

Şair nə deyirsən? Cavab ver buna

Füzuli

Siz qüdrət sahibi, yerin Allahı,
“Həqiqət carçısı”, “xalqın pənahı”,
Güc sizdə, zor sizdə, ləşkər sizdədir,
Ölkələr, şəhərlər əlinizdədir.
Size əl qaldırır sizin bəndəniz
Ölüm ayağında mənə çökür diz.
Mən kiməm, uğursuz, kasıb sənətkar,
Bəs nədən o şəxsin sənə nifrəti,
Mənə dindən artıq etimadı var?
Gördünmü, itidir sözüm qılıncdan
Sən böyük sultansan, mən böyük sultan?

Sultan

Heyranam mən sənin cəsarətinə,
Hər sözün batsa da nizə tək mənə
Qəzəbim tutsa da cəza vermirəm.
Qocasan, ölməyə rəva görmürəm.
Bu gün-sabahlıqsan, get öz evinə.
Al, həmin baratı verirəm sənə
Bu sənə ömürlük mükafatımdır.
Şerinə hörmətim, iltifatımdır

Sultan Füzuliyə möhürlü bir kağız uzadır.

Füzuli

(acı kinayə ilə)

Mən şeir mülkünə incilər düzən
Gözlərə nur verən ürəklər gəzən,
Şərqin nəğməkarı qoca Füzuli,
Vüqarı dağlardan uca Füzuli.
Səndən doqquz axça barat alıram,
Zəngin xəzinədir bu böyük ənam
Gələcək nəsillər eşitcək bunu,
Bilər ədalətin nə olduğunu,
Nə böyük səxavət, nə böyük hikmət.
Sizdə həm qayğı, həm də məhəbbət.
Təşəkkür edirəm buna ürəkdən,
Bu zəngin ənamı unutmaram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов