Vağzalı çalınır
Bacım Elmiraya ithaf edirəm
Duvağa bürünüb yola düşürsən,Qonşular telinə çiçək bağlayır.Ay bacım, sən haldan-hala düşürsən,“Vağzalı” çalınır, anam ağlayır.
O, nələr etmədi, toyunda nələr,Bu həsrətin yeri nə tez bilindi?“Vağzalı” çalınır, son dəqiqələr...Özgə bir yuvaya köçürsən indi.
Köçürsən üzüağ, məğrur, həyalı,Gedirsən könlünü verdiyin yerə.Buydu anamın da fikri-xəyalı,Bəs niyə kövrəlir o, birdən-birə?
Ortada quş kimi süzür gəlinlər,Qızlar oğrun-oğrun yar soraqlayır.Gülür, fərəhlənir toya gələnlər,“Vağzalı” çalınır, anam ağlayır.
Xeyir-dua verir kiçik bacılar,Dərindən ah çəkir böyük qardaşım.Atanı dövrəyə alır qocalar,Qapıya söykənir bəzəkli maşın.
Göz yaşı inci tək qonur sinənə,Getmək istəyirsən, o qucaqlayır.– Ay qızım, xoşbəxt ol! – Söyləyir sənə,“Vağzalı” çalınır, anam ağlayır.
Bir evdən, bir evə səadət gedir,Biri yola salır, biri səsləyir.Bir ana qızını burda ləngidir,Bir ana həsrətlə gəlin gözləyir.
Otaqda boş qalır gümüş çarpayın,Küncdə bir kitabı yel varaqlayır.Naxışlı fincanda soyuyur çayın,“Vağzalı” çalınır, anam ağlayır.
Ona təskinlik də gərək deyildir,O göz yaşlarında sevinc var, bacım.Səadət həmişə gülmək deyildir,Ana qız toyunda ağlayır, bacım.
Gedirsən ən şirin arzu-kam kimi,“Vağzalı” çalınsın, get yavaş-yavaş.Dünyada hər ana öz anam kimi,Bircə toy günündə ağlayaydı kaş!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-vagzali-calinir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
IEy məni çulğalayan dərd, nədən
Yaralı Kərkükün bugünlü xoyrat və maniləriBir yanım Mosuldurbir yanım Ərbil,
Layəmut şe'rlərFüzuliyi-nalanın əş'arını təsdis*1
Gönlümi aldun iy begüm bilimedüm ki kandadurGönlümi aldun iy begüm bilimedüm ki kandadurİllâ bilürem anı ki gönül alalı kandadur