Bərq vurub gün tək çıxar bir huripeykər hər sabah,Şərm edər onun üzündən mahi-ənvər hər sabah,Zülfi-şəbrəngi tökər qəddə bərabər hər sabah,Müşkbudən aləmi eylər müəttər hər sabah,Sübhi-sadiq tək açar sədrin müqərrər hər sabah.

Xabdən açar gözün ta nərgisi-fəttan kimi,Əl çəkər, müjganın eylər tiri-xunəfşan kimi,Tərh edər üz yanına geysuləri reyhan kimi,Qəddinə yaşıl geyər ol qönçeyi-xəndan kimi,Başa üstündən çalar dəstari-əhmər hər sabah.

Bir mina gərdən, səfid əndam, fərbeh sim-saq,Lalə rux, mərmər sinə, nərmin bədən, şirin buxaq.Tubi qamət, mahi-tələt, xoş əlamət, ay qabaq,Oldu məsciddən haman dəm əhli-qiblə ittifaq,Qaşıdır onun məgər mehrabü mənbər hər sabah.

Əylənər narın, danışar naz ilə, narin gülər,Tərzi-göftarinə eylər tutilər təhsin, gülər,Qaş gülər, həm göz gülər, ariz dəxi rəngin gülər,Dünyada çoxdur gülən, amma bu çox şirin gülər,Böylə də insan olur, ağzında şəkkər hər sabah.

Bilmişəm kuyin gözəl firdovsü gülşəndən onun,Ta ölüncə oxların qoymam çıxa təndən onun,Gəzdiyi yeri sevər gözüm elə gendən onun,Vaqifəm, heç kimsə kəsməz zikrini məndən onun,Eylərəm sidq ilə adın dildə əzbər hər sabah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов