Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır.

Cənnətəli ağa (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı.

Mirzə Əsgər. Ağa! Niyə Hacı Mehdidən götürmürsünüz? Onun ki yaxşı əla hənası var, o gün mən də almışdım.

Cənnətəli ağa. Yalansa, onun getdiyi həcc ona qənim olsun. O, elə yalandan, tülkü-tülkü danışmağı bilir.

Xanpərvər bəyim. Allah töksün sənin saqqalını!.. O da bizə bir qəhr-qəzəb olub... Vallah, dəxi qulluqçular da təngə gəlib.

Cənnətəli ağa. Vallah, çox acığımı tutdurarsan, atamın ərvahına, dəlləyi çağırdıb dibindən qırxdırram.

Xanpərvər bəyim. Gözəl ağa çox gözəldi, vurdu çiçək çıxartdı. Otur yerində. Allahı sevirsən, özünü rüsvay eləmə, görən gülsün...

Cənnətəli ağa. Mənə də Cənnətəli ağa deyərlər... Mənim Araz aşığımdandır, Kür topuğumdan... Hər kim nə deyəcəksə, qoy desin... Mən elə sözləri ürəyimə salsaydım, çoxdan sümüyüm çürümüşdü.

Mirzə Əsgər. Xeyr, ağa, yaxşı iş deyil... Nə lazım?.. Saqqal deyəndə, kişinin abrusudur və üzünün nurudur...

Cənnətəli ağa. Dünya beş gündür, beşi də qara... Vallah, Xanpərvərin acığına saqqalımı qırxdırıb bir göyçək də qız alacağam: topuğu tüklü, on dörd yaşında... xa, xa, xa...

Xanpərvər bəyim. Çox əcəb olur, biz də toyunda oynarıq... Allahqulu, bir qəlyan gətir... Ağa yenə eşqə düşüb... ağzında bir dişi yox, məndən beş-betər... Ağrım o qızın ürəyinə ki, sənin kimi dişi düşüyə gedər. (Allahqulu gedir qəlyan gətirməyə.)

Cənnətəli ağa. Ağzımda dişim yoxsa da, at belinə minib quş ovlayanda gəl tamaşa elə də!.. Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, tərlan boylarında elə bil ki, bir laçın oğlan oluram... Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən, Pəh! Pəh! Pəh! Ləzzət, nə ləzzət!

Mirzə Əsgər. Bəli, deyirlər ov çox şirin olur.

Cənnətəli ağa. Ancaq atın saz ola, tulaların cins, əlində tərlan... Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan verəsən. Ələlxüsus “Kaşdan”, “Mundir”. Əvəzləri yoxdur... Atamın ərvahına, birin yüz manata vermərəm.

Xanpərvər bəyim. Allah qırsın, yalan isə onları... evdə, eşikdə istirahət qoymurlar. Hər yeri murdarlayırlar.

Cənnətəli ağa. Zər qədrin zərgər bilər. Sən nə bilirsən onların qədr-qiymətini. (Güləndam əlində bir cam, Allahqulu əlində qəlyan daxil olurlar. Allahqulu əvvəl qəlyanı özü çəkir, tüstüsünü çıxardır, sonra dizi üstə çöküb, verir Xanpərvər bəyimə.)

Güləndam. Ağa, həna hazırdır. Əgər istəyirsən, yaxım saqqaluva.

Cənnətəli ağa. Yaxşı olar, ay qız, gətir görək.

Xanpərvər bəyim. Ay başınıza dönüm, görün heç bu vaxt həna vaxtıdırmı? Apar, ay qız, dəli olmamısan ha. Görmürsən Mirzə oturubdur?

Cənnətəli ağa. Mirzə özgəsi deyil... İndi yaxanda nə olar. Bəri gətir, ay qız, onun sözünə qulaq asma.

Mirzə Əsgər. Əlbəttə, mən də sizin nökərlərin birisiyəm... Yad deyiləm. (Allahqulu qəlyanı alıb, tüstüsünü çıxardıb, bir də haman qərar ilə verir.)

Xanpərvər bəyim. A kişi, bəlkə bir yad qonaq gəldi, onda necə olsun?..

Cənnətəli ağa. Necə olacaq? Məni də ha yeməyəcəkdir? Gəlir, gəlsin, otursun orada, tamaşa eləsin saqqalıma necə həna qoydururam. Qiyamət ha qopmur, adam ha öldürmürəm?

Xanpərvər bəyim (kənara). Ağrım sənin höcət ürəyinə! (Allahqulu qəlyanı aparıb, yenə gəlir.)

Güləndam dizi üstə oturub, başlayır həna qoymağa.

Cənnətəli ağa. Ay qız, nə qayırırsan? Ay qancıq, saqqalımı tamam yoldun.

Xanpərvər bəyim. Elə yerində yolur... Ay qız, yaxşı eləyirsən, dibindən qopart.

Güləndam (Bəyimə). Neyləyim? Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb, barmaqlarım ilişir. Mən başıma nə kül töküm?

Cənnətəli ağa. Yavaş, yavaş! Qəsdənmi yolursan saqqalımı, qancıq, sözbir eləyib?

Güləndam (kənara). Dişim bağırsağımı qırır, cana doymuşam, mürdəşir yusun saqqaluvu!

Xanpərvər bəyim. Sən atanın goru qırxdır saqqalını, bir topuğu tüklü də qız al, rədd ol başımızdan. Dəxi biz təng gəldik.

Səfiqulu (daxil olub hövlnak). Ağa, başına dönüm, bir böyük bədbəxtlik üz veribdir axı!..

Cənnətəli ağa. Ay qız, dayan görüm! Nədir, ay gədə, nə olub?

Səfiqulu. Nə bilim, ay başına dönüm... Qara köpək, quduz dəymiş, o axdarma motalı yeyib, lap tərk eləyibdir. Bizim də xəbərimiz olmayıb.

Cənnətəli ağa. Belə quduz dəysin ona ha... Sizin də boynunuz sınsın ha... Sizi yox olasız!

Səfiqulu. Qapını açıq qoyublar. Açıq qaba da it dəyər. Nə bilim ay başuna dönüm, işdir olubdur.

Cənnətəli ağa. Qoy bir həna qurtarsın... Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir tələsmə.

Səfiqulu. Sənin çörəyin gözümə dursun ki, mən qapını örtmüşdüm, sonra bilməyib açıblar. İndi mən neyləyim, ağa, başuna dönüm? Qəza işidir, olubdur.

Cənnətəli ağa. Necə qəza işidir? Vələdüzzina, xətakun!

Səfiqulu. Motal yenə yola gedər. Quduz dəymiş iki dəri yağı da elə yeyib ki, bir xəşillik ancaq qalıbdır.

Cənnətəli ağa. Bəs bu nədəndir, vələdüzzina? Bu da qəzadandır?

Səfiqulu. Ağa, bəs nədəndir? Əlbət olacağa çarə yoxdur...

Cənnətəli ağa. Belə olanda qara köpək məni də yesə, o da olacaqdır qəzadan? Kafir oğlu kafir!

Səfiqulu. Mən neyləyim, mən başıma nə daş salım, başuna dönüm?.. Bir belə ziyanlığı görəndə vallah istədim o saat qara köpəyi tüfənginən vurum öldürüm.

Cənnətəli ağa. Qara köpəyi sənin kimi yüz nökərə vermərəm, çölə çıx axmaq. Bir durum, gör sənin başına nə iş gətirəcəyəm, ölənəcən dadı damağından getməsin.

Səfiqulu (gedə-gedə). Ev ev deyil ki! Mən başıma nə kül töküm?..

Cənnətəli ağa. Mirzə, ölmüşünü görüm, bu evdə üç-dörd qulluqçu var, beş-altı nökər, amma onunla belə genə bir belə binizam ev heç olmaz.

Xanpərvər bəyim. Allahqulu! Bir qəlyan gətir. Bilirsən ona səbəb nədir? Ona səbəb odur ki, külfət böyükdür... Bax, bir arvad qənd doğrayır, birisi ev süpürür, birisi də qab-qaşığı yuyur, paltar yuyur, o biri də sənin saqqalına gündə, günaşırı həna qoyur, evi yığışdırır, nökərlər də onu kimi.

Mirzə Əsgər. Bəyim doğru deyir. Sizin evin büsatı heç yerdə yoxdur. Mən belə evlər bilirəm ki, sabahdan bir qoyun kəsiblər, axşama bir tikə əti də qalmayıbdır.

Cənnətəli ağa. Mirzə, görəsən şəriətə görə o qalan yağı yemək olarmı?

Mirzə Əsgər. Xeyr, ağa, yemək olmaz. Çünki it özü murdardır və həm də ağzı nəcasata dəyir, ona görə yağı işlətmək caiz deyil.

Cənnətəli ağa. Baxırsanmı? Ha sizin boynunuz sınsın!.. Ay sizi yerə girəsiz! Bir naxır nökərin birisinin ağlına gəlmir ki, qapını açıq qoymaq olmaz. Qapıda yeddi-səkkiz it var... Belə də ziyanlıq olarmı? Xanpərvər bəyim də əlin ağdan-qaraya vurmur. Deyir gərək müdam yeddi qat üstən tərpənmiyəm.

Xanpərvər bəyim. Bıy, bu nə deyir, ay qız? Elə o qalmışdı... Mənim atam evində, babam evində belə işlərə bizlərdən qarışan olubdur ki, indi mən də qarışım... Nə danışırsan, dəli ha olmamısan, ay kişi?

Şahqulu (daxil olub). Ay başınıza dönüm, mənim taxsırım nədir ki, Heydərqulu ağa məni bu günə salıbdır?

Cənnətəli ağa. Sən nə deyirsən, ay gədə, dəxi nə var?

Şahqulu. Nə deyəcəyəm? Heydərqulu ağa başıma bir yumruq vurdu ki, budur ha başım şişib, qarpıza dönübdür!..

Cənnətəli ağa. Nə ilən vurdu, ay gədə?

Şahqulu. Yumruq ilən.

Cənnətəli ağa. Maşallah de, ay gədə! Maşallah! Ot kökü üstə bitər. Mən ölüm, namxuda deyin, namxuda! Ay gədə, elə bircə yumruq vurdu?

Şahqulu. Gədənin atasının evini Allah yıxsın. Birini vurmayanda beşin ha vurmadı!

Xanpərvər bəyim. Mirzə, sənin canuna, Heydərquluda pələng gücü var... Bir belə zad heç görünməyibdir.

Mirzə Əsgər. Ağa! Barı oxumağı necədir? Bu zamanda oxumaq çox yaxşı şeydir.

Cənnətəli ağa. Sənin canın üçün, Mirzə, nə qədər əlləşdim, oxumadı... Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumaram... Dinmədim... Ondan qoydum uşkola. (Güləndama) Ay qız qurtardın? Di dur, buradan rədd ol! (Güləndam gedir.) Özüm getdim direxturun yanına, hələ bir at da vədə elədim... Oxumadı. Bir həftədən sonra qaçdı getdi qırğı ovlamağa. Xülasə, çox zəhmət çəkdim, amma çifayda oxumadı. (Allahqulu qəlyanı gətirib haman qərar ilə verir.)

Xanpərvər bəyim. Cancığazı sağ olsun, oxumaq niyə gərəkdir? O qədər mülk onun var, babasına bəsdir.

Mirzə Əsgər. Bəli, bəyim, doğru buyurursuz! Odur, bax, Əhməd yüzbaşının oğlu... Saf içəridə oxuyub qurtarıbdır; amma çifayda bir zad vermirlər, bikar-bikar gəzir.

Şahqulu. Mənə bir deyən gərək sən niyə burada durmusan, barı get başuna təpitmə qoy...

Cənnətəli ağa. Səni nə üstə vurdu, ay gədə?

Şahqulu. Dedi ki, gərək qara köpəyin ağzını yalayasan, o quduz dəymiş də yanına gedəndə mır-mır mırıldayır...

Cənnətəli ağa. Xa, xa, xa!.. Xalis öz dədəsidir ki, durubdur... Mən özüm də çox elə pəstahlar kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nağıl elərəm. Bir kağız gətirənin kağızını necə özünə çeynətdirib uddurtdum. Getsin xəbər aparsın. Gülməkdən qəşş elərsən... Görək bir az kağız tapılarmı saqqalıma qoyum?

Xanpərvər bəyim. Yazı bilənimiz kimdir ki, evdə də kağız ola? (Cənnətəli ağa saqqalın kağızlayır, bu halda qapıda qaval səsi gəlir.)

Cənnətəli ağa. Saqqala qoz yarpağı yaxşı olur.

Səfiqulu (daxil olur). Ağa, meymun oynadan gəlibdir. (Əhli məclis tamaşa üçün dururlar qapıya və pəncərələrə.)

Meymun oynadan. Bala, bala, balambar... (Qaval vurulur, meymun oynayır.)

Cənnətəli ağa. Ha bərəkallah! Ha bərəkallah! Odu ha, odu! Xa, xa, xa! Odu ha, odu! Xa, xa, xa.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Balaca mütəfərriqələr 7

– Bu nə halətdir, ağa Dərviş, yenə üzündən zəhər tökülür? Bir neçə gün bundan əqdəm şadlığından bilmirdin nə edəsən, indi dizlərini qucub qafiləsi vurulmuş ərəbə oxşayırsan, məgər nə olub?– Əyləş, əyləş! Söyləyim. Bu gün mənim üçün, əfəndim, çox-çox bəd keçib. Əvvəla, nadürüstün birisi, adı böyük, özü naxələf, – necə ki, məlum oldu,-mənə yazmışdı ki, tezlikdə Allah qoysa Bakı şəhərində sakin olan İran fəhlələri üçün bir mərizxana dövləti – İran tərəfindən təmir olunacaq və mən də bu xeyir xəbərə inanıb, hazırlaşmışdım ki, şəhəri dövr edib, bu əhvalatı camaata cari edəm. Nagah məlum oldu ki, bu xəbər bilmərrə yalanmış və tamam İranda elə şəxs yoxdur ki, bu iş ağlına gəlsin. Qəmgin olmağımın əvvəlinci səbəbi budur. Genə bir-iki saat bundan keçmiş bir şəxsi-irani mənzilə təşrif gətirib, mənim əhvalımı daha artıq xərab etdi. Allah ona qəzəb eləsin! O cənab başladı ki, mən təəccüb edirəm, necə namus-qeyrət qəbul edər ki, İranın bir qonunluq rəiyyətləri qohum və əqrəbadan, külfətdən əl çəkib diyarbədiyar düşüb özgə vilayətlərdə, başıqapazlı, köməksiz, narəva sifətlərdə muzdurluqda ömr keçirsinlər! Və nə tövr? Allah göstərməsin! Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hambal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. Hələ deyəsən ağam bir neçə damcı göz yaşı da tökdü!

19052 мин
Balaca mütəfərriqələr 8

Qəribə mən vicudam, vallahi. Özüm də təəccüb edirəm: birdən heç zaddan ötəri baxırsan qəmgin oldum, ya da bir balaca xeyir xəbər eşidəndə başladım ruhül-ərvah oxumağı. Amma, qardaş, bu dəfə heç təəccüb etmək yeri yoxdur. Ruhül-ərvahı qatacağam hicaza, hicazi ruhül-ərvaha. Şad olsun bu mərtəbədə məni şad edən!Ya Mirzayi-Ərdəbili! Fəda olum fikr-zikrinə, qələminə, yazdığın risaləyə! Bilirsiniz ağam nə yazıb? Qurban sənə, ağam! Ağam yazıbdır ki, Məkkə ziyarətinə gedən zəvvarlar Məkkədə bina olunan bangə, – adı olsun “Bangi-rəsul”, – borcludurlar hərəsi bir qızıl lirə nəzir versinlər... Pəh, pəh, pəh, nə gözəl fikirdi, Tanrı! Hesaba gələn şey deyil. Yer üzündə hansı bang bir belə bangi – şərifə müqabif gələ bilər? Heç biri! Bəs mən necə ruhül-ərvah oxumayım ki, cəmi müsəlman vilayətlərində mümkündür darülfünunlar və cürbəcür məktəbxanalar. Mən necə şad olmayım? Şad olsun məni şad edən!.. Siz tanrı, bircə dürüst diqqətlə hesab ediniz. Milyonlar milyonlar üstə və həmişəlik. Nə durmusan qulami-millət, başla ruhül-ərvahı. Mövlayi-mən...

19051 мин
Balaca mütəfərriqələr 9

Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil.– Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən.

19052 мин
Balaca mütəfərriqələr 10

– Mən ki qəti ümid eləməmişəm. Ağa Dərviş, ruzgarımız inşallah belə keçməz.– Allah eləsin, qardaşım. Ancaq bu halda əhvalımız çox qolaydı. Nə qədər dedikcən qolaydı.

19052 мин

Стихи других поэтов