Vaqe olur Mirzədadaşın otağında. Gülcahan əyləşib palaz üstündə, corab yamayır. Bir az keçəndən sonra hövlnak Mirzədadaş daxil olur.

Mirzədadaş. Arvad, dur ayağa. Gör nə gətirmişəm? İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün.

Gülcahan. Bəsdir, a kişi, Allah xatirinə məni ələ salma. Biz acından ölürük, bu da gəlibdir iki dəst paltar belə getdi, iki dəst libas belə getdi...

Mirzədadaş. Mahud bir top, yun şal bir top. İnanmırsan, a qız? İnanmırsan?.. Bəs bu nədir?

Gülcahan (şala baxıb). A kişi! Bu nə işdir? Cibdə bir qəpik yox, etibar yox...

Mirzədadaş. Sonra, sonra... Artıq danışma. Tez bunları gizlə, özümə də bir yer sal. Mən üç gündür azarlıyam. Qızdırma qırx dərəcədə. Bu saat gələcək...

Gülcahan. Kim gələcək? A kişi, nə danışırsan? Dəli olmamısan ha?..

Mirzədadaş. Əstəğfürullah! Tez ol deyirəm sənə. Qanmırsan, tez ol? Tez ol gizlə bunları, tez!

Gülcahan. Ver aparım elə yerdə gizləyim ki, heç şeytan da tapa bilməsin. (Gülcahan şeyləri alıb gedir.)

Mirzədadaş (yorğana bürünüb, başını sarıyıb yıxılır taxtın üstünə). Vay-vay!.. Vay, anam vay!.. Qapı açıq qalıb, durum bağlayım. (Durub qapını bağlayıb yenə yıxılır taxtın üstünə.) Vay-vay!.. Arvad, qanmazsan.

Gülcahan (qayıdıb). A kişi, elə vayıldayırsan ki, guya doğrudan da azarlamısan.

Mirzədadaş. Yox, yox, qorxma... Bu saat gələcək... Üç gündür azarlıyam. Özümü, sözümü bilmirəm, qandınmı, ay arvad?

Gülcahan. A kişi, yoxsa bu şeyləri oğurlamısan? Qaradovoydan qorxub, özünü bu günə salırsan?

Mirzədadaş. Yox, yox. Qonaq çağırmışam qırqovulplova. Bu saat gələcək. Mən azarlamışam, ölürəm.

Qapını döyürlər.

Gülcahan. Kimsən, nə istəyirsən?

Məcid. Mirzədadaşı görmək istəyirəm, bacı. Zəhmət olmazsa qapını aç.

Mirzədadaş. Gör həkimdirmi gələn?.. Vayy!.. Aç qapını! Öldüm, Allah vayy... (Gülcahan qapını açır.)

Məcid. Mirzədadaş məni qırqovulplova qonaq çağırıb.

Gülcahan. Nə danışırsan, ay oğlan? Dəlisən, nəsən? Mirzədadaş bu gün üç gündür yatalaq yatır. Özünü-sözünü bilmir. O səni necə qonaq çağıra bilərdi?

Mirzədadaş (sərsəm edir). Dəvəni tərsinə minmə... Qov! Qov getsin!

Gülcahan. Eşidirsənmi, eşidirsənmi, ay qardaş? Ay Allah, nə yaman yerdə mən axşamladım? Bu nə iş idi mən düşdüm?

Məcid. Yarım saat olar ki, Mirzədadaş mənim dükanımda idi. Bir top mahud və bir top şal götürüb gəlibdir və özümü də qırqovulplova çağırıb. Buyurdu ki, bu şeyləri girov aparıram, ondan ötrü ki, qorxuram gəlməyəsən.

Gülcahan. Plov nədi, zad nədi, a başına dönüm? Üç gündür ki, nə onun, nə mənim boğazımdan bir qurtum su da keçməyibdir. Sən də, qardaşım, abadanlıqdan danışırsan.

Məcid. Plov-zad istəmirəm, Allah xatirinə, mənim malımı qaytarın, götürüm gedim.

Mirzədadaş. Bacadan uçdu qoyma... Dəvə göyə çıxıbdır. Bay!.. Bay!..

Gülcahan. Belə də müsibət olarmı, ay Allah? Nə günah etmişdim mən, nə günah etmişdim?

Məcid. Əstəğfürullah! İşə düşdük camaat əlində... Bacım, nə oldu ki, Mirzə bir yarım saatda qarın ağrısına düşdü?

Mirzədadaş. Vay, vay! Milçək göydən uçdu, ayı balası qorxdu...

Məcid. Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm... Bacı! Bu ev Mirzədadaşın evi deyil?

Gülcahan. Bu ev, bəli, Mirzədadaşın evidir.

Məcid. Bu ətrafda bir qeyri Mirzədadaş da var, ya yox?

Gülcahan. Yaxamdan əl çəkməzsən, qardaş? Məndən nə istəyirsən? Qoymazsan görüm fələk mənim evimi necə bərbad edir?

Məcid. Bacı, mən səndən şeylərimi istəyirəm. Artıq heç bir zad...

Gülcahan. Belə məlum olur, sənin şeylərinin qanadı varmış, uçub gəlib bizim evə giriblər. Ta mən sənə nə deyim...

Məcid. Bacı! Qoy bir mən onun qızdırmasına baxım, hərgah doğrudan şiddətli olsa, gedim həkim gətirim.

Gülcahan. Həkim gündə iki dəfə gəlir. Danışdırmağa izin vermir. On birinci günündə deyir, böhran olacaq. O günü dözə bilsə, diriləcək, yoxsa gedəsidir. (Ağlayır.)

Məcid. Artıq sözüm yoxdur, bacı. Mənə bir plov verdiniz ki, ölənədək yadımdan çıxmayacaq. (Gedir.)

Mirzədadaş (yerdən qalxıb, başının səriyini atır). Bax, getdisə, qapını bərkit... A kişilər, belə arvad kimin var? Yaşasın belə arvad!.. Pəh, pəh, pəh!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов