Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.

İsmayıl bəy. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...

Nurəddin ağa. Belə danışıqlardan keçibdir... Taxsır bizim özümüzdədir, gərək piş-əzvəqt əhval cəm edib, sonra bunlarnan qohum olaydıq.

İsmayıl bəy. Bular tərəfindən elçilər məlakə surətində gəldilər, hamısı tanınmış adamlar: mal belə, dövlət belə, oğlan özü belə, yaxşı, ağlı başında, öz işinə məşğul... O ali cənablara inanmaya bilmədim, bizə onlar xəyanət etdilər...

Nurəddin ağa. Burada bir dövlətli hacızadə üç ayın müddətində iki nəfər oxumuş qızları alıb, ikisini də zay edib atıb küçəyə... Atadan qalmış dövlət, libasi-firəngi, barmaqlarda brilyant üzüklər... Biçarə qızlar nə bilsinlər ki, bu cənab insan deyil imiş, heyvan imiş...

İsmayıl bəy. Məni o nücabələr yoldan çıxartdılar, yoxsa dəli olmamışdım bir tək, gültək bacımı verəydim belə dələduza...

Nurəddin ağa. O günləri bizim bu həzərat buyurdular ki, bizə Hacı Muxtar övladı deyərlər, heç kəs bizə yaxın dura bilməz.

İsmayıl bəy. Mən buraya dava etməyə gəlməmişəm. Bizim təklifimizi qəbul edirlərsə, Allah bulardan razı olsun, qəbul etməzlərsə, onda işə baxarıq... Bacı, sən get yavaş-yavaş hazırlaş... Dayı, sən də buları çağır gəlsinlər. (Nurəddin ağa gedir.)

Göhər xanım. Qurban olum sənə, qardaş! Bular çox quduz adamlardır, sərhesab ol... Mən qorxuram.

İsmayıl bəy. Arxayın ol, qorxma.

Göhər xanım gedir. Rəşid və Mərdan daxil olurlar.

İsmayıl bəy. Uşaqlar, bu gecə rahat oldunuzmu?

Rəşid. Bəli... Çox yaxşı keçirdik... İsmayıl bəy – Dayanız kənarda görək bunlar bizinən necə rəftar edəcəklər...

Mərdan. Mən bunları tanıyıram, ağa... Mülayim danışmaq lazım deyil, hələ qabaqcadan nəfəslərini kəsmək gərək...

İsmayıl bəy. Qoy gəlsinlər görək nə deyirlər...

Nurəddin ağa, Heydər və Səfdərqulu daxil olurlar.

Heydər. Salam əleyküm, İsmayıl bəy! Siz bu evə xoş gəlmisiniz, səfa gətirmisiniz... Heyf olsun ki, cənablarınız bir xoşhal məqamda buraya təşrif gətirməmişsiniz, belə gəlmək yaxşı olmadı.

İsmayıl bəy. Əyləşiniz! (Əyləşirlər.) Dünya işidir, belə də, elə də olur, eybi yoxdur... Cənab ağa Heydər, mən sizi qabaqcadan xəbərdar edirəm ki, mən bir gündən artıq burada qala bilməyəcəyəm... Ona görə sizdən çox rica edirəm ki, məni burada artıq saxlamayasınız. Gəlmişəm Göhəri aparam.

Heydər. Ola bilərmi bu işi qoyasınız bir özgə vaxta, bir neçə gün də bizə qonaq olasınız.

İsmayıl bəy. Xeyr, mümkün deyil... Mən gərək elə bu gün qulluğunuzdan mürəxxəs olub gedəm...

Heydər. Onda görək xanımı nə qayda ilə aparmaq istəyirsiniz?

İsmayıl bəy. Qaydası elə odur ki, talağını alıb, götürüb gedəm, vəssalam. Ümidim var ki, siz mane olmayacaqsınız.

Səfdərqulu. Buyurunuz görək, talaq vermək kimin ixtiyarındadır?

İsmayıl bəy. Əlbəttə, o sizin ixtiyarınızdadır. Ancaq mən çox təvəqqe eləyirəm ki, mane olmayasınız.

Səfdərqulu. İndi ki ixtiyar məndədir, mən razı deyiləm.

İsmayıl bəy. Sizdən təvəqqe eləyirəm “mən razı deyiləm” ləfzini qoyasınız kənara. İş nə növ olsa, gərək qurtarsın getsin.

Səfdərqulu. Mən qana bilmirəm iş nə növ ilə qurtara bilər, zəmani ki, razı deyiləm və razı olmayacağam və belə bilirəm ki, siz lap nahaq yerə zəhmət çəkib buraya təşrif gətirmisiniz.

İsmayıl bəy. Oğlan! Mən qorxuram ki, mərdi qova-qova namərd edəsiniz, axırda yaxşı olmaya. Dübarə sizdən təvəqqe eləyirəm məni o məqama gətirməyəsiniz ki, mən sizlən özgə cürə rəftar edəm...

Heydər. Özgə cürə rəftar edəndə nə ola bilər, cənab İsmayıl bəy? Bir tək kəbin tələb etməkdən suvay mən qeyri ixtiyar bilmirəm... Nə lazım artıq-əskik danışmaq? Axırı yaxşı olmaz dedikdə, bir az uzun iş olur. Mən bilmirəm nə ola bilər?!

İsmayıl bəy (acıqlı). Onda mən adamın dərisini boğazından tülkü dərisi kimi qopardaram.

Heydər. Kəbin tələb etməkdən suvay gücünüz heç bir şeyə çatmaz. Hətta o kəbini də bəlkə ala bilmədiniz.

Rəşid. Ağa!.. İzin ver... Ay oğlan ey! Sən gəl atlanıb-düşmə. Təpənə o qədər döşərəm gözlərin pırtlayıb yerə tökülər.

Mərdan. Qardaşım! Sən gəl bir az ustufca danış, hər nə desələr deyinən baş üstə... Yoxsa səni o qədər boğaram ki, gözlərin çıxar kəllənə, dana gözləri kimi.

Heydər. İş davaya qalsa, mən buraya iyirmi Hacı Muxtarlı tökərəm.

Rəşid. Çağır gəlsinlər... Biz öyrənmişik öküzü qulaqlayıb arabaya qoşmağa. Oları mən elə püsükdürüm ki, nəfəslərini çəkə bilməsinlər.

Səfdərqulu. Hər nə bacarırsan, müzayiqə etməyiniz.

Mərdan. Ay ağa! Bizim bu yeznə boğulmaq istəyir axı (tutur yaxasından), hm! Səslən, nəfəsini çıxart görüm!

İsmayıl bəy (Mərdana). Dayan! Dur yerində! Buraya biz dava etməyə gəlməmişik.

Heydər. İsmayıl bəy, bu nə işdir, eyib deyilmi?

Rəşid. Ay oğlan! Düş qabağa, düz qazıxanaya, dinməz-söyləməz (dartır), gəl! Gəl demirəm sənə?.. Hm, tərpən!

Hacı Cəfər daxil olur.

Hacı Cəfər. Salam əleyküm!

İsmayıl bəy. Əleykəssalam! Dayanınız uşaqlar! Görək bu cənab nə buyurur.

Hacı Cəfər. Səkkiz ay bundan əqdəm mən bu evi nəqd pul verib satın almışam. İndiyə kimi bu evdə olurlar. Bu gün axırıncı günüdür. O səkkiz ayın kirayəsi də olsun sizin, canım ta bəsdir, çıxınız evimdən.

Heydər. Hacı! Allah xatirinə, bir-iki üç gündə bizə möhlət veriniz. İsmayıl bəy gəlib, bir vacib işimiz var, onu qurtaraq, başımız açılsın, baş üstə, evdən çıxarıq.

Hacı Cəfər. Deyəsən bircə saat macal ver, mümkün olmayacaq. Mən gəlib-getməkdən təngə gəlmişəm, tabekey canım?

Səfdərqulu getmək istəyir.

Rəşid. Tərpənmə, qardaş, dur yerində!

Sərvinaz xanım (daxil olub). A kişi, sən nə söyləyirsən? Necə bu ev sənindir? Dəli olmamısan ki! Bu ev mənim atamdan qalıb. Kimin ağzı nədir məni bu evdən çıxartsın.

Hacı Cəfər. Vallah, bu evdən elə çıxacaqsan ki, yağdan tük çıxan kimi. Nə karəsən çıxmayasan?

Sərvinaz xanım. Hacı, sən özün bilirsən ki, bu ev mənim atamdan qalıb, ta sözün nədir?

Hacı Cəfər. Bu ev sənin atandan qalıb, onu mən də bilirəm. Ancaq oğlun Səfdərquluya vəkalətnamə vermisən, o da evi satıb mənə nəqd pula.

Sərvinaz xanım. Əgər mən oğluma vəkalətnamə vermişəmsə bax, bu iki gözlərimdən olum... Ay oğul, mən sənə nə vaxt vəkalətnamə vermişəm hə?.. Hacı, sənin kağızın saxtadır, mən sübut elərəm.

Hacı Cəfər. Çıx mənim evimdən, sonra nə kefindir elə, mənə dəxli yoxdur, mən nəqd pul verib almışam, kağızım da əlimdə...

Sərvinaz xanım. Sən məni evimdən çıxarda bilməzsən, gərək mən ölüm ki, sən bu evə sahib olasan.

Hacı Cəfər. Mən çıxartmayacağam, pristav çıxaracaq. Odur, bax, palanın tinində durubdur. İstərsən çağırım gəlsin.

Sərvinaz xanım. Qardaş, Heydər, sən nöşün kirimisən? Nöşün danışmırsan?.. Mən evimdən bir yana çıxmamışam, natarus üzü görməmişəm, bu necə işdir, xudaya?

Heydər. Bacı! Nahaq yerə cəzə-fəzə eləmə, ev satılıb qurtarıb, gedib. Ya özün get natarusun yanına, ya bir qeyri arvad.

Sərvinaz xanım. Ay oğul, elə bircə bu müsibət qalmışdı, gətirdin mənim başıma, evimi tar-mar elədin, a sənin üzün qara olsun hər iki dünyada!.. Xeyr, heylə dərdə mən dözə bilmərəm... Gərək açam bu işi... Quru yurtda qala bilmərəm...

Heydər. Onda bilirsən nə olar? Oğlunu göndərərlər Sibirə, qalarsan başına döyə-döyə, hacı da olar ev sahibi, natarus da gedər bad-fənaya.

Hacı Cəfər. Qırx səkkiz min manat nəqdcə pul saymışam, bu Səfdərqulunun qabağına. Əlavə altı min manat bu saat mənə borcludur. Onun da gərək yerin tapam. Zarafat deyil, qardaş, puldur, can deyil ki, adam keçsin... Ağzında pul deyirsən.

Sərvinaz xanım. Ay oğul, hamamı sataydın, niyə elə bu xarabanı...

Hacı Cəfər. Hamam satılıb, bacı...

Sərvinaz xanım. Dükanları sataydın.

Hacı Cəfər. Olar çoxdan satılıbdır, bacı...

Sərvinaz xanım. Bağları sataydın, oğul!..

Hacı Cəfər. Yazıq arvad! Bağlar da çıxıb əldən.

Sərvinaz xanım. Dur qəbirdən, ay kişi, gör xanimanın necə bərbad olub. (Ağlayır, gedir.)

Hacı Cəfər. O qalan altı min manat pulu almaq üçün əlac ona qalıbdır ki, bu gözə görünən şeyləri aparam...

İsmayıl bəy. Hacı! Bağışla! Bu şeyləri mən cehiz vermişəm, onlara əl vurmaq olmaz, cənab Səfdərqulunun borcuna mən şərik deyiləm.

Heydər. Hacı! İsmayıl bəyin sözləri haqdır, bu şeylər onlara təəllüqdür.

Xəlil daxil olur.

Xəlil (Səfdərquluya). Gözlərin aydın olsun, ay xozeyin, Roza xanımı tapmışam.

Səfdərəqulu. Axmaq oğlu axmaq, xəbərə gəlməyə vaxt tapıbdır... Sürün burdan!

Nurəddin ağa. Yaxşı xəbər bundadır... Söylə oğlum, söylə, necə tapdın?

Xəlil. Özü mənə yalvarıb, yüz manat da vədə eləyib, ya gərək öləsən, deyib, ya tapasan. Mən də şəhəri bir-birinə vurub, ayaqdan olub tapmışam. İndi mənə sürün burdan deyir... Bu necə işdir?

Səfdərqulu qaçmaq istəyir.

Mərdan. Hara? Hara, qardaşım? Dur yerində, sən bizə lazımsan. Tərpənmə, heç tərpənmə.

İsmayıl bəy. Qoçaq! Bizim işimiz sənə bağlıdır... Bir azca səbr elə, sonra gedərsən.

Nurəddin ağa. Bərəkallah, oğlan. Tapdın hə? Bəs sonra? Nə gördün?

Xəlil. Nə gördüm? Büsat, dəsgah və həngamə, vur çatlasın, toy.

Səfdərqulu. Ada! Səsini kəs! Sürün buradan...

Xəlil. Razılıq əvəzinə hələ mənə sürün burdan deyir, bu necə işdir?

Nurəddin ağa. Eybi yoxdur, qoy desin. Sonra necə oldu?

Xəlil. Getdim girdim otağa... Nə gördüm... Əlli-altmış qonaq... Məni görən kimi “ura, ura” qışqırdılar, dartdılar məni içəri... Roza xanım ağ paltarda, barmaqlarında, başında, döşündə brilyantlar. Abram qalxdı ayağa. Xalilka. Allaverdi, sən də Kotikin sağlığına! İçdilər, “ura, ura” qışqırdılar... Roza xanım deyirdi ki, Abram mənim qardaşımdır. Hər gün xozeyin evdə olmayanda, bizə gəlirdi... Axırı belə çıxdı, Roza xanıma ər oldu... Toy da Abram ağanın toyu imiş... Vallah, deyirəm, sənə ürəyim odlandı, xozeyin nə gündə, bular nə kefdə...

Heydər. Balam, bacı oğlu, ta iş işdən keçdi... Get, qardaş, qonaqlarını yola sal, getsinlər..

Hacı Cəfər. Bəs mənim o qalan pullarıma nə deyirsiniz?

Heydər. Hacı! Sən də yaz dəftərində: rəsidə...

Nurəddin ağa. Mərdan, Rəşid! Biz qayıdanadək şeylərimizi yığınız bir yerə, hazırlaşınız yola düşək. Buyurun gedək qazıxanaya. (Gedirlər.)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci məclis

Vaqe olur həmin otaqda. Göhər xanım bikef əyləşib səndəl üstə.*Səfdərqulu daxil olur.*

8 мин
Dördüncü məclis

Vaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?

5 мин
Pəhlivanani-zəmanə

Əhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*

18981 мин
Əvvəlinci məclis

Vaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!

189815 мин

Стихи других поэтов