Страница 2 из 2 · 50%

İmamqulu. Ay bəy, niyə belə kəmhövsələsən? Deyirəm, qardaş, hesabım var, hacı özü yaxşısını bilir.

Əşrəf bəy. Cəbi, Allah xatirinə bu kişini çölə çıxart! Füzul oğlu füzul, ovqatımızı təlx elədi. Nə qanır, nə qandırır.

İmamqulu. Qanmayanda mən də hacı kimi dəli olmamışam! Belə ona bir cüt başmaq tikmişəm, onun pulunu istəyirəm, vəssalam... Zarafat deyil, qardaş, bir naxır külfətim var.

Əşrəf bəy. Tfu, füzul oğlu füzul! Pulu nə qədərdir, ayı, pulu? Qanırsanmı?

İmamqulu. Sən məni söyə bilməzsən, ixtiyarın yoxdur!

Cəbi. Ala bu sənin bir manatın, sürün buradan cəfəng oğlu cəfəng, yoxsa çənəni oynadaram!

İmamqulu (gedə-gedə). Sən öləsən, heç yel də olub yanımdan ötə bilməzsən.

Cəbi. Rədd ol, heyvan! (Gedirlər.)

Əşrəf bəy. Vay müsəlman qardaş, tərbiyəsiz, vəhşi qardaş... Xudaya, nə vaxt biz bədbəxtlər elm tapıb, heç olmazsa rəftarın qaydasını öyrənəcəyik? Hər bir müsibətdən artıq bizim nadan olmağımızdır.

Cəbi (daxil olub). Ay bəy, bundan bədtəri gəlir. Xanım sən buyur o biri otağa.

Dilbər xanım. Xudaya, dəxi nə qaldı bizim başımıza gəlməmiş ola? (Gedir.)

Əşrəf bəy. Qoy gəlsin görək nə buyurur. Eşidiblər ki, hacının malı batıb, özü dəli olub; onun külfətinə təsəlli vermək əvəzinə, hərəsi bir balta götürüb kişinin evin yurd eləməyə... və adlarını müsəlman qoyublar... Atəşpərəstliyə heç layiq olmayanlar...

Mayor və Cəbi daxil olurlar.

Mayor. Hacını görmək olarmı?

Əşrəf bəy. Xeyr, hacı naxoşdur...

Mayor. Cəhənnəmə naxoş olsun, gora naxoş olsun... İndi mənim taxsırım nədir ki, tərləyə-tərləyə bu uzun yolu gəlmişəm? Deyən gərək bihəya oğlu bihəya, pul almısan, niyə vədəsində vermirsən? Bir on gün bundan əqdəm lap nahaq yerə qoymadım gədələr onu saqqallayıb, bazar aşağı sürüsünlər.

Əşrəf bəy. Bəy, bir az atınızın başını çəkin!

Mayor. Sən nəçisən və nə cürət edib o sözü mənə deyirsən? Məni tanımırsanmı?

Əşrəf bəy. Xeyr. Ancaq görürəm ki, adamsan, əlli-ayaqlı və qulaqlı...

Mayor. Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdi?

Əşrəf bəy (kənara). Fuş... (Mayora.) Bəy, sizdən çox təvəqqe eləyirəm uzun eləməyin, tələbiniz nə qədərdir, onu buyurun.

Mayor. Qabaqca mənim sualıma cavab ver görüm Məhəmmədin oğlu deyilsənmi? Xa, xa, xa! Xalqa it hürər, bizə çaqqal.

Əşrəf bəy. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz?

Mayor. Əgər mən səni bu sözün üstə bazarda gədələrimə çubuq ilə döydürməsəm, bu papaq mənə haram olsun! Səbr elə!

Əşrəf bəy. Mən əgər bilsəydim ki, siz mənim sözlərimi başa düşə bilərsiz, yaxşı cavab verərdim... Çifayda... Yaxşısı budur ki, tələbinizi buyurasız.

Mayor. İndi hər nə istəyirsən de, qəbulumdur. Ancaq axırını gözlə, gör başına nələr gətirəcəyəm.

Əşrəf bəy. Təvəqqe eləyirəm müzayiqə eləmiyəsiz... Tələbinizi buyuruz.

Mayor. Aşkara deyirəm: hərgah mənim iki yüz əlli manatım bu saat özümə çatmasa, bu evin palaz-paltarın çölə tullayacağam. Canım, Mirzə Petros bir ağıllı kişidir, doğru deyir. Hacı olub dəli. Dəliyə gərək qəyyum tikilə, ondan sonra mənim pulum özümə çata... Mən onu gözləyə bilmərəm, heç vaxt!

Əşrəf bəy. Yəqin hacının sizdə təməssükü var, çıxardın görək.

Mayor. Əlbəttə var. Onsuz mən bir adama pul vermərəm. Ala. (Verir təməssükü.)

Əşrəf bəy. Siz də buyuruz: bu bir yüz, bu iki yüz, bu da əllisi... Təvəqqe eləyirəm, bilatəxir təşrif aparasız.

Cəbi (qapını açıb). Ağa, izal olun!

Mayor. Neylək, eybi yoxdur, qeyri hesablarımız dursun görək. (Gedir.)

Cəbi. Haqqınız çatdı, kifayətdir, buyuruz!.. Buyuruz, ağa!

Əşrəf bəy. Cəbi, Allahı sevərsən, get darvazanı bağla, dəxi mən təngə gəldim.

Cəbi gedir.

Əşrəf bəy (tək). Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, cəmən zəlalətdədirlər... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, bədbəxt, biçarə müsəlman!..

Cəbi (tələsik daxil olub). Ay bəy, muştuluğumu ver, Hacı Salman əlində bir kağız “xeyir xəbər, xeyir xəbər” çığıra-çığıra budur gəlir!

Əşrəf bəy. Heç küyə salma, qoy gəlsin görək nə xəbərdir?

Gedir qapıya tərəf, Hacı Salmanın səsi gəlir.

Əşrəf bəy (qapı ağzında). Allah sizi xeyir xəbər eləsin, hacı əmi, buyurun görək!

Hacı Salman (daxil olub). Hacı əmin sənə qurban, bu teli bir oxu.

Əşrəf bəy (oxuyur). Рагим в Батуме, груз был застрахован 90 тысяча рублей, ура! Mexti. Mehdi yazır ki, Rəhim Batumda, yük straxovoy olunub doxsan min manata.

Hacı Salman. Yük, yəni barama. Şükür olsun pərvərdigara... Rəhim mənim oğlumdur, Mehdi bacım oğlu... İndi bilirsən, qadonu alım, nə var? Mən burada qala bilmərəm, çünki gərək özümü maşına yetirəm... Sabah sizə tel vurram. Hacı Qəmbərə bu əhvalatı bir növ xəbər verin, bəlkə biçarə kişi bir az özün düzəldə... Hələ ki, xudahafiz. Ev adamların da mənim tərəfimdən mübarəkbad eləyin, gözləri aydın olsun. Hələ ki, xudahafiz! Durmaq yeri deyil.

Əşrəf bəy. Buyurun, hacı əmi, Allah sizi xeyir xəbər eləsin. Xoş gəldiz.

Cəbi. Belə sənin kimi kişiyə bu Cəbinin balaları qurban. Get, get, pəhləvanım! Get, nərim, Allah səni şad eləsin.

Hacı Salman (gedə-gedə). Çox sağ ol, Cəbi, çox sağ ol. (Gedir.)

Cəbi (bərkdən çağırır). Ay xanımlar, gəlin ha, ha! Allah, sənə şükür, qaz vurulub, qazan dolub. Gəlin ha, ha!

Dilbər xanım, Cavahir və Yetər gəlirlər.

Dilbər xanım. Dilim tutuldu, başınıza dönüm, nə var?

Əşrəf bəy. Qərq olan barama əvəzində hacıya qırx beş min manat pul çatır.

Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür!

Cəbi. Yol verin, yol verin, ay qız Yetər, belə dur. (Ağzı ilə çalıb-oynayır.)

Cəmən. Allah, sənə şükür! Allah, sənə şükür!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов