Özünü pis elə mənim yanımda,Gözümün içinə həqiqəti de.Bir damla xəbislik varsa qanımda,Sən ona dünyanın xəyanəti de.

Tərifi söyləmək asandan asan,Tənqidi söyləmək çətindən çətin.Gərək həqiqətə yiyə durasan,Saflıqdan su içə arzun, niyyətin.

Örtülü bazarda təhlükələr var,Gizləmə bir damla nöqsanımı da.Yalanla ömrümü uzatmasınlar,Doğruyla alsınlar lap canımı da.

Doğruluq insanın başının tacı,Eybimi üzə de, susma lal kimi.Həqiqət olsa da acıdan acı,Yeməyə hazıram onu bal kimi.

Görsən tərs işimi, tərs yerişimi,Saxlama əlini tərs şapalaqdan,Durum cəzalanmış bir uşaq kimi,Qoy, bir dərs götürüm, dərs, şapalaqdan.

Sehrli güzgüm ol, sənə baxanda,İçim də görünsün, çölüm də, qardaş.Görüm ölmək nədir, yaşamaq nədir,Nə var bu həyatda, ölümdə, qardaş.

Durulsun ürəyin, damarın qanı,Varsa günahlarım, dərk elə bilim.Yeraltı dünyaya səfər zamanı,Həyatı günahsız tərk elə bilim.

Beşikdən məzara, bayramdan yasa,Günah aparmayım, savab aparım.Suallar-sorğular harda başlasa,Ora sağ əməlli cavab aparım.

Gərəksiz olmasın bircə anım da,Niyyətim nə tərif, nə xoş qılıqda.Özünü pis elə mənim yanımda,Bu, mənə ən böyük bir yaxşılıqdı.

2000, 1 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов