Can yanğısı
Səhifə 7 / 7 · 86%
XV
Dərviş başını əllərinə söykədi. Bu qərar üzrə bir necə dəqiqə qaldı. Bəlkə, dəxi artıq qalaydı, amma bu halda dağın dalında göy guruldadı, dərviş başını qaldırıb qulaq verdi, təhqiq etmək qəsdi ilə məndən sordu:
- Deyəsən, göy guruldadı?
Başım ilə işarə etdim. Bu əsnada bir daha güclü guruldadı. Dərviş irpə getdi, gözləri o yana döndü, gövdəsində vahimə var idi. Göy guruldayıb cənuba tərəf aşdı və Dəlidağın başında uzaq top kimi partlayıb, göyə səs sala-sala dağların dalında kəsdi.
Dərviş bir dua zikr etdi və sonra dedi: - Böylə bir gurultu onda, Ruqiyyə can verəndə də oldu. O gurultu mənim canıma elə bir fəna qorxu salıbdır ki, əvvəl gurultu canıma vahimə salır, amma sonra bərkişəndə qorxu çıxır... Ruqiyyə məni belə gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə yanğı, könlümdə yanğı, gözlərimdə yaş qoyub getdi... Ruqiyyə öldü, köhnə eşq, köhnə məhəbbət oyandı...
Göy bir də daha bərk guruldadı. İndi gurultu məğribdən məşriqə keçdi, bir karvan yel gəldi. Mələk bir uşaq ilə arxacdan körpə buzovları gətirməyə gedirdi, yel bunun donu ilə oynayıb zülflərini dağıdıb ötdü, ruzigar buludlaşdı. Çətin dağın dalında xırıltı başladı, bizim qarabaş qız sığırçımızı (malotaran) oyadırdı: - Əli, a gədə, dur, dolu gəlir. Körpə buzovları gətir, dolu döyüb aparar, qayadan-qafqacdan salar...
Gör, gör ki, Əli durmaq istəmirdi, qız bunu qorxuya saldı: - Dur, vallah, xanım gələr, gözlərini tökər...
Bir arvad qız ilə qurutu yığmaqda idilər, bir karvan da yel gəldi, güclü idi. Alaçıqların və dəyələrin ətəklərini oynatdı və yenə Mələyin donuna qanad çaldırıb keçdi, göy iki dəfə bərk-bərk bir-birinin dalınca şaqqıldadı. Çətin dağdan Sarı bulağa adladı, xırıltı bərkiməkdə idi. Yenə bərkişdi, bir necə damcı yağış dəyədə tappıldadı, bir ağ noğul kimi şey dəyəmin qabağında yuxarı hoppanıb əvəliyin arasına düşdü. Bunun dalınca bir neçələri hoppanmışdılar və bu tərəfdə çətəni şaqqıldatdılar. Dəyədən baxdım, göy guruldayırdı və Çətin dağın döşündən dolu aşıb gəlirdi... Göy qoşa şaqqıldadı, dərviş qorxmuş, çətənə qısıldı. Bu ötməmişdi ki, bir də daha bərk çataqlı şaqqıldadı. Dərviş küncdən çıxdı, dizi üstə qalxdı, "yahu" - deyib zəncirini cınqıldatdı... Dolu gəlib çatdı, qoşa və yaxud tək gurultu bir-birinə macal vermirdi, yel qıjıldayırdı, dərə guruldayırdı, dolular şıqhaşırıq çətənə dəyirdilər...
Dərviş eşiyə çıxdı. - Ağa dərviş, hara? - Mənim səsimi çataqlı gurultu basdı, dərviş nə münacat isə başladı, gurultudan və xırıltıdan sözlərini seçə bilmədən, ancaq beytlərin axır kəlmələrini eşidirdim, o da iki gurultunun arasında xırıltı bir az ara verəndə qulağıma gəlirdi... "Mustafa haqqı... Kərbəla haqqı... Rza haqqı... dua haqqı. Rah bir çarə yarəb... duayə..." bu kimi sözlər də göy gurultusu ilə bərabər dəyəyə dolurdu.
Baranimi çiynimə atıb dərvişin dalınca çıxdım, amma yalın ayaqlarım doluya tab edəmmədiyindən yenə dəyəyə girdim, ayaqqabılanmı geyinib yenə çıxdım... dərviş yavaş-yavaş, dolu başından vura- vura enişdən enirdi. - Ağa dərviş! Ağa dərviş!
Qoşa-qoşa gurultu səsimi çıxmağa qoymurdu, baranimi çiynimdə güc ilə saxlayırdım. Dolu quş yumurtası yekəliyində olardı. Əllərimə dəydikcə əllərim ağrayırdı, əynim qalın idi, mən də dərvişin dalınca endim, bir də dalda səs eşitdim: - Ay ağa, xanım deyir haraya gedir?
- Get de, bir yana getmirəm, dərvişi qaytarmaq istəyirəm.
- Sən getmə, mən gedim qaytarım, - deyə Əli qopdu.
Dərviş dolunun arasından bir az görünürdü, Əli çatana qədər gözdən itdi. Amma münacat səsi yerdən ərşə, gurultuya qarşı gedirdi. Dal tərəfimdə bərk tappıltı eşitdim, baxdım, qoyunlar büküm-büküm olub dərə başı aşağı axıb gəlirlər. Mən bunun qabağında idim, yerim xatadan sakın deyildi. Qoyunlar məni basıb əzə bilərlər. Dağa qaçdım, çoban bağırırdı: "Ha, qoyun... hey..." Qoyun sözünə baxmayırdı, çoban dalınca yüyürürdü. Qoyun ötdü, şaqqıltı şiddətləndi. Amma dolu xırdalaşdı. Hərdənbir yel hücumu ilə məni bir necə qədəm irəli atırdı... göy guruldayırdı, dərviş guruldayırdı, sel qıj-qıj qıjıldayırdı, sanki yer ilə göy bəhsə girmişdi. Əli gəldi, mən sordum: - Dərviş hanı?
- Nə qədər elədim gəlmədi, yolu əlinə tutub getdi.
Xeyli durdum... göy guruldadı, yel guruldadı, sel qıjıldadı, amma dərvişin səsi, ha qulaq verdim, qulağıma gəlmədi. Bir az dayanıb yenə qulaq asdım... Göy qoşa-qoşa şaqqıldayırdı, dərələrdə sel qıjıldayırdı, vızıldayırdı, odlu şimşəklər qara buludları şaqqalayırdı, amma dər- vişdən xəbər yox... adamdan səda yox idi. Adam ölmədi, itmədi, məhv olmadı, insan kainata qarışdı. İnsanı kainat qucdu. İstirahəti yox, uyuya bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/abdulla-bey-divanbeyoglu-can-yangisi
Başqa şairlərin şeirləri
Handadı
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,