Səhifə 5 / 7 · 57%

XI

Ruqiyyə əvvəl babasına yaxın düşmək bilmədi. Amma sonra yavaş-yavaş onun qulluğunda bulunmaqda oldu. Getdikcə axşamlar hamı ocağın qırağında əyləşib söhbətə məşğul olduq. Doğrudur, əvvəl qoca kişi lap kələcindən qaçaraq dururdu. Ruqiyyənin kefi açılmağı, keçmişdəki təki gülüşü, oynaqlığı onun üzərinə çəkilmiş qara çadırı rəf etdi, amma arası mən ilə sazlanmadı, bu da məni incidirdi...
Bir gün yenə ocağın qırağında yığılıb oturmuşduq. Nə tövr oldusa, söhbətin bir ucu Ruqiyyənin qərarına gəlib keçdi. Ruqiyyə lap arxayın dedi:

  • Babam, Əhmədi tutub sizdən ayrılsam, sizdən keçməyib Əhməddən ayrılsam, necə dözüm, necə dayanım? Özümü həlak etmək istədim, amma əcəl gəlməyibmiş, mən də salamat qaldım.
    Qoca kişi gözünün altından qızma diqqət ilə baxırdı. Deyəsən, təzəcə görmüşdü. Amma Ruqiyyə babasının üzünə baxmamağa səy edirdi. Qoca kişi "him", - dedi, Ruqiyyə başladı:
  • İndi fikir edib anladım ki, özümü öldürsəm, Əhməddən ayrı düşərəm, qiyamət ayrısı olaram. Özümü həlak etməkdən bilmərrə daşınmışam. Əhməd hayana gedərsə, o yana gedəcəyəm fikrində bərk qərar tutmuşam...
    Qoca kişi başını qaldırıb:
  • Ruqiyyə! Səni mən tanımaz olmuşam və yaxud sən əvvəlki Ruqiyyə deyilsən! - deyib bağırdı.
    Ruqiyyə cavabında:
  • Babam, səbəbi nə olduğunu bilmirəm, amma onu yəqin bilirəm ki, Əhməddən ayrılsam, ölümə vasil olacağam.
    Qoca kişi bağırmış dedi:
  • Öl, ölüm bundan yaxşıdır.
  • Baba...
  • Kəs! Sən mənim balam deyilsən! Sən bəlasan, bala deyilsən!
  • Baba, rəhm et!
  • Kimə? Atadan, anadan keçib yol ilə gedənə qoşulub gedən qızamı?
    Ruqiyyənin yaş ilə dolu, kövrəlmiş gözləri anasına tərəf baxdı. Bu gözlərin "ana, durma hayıma çat" dediyini qoca qarı anladı.
  • Ey, qoca kafir, saqqalın ağarıbdır, amma ağlına heç dən də düşməyibdir. Ruqiyyəni evdə qatıq iyməsinə tay tutmayacaqsan ki... Dəliqanlılardan biri tərlan göyərçini çalan kimi çalıb götürəcəkdir. Ruqiyyə sənin alt çənəni kəsib oturmayacaqdı. Bu zavallı qızın bəxtinə bu zavallı oğlan çıxıbdır. Ver, hər yana istəyir, aparsın. Nə qara tikan olub, bu ikisi bir-birinə meyil salıb sarmaşmaq istəyən güllərin arasında bitibsən?
    Qoca kişi dərin fikrə getdi, sonra özünə zor verib dedi:
  • Qoy sabah getsinlər.
    Qoca kişi durub təngildəyə-təngildəyə alaçığa getdi. Ruqiyyə ağlayırdı, qoca qarı da ağlayırdı. Amma mən... yox. Sabah açıldı, inəklər sağılıb sürüldü, qoca kişi bizim hamımızı alaçığa çağırıb yığdı və məndən sordu:
  • Gedirsənmi?
    Mən dinənməyib başım ilə işarə elədim. Xeyli müddət heç kəsdən bir səs çıxmadı, atasından anasına, anasından atasına heyran-heyran Ruqiyyə gözlərini dolandırırdı. Anasına baxanda Ruqiyyə aman istəyirdi, amma atasına baxdıqda onun üzündə, gözlərində dəhşət vaqe olduğuna vahimə duyurdu.
    Qoca kişi barmağını mənə tərəf uzadıb Ruqiyyəyə dedi:
  • Bu hərif ilə gedəcəksənmi?
  • Bəli, baba, istəyirəm...
    Cavabını Ruqiyyə öylə qəti bir surətdə verdi ki, qoca kişinin əlləri yanına düşdü. Bir dəqiqə keçmədi, bayaqkı aslan kimi tüklərini biz-biz edib məhabətli duran qoca, indi quzuya döndü... Fəqir, miskin, məzlum, can yandıran can yanğısından qoyşurula-qoyşurula gah mənim, gah Ruqiyyənin və gah da qoca arvadın üzünə boylanırdı.
    Dinmədim. Gözlərimi yerə dikdim... Qoca kişi öz-özünə yuxuda sayıqlayan kimi deyirdi:
  • Tək qaldıq, tək qaldıq. Qaldıq tək... Qəzadan imiş, qismət imiş, belə olacaqmış. Bilsəydim ki, bu tövr olacaqdır, Ruqiyyəyə bunu göstərərdimmi? Qarı, olmaya bu şeytandır, iblisdir! Ruqiyyə belə deyildi, yaxşı qız idi. Qızı olanlar bizə küsənirdilər... Yox, yox böylə olmaz idi. Bu, iblis özüdür. Ruqiyyə Allahın yaxşı bəndəsidir, gəldi, aldatdı... Yox... yox, bu hərif iblisdir, iblisdir, iblisdir!
    Qoca qarı qorxmuş mənə tərəf baxdı. Dodaqları dualar zikr edirdi. Qoca əsdi, Ruqiyyə ilə qoca qarı onu tutdular. Özümü qocanın ayağına saldım. Ayaqlarından öpməyə başladım.

XII

Hamımız, qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. Çoxdan tərk etdiyim vətənin havasını ürəyimə çəkib doldurdum, amma vətəndaşlarım mənim gəlməmə açıqqabaq göstərmədilər. Şad olmaqları və məmnuniyyətləri o yana dursun, bəziləri hətta mənim gəlməyimə təəccüb edirdilər. Bundan mən çox incidim. Öz ürəyimdə dedim: “Gəlmişəm bir, gedərəm iki.” Atamdan qalan yarısı uçuq damı tapıb sakit olduq.
İkinci gün Ruqiyyə şəhər dolanmasından usandı. Amma məndən gizlədirdi. On gün keçməmiş qoca kişi dedi:

  • Böylə yerdə partlaram, mən gedəcəyəm.
    Mən dedim:
  • Dayı, biz az da qal, şəhər məişətinə isinişərsən.
  • Yox balam, yox, mənə təsəlli vermə. Qara meşə qabağımda göy dağ başımın üstündə olmasa, qara naxırın, ağ sürünün mələrtisini eşitməsəm mən dolana bilmərəm. Bunlarsız dolanma mənə haram olar. Burada mən yata bilmərəm. Niyə? O yanda malın göyşəməsi, ilxının oxrantısı, qulağıma gəlmir, burda qalım? Necə qalım? Başım üstündə yarpaq-yarpaq ilə danışırmı? Yox, yox mən qala bilmərəm. Bir az da qalsam yəqin çatdayıb ölərəm. Qızım, sevgili balam.
    Ruqiyəyə tərəf baxdıqda gördüm ki, Ruqiyyənin gözlərindən yaş sel kimi axır.
  • Ruqiyyə, sən də darıxırsanmı? Ahu kimi seyr etdiyin otlaqlar, dırmaşdığın qayalar heç yadına düşməyirmi?
    Ruqiyyə cavab verməyib məlul-məlul, miskin-miskin, gözüyaşlı dodaqları və yanaqları titrər, mənim soyuq üzümə baxdı nə baxdı... O baxış məni o zaman hirsləndirdisə, qəlbimi cəhənnəmə döndərdisə, amma indi o baxış yadıma gələndə vicuduma bir yanma düşür ki...yanıb partlayıram, dudi-dumanım ərşə dirək olur. Dayan, yenə yanğı canıma düşdü, qoy özümə gəlim... ah, ah, ah!
    Dərviş iki əli ilə başına vurub yumruqlarını gözünün qabağına dayadı, özü də o yana, bu yana bir neçə dəfə ləngərlədi, sonra dedi:
  • Nə olaydı, bu baxışı sənə göstərə biləyim. O zaman o nə əsər, nə yanğı olduğunu cavan qəlbin anlardı. O baxış elə bir baxış idi ki, cəllad görsə idi xəncərini yerə atardı. Hərami görsə idi əl ayağı bağlanardı... Bu baxış nə deyirdi? O baxış deyirdi: “Öldürmə əfv et! Öldürürsən qanım halal!...” O baxışı onda mən qapmadım. Ruqiyyə ağlayırdı. Qoca kişi dedi:
  • Görürsən? Çallı-çəmənli, gur bulaq,göy dağlar, sarı qayalar yadıma düşübdür, ağlayır
    Mən cavabında dedim:
  • Çox fikir etmə, dayı. Arvad yaşı, bahar yağışı, yağar-yağar gün işıldayan kimi quruyar.
  • Yox, yox, sən deyən kimi deyil. O yaş quruyan yaşlardan deyil, gözlərindən yaş soğulsa, qan axar, qan soğulsa, qan ağlar. Ruqiyyə, qızım, qızlar oğlanlara, oğlanlar da qızlara qismətdirlər. Sən də bunu sevdin, öz canına bədəl bildin. Bizi, vətəni tərk etdin. Qəzadan bu iş böylə törəyəcəkmiş, törədi. Təğdirə təğyir yoxdur... Əhməd səni sevir, istəyir, yandım-yandım deyir. Əhməd sənə nə qədər yarım desə, qərarım desə, balü pərim desə, yenə qoca atanı unutma. İşdir, xudanəkərdə dara düşsən, cana yetsən, yarın əğyar olsa, "qoca babam, hardasan, durma, harayıma çat", - de. Yerlər qulaqlıdır, deyərlər. Dadın qulağıma çatar.
    Ruqiyyə işqıra-işqıra ağlamağa başladı.
  • Ruqiyyə, sən lap dəli imişsən! Ərə gedən atadan, anadan keçməzsə, necə olar? - Qoca Ruqiyyəni barmağı ilə göstərərək, - böylə olar!
    Burada mən istədim ki, söhbəti zarafata salam, dedim:
  • Qız anasından olanda bacalarına baxıb deyir, bu baca bizim baca deyil. İndi sənin bacan budur.
    Əlim ilə pəncərəni göstərdim, amma zarafatımdan da bir şey çıxmadı. Qoca kişi bir azdan sonra dedi:
  • İndi gedəsi oldum. Sağlıq ilə qalasan, qızım.
    Ruqiyyə özünü atasının üstünə salıb, ata-qız qol-boyun olub ağlaşdılar. Amma mən yox. Ağlamadım. Hələ həyasızlığım o dərəcəyə çatmışdı ki, acığım da tuturdu. Deyəsən, ata və bala vidalaşmağa haqları yox idi. Qoca kişi o günü axşam yola düşdü, bu tezliklə gəlməyini vədə verdi.
    Ruqiyyə bir neçə gün bihuş, sayə kimi dolandı, işi ağlamaq idi, evin bir tərəfində oturub, gözlərini uzaqda görünən qarlı dağlara zilləyib gömüldənirdi və pünhan ağlayırdı. Məni görcək göz yaşını silib üzümə gülümsəyirdi. Görürsənmi, bizə xoş gəlməkdən, bizə yaranmaqdan ötrü binəva arvadlar özlərinə nə zor verirdilər? Böylə şey, özünə zor vermək, adama qayət çətindir. Amma mən... Ona da mənim acığım tuturdu. Gizli ağlamağa da ixtiyar vermirdim...
    Ruqiyyə gün-gündən gül kimi solmaqda idi. Ürəyi darıxdığı, mənə aşkar idi. Bir dəfə dedim:
  • Ruqiyyə, çoxmu darıxırsan?
    Kefım açıq olduğunu bilib gülə-gülə dedi:
  • Şəhər-şəhər deyib söyləyirdilər, mən də cənnət kimi bir yer olduğunu hesab edirdim. Şəhəriniz cənnət deyilmiş, cəhənnəm imiş. Burada Tanrının havası da yoxdur ki, nəfəs alasan... Sən yanımda olmasa idin, indiyə qədər ölmüşdüm. Mənə can verən bir sənsən...
    Bu dağ çiçəyi bir əldən solmaqda idi. Evə girmək istəməzdi. Sabahdan axşama qədər qapımızda olan söyüd ağacının altında oturub qarlı dağlara baxırdı. Hərdənbir soruşurdum:
  • Ruqiyyə, niyə eşikdə oturubsan? Evdə otursan yaxşı olmazdımı?..
  • Evdə xəfə var, qaranlıqdır, otura bilmirəm. Eşikdə oturmaq şəhərdə eyibdirmi? Eyib isə, bundan sonra çıxmaram. Amma bu ağacın altında oturmaq mənə qayətdə xoş gəlir. Yarpaqlar xışıldayır, ürəyim tel-tel olur. Vətənim...
    Ruqiyyənin könlü vətənini döyürdü. Gurultu yağmur yağanda pəncərənin qabağında oturub tamaşa edirdi. Bir dəfə belə yağmurda tab edəmməyib, evdən dışarıya çıxıb, yağış altında dolanmağa başladı. Yerə çekçərmə çökəndə Ruqiyyə eşikdən evə gəlmək istəmirdi. Qapımıza bir buzov gəlmişdi. Ruqiyyə onu tutub iki qucağında sevdi...
    Ruqiyyə bir tərəfdən solurdu, saralırdı. Əvvəlki Ruqiyyədən bir səs qalmışdı, bir də saçlan idi...
    Ruqiyyə əlimdən gedirdi.
  • Əhməd, mən təngnəfəs oldum, nəfəs almağa burda hava da yoxdur, mən darıxıram.
    Ruqiyyənin sözlərinə belə cavab verdim.
  • Allahı sevirsən, başımdan əkil! Xəlqə yarayan hava buna yaramaz oldu. Səndən ötrü burda bir ayrı havamı lazımdır? Get, harda ölürsən, öl. Mənim başımı, beynimi aparma...
    Axır sözləri dəxi acıqlı dedim.
    Ruqiyyə bir söz deməyib gözlərini aşağı dikdi... Oxa dönmüş qara kirpikləri gözlərinin üstünə kölgə saldı. Bir dəqiqə keçməmişdi ki, yaş Ruqiyyənin burnunun ucu ilə şoralanıb töküldüyünü gördüm... Bu isə mənə xoş gəlməyib də dedim:
  • Dee! Yenə başladı. Ağlaya-ağlaya məni öldürüb ağlar qalarsan.
    Ruqiyyə yaşlı gözlərini qaldırıb mənə ötərgi baxdı və işqıra-işqıra mənə cavab verdi:
  • Səndə insaf əli yoxmuş...
    Bundan artıq bir söz deməyə qadir olmadı, Ruqiyyə eşiyə çıxdı. Bəli, məndən insaf əli xırpadan kəsilmişdi. Bundan özümdə əsər görmürdüm. Ruqiyyə o saat yanımda ölüb dəfn olsa idi, bir zərrə qədər də qulağıma girməzdi. Hələ, bəlkə, ürəkdən bir az şad olardım.
    Nə isə, Ruqiyyədən doymuşdum, usanmışdım. Hətta ayrı bir arvad almağı hərdənbir könlümdən keçirirdim. Öz-özümə deyirdim:
  • Bu nə idi alıb gətirdim? Tanrının heyvanı məndən başqa bir zad bilmir. Get bilmir, gəl bilmir. Anrı yox, bəri yox. Başıma bəla gətirdim. Mən buna rast gələn günü niyə dünya viran olmadı?

Təsadüfi şeir

Başqa şairlərin şeirləri