Can yanğısı
Səhifə 3 / 7 · 29%
VI
Ruqiyyə inəkləri eydirirdi, mən də sağırdım. Ruqiyyə mənə:
- Sən nə tez sağırsan, Əhməd! Mən eydirməmiş sən sağıb qurtarırsan.
Ruqiyyə adımı çəkdi, səsini eşitdim, qanım oda dönüb axdı, başımdan alov qalxdığını duydum. Cavab verdim:
-Nabələd deyiləm, Ruqiyyə!
Mən də bunun adını ürəyimdə yox, dilimdə zikr etdim. "Ruqiyyə" deməm bir ayrı səs ilə olduğunu, əhval-pünhanım Ruqiyyənin məhəbbət tellərinə toxunduğunu qandım, dedim: - Sən oynamaqdan gələnə qədər yata bilmədim.
- Əlbət, çox yorğun imişsən...
Nə isə südü sağıb ocağın qırağına apardım. Tez sağıb gəlməyimdən qoca arvad xoflandı və dedi: - Ruqiyyə, bu tezliklə sağılan mal yarı süd verər. Əlüstü bulaqdan su dolduran kimi oldu.
Ruqiyyə cavab verənə kimi qarı qazana baxıb tez mənim üzümə baxdı.
Qoca qarı başını bulayıb dinməz alaçığa getdi. Ruqiyyə üzümə baxıb qımışdı; üzərimə sabah günəşi doğan kimi oldu. Gül qönçəsində şəbnəm işıldayan kimi, dodaqları arasında dişləri almaz kimi parıldadı. Bu halda qoca kişi gülə-gülə: - "Mən sənə demədimmi ki, Əhməd qoçaq oğlana bənzəyir". Doğrudan da, arvadın saçı uzun, ağlı gödək olur, - deyərək alaçıqdan çıxıb ocağın qırağına gəldi.
- Əhməd, mənim qarım deyir ki, Əhməd bir saatın içində bir bölük inəkləri sağıbdır. Mən də yarım-yarımçıq sağıbdır sandım və danladım, baxanda mənim özümdən çox sağdığını gördüm, öz-özümə peşman oldum.
- Allah peşman etməsin, atam! - dedim.
İndi söylə görüm, tüfəng atmaq bacarırsanmı? - Fəmən-yəmən əlimdən gəlir, - cavab verdim.
- And olsun ikimizi yaradana, sən boş adam deyilsən. Ruqiyyə!.. Arvad!.. Bunlar haradadırlar, huy vermirlər?
Qoca kişi özü cilvəli oğlan kimi tərpənib alaçıqdan tüfəngi gətirdi və dedi: - Al, at, görək necə fəmən-yəmən bilirsən. - Qoca martini (aynalı tüfəng) aldım əlimə, dabanını aşağı basdım, ağzını əjdaha kimi açdı və patronu uddu. Qoca baltanı götürüb uzaqda duran palıd ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı, gəldi, tüfəngi üzümə qaldırdım, ağartı qaravula minər-minməz şeytana əl atdım, səs saldı... tüstü dağıldı. Ağartının ortasında bir qara gördüm, qoca kişi yüyürdü, oradan bağırdı:
- Lap ortasına!..
Qonşulardan da neçə adamlar gəldilər, qoca kişi qayıtdı: - Lap ortasına! Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu, çox hesab ilə vurdu!
Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim. Ruqiyyə idi. Qızlar ilə söhbət edirdi. Qonşulardan bir qoca kişi dedi: - Gülləsi dəyən yerə bir daha başqa güllə yapışdırsa, vurucu olduğunu sübut edər.
Qoca kişi mənə ümid bağlamışdı, dedi: - Mərcə girərsənmi?
Qonşu cavabında: - Girərəm, - dedi.
- Bir at! Qoyma, oğlum, at, sənindir.
Ruqiyyə dal tərəfimdə mələk-ül-hifz kimi durub vücudu ilə mənə ürək verirdi. Baxdım, üzümə qımışdı. Qoca martin yenə meşəyə gurultu saldı, tüstü dağıldı, gözümüzü oraya zillədik...
"Afərin, afərin!" səsi ağızlardan birdən qopdu. Nöqtə yenə bir idi.
Mən dedim: - Baxınız, bəlkə, güllə yan ötübdür.
- Doğrudur, - dedilər.
Qoca baltanı götürüb qonşu ilə getdi. Ruqiyyə lap şadlığından az qalırdı ki, ağlasın. Mənim belə deməyim bir az kefini pozdu...
Qoca kişi səsləndi: - Bir deşikdə, ikisi də bir deşikdə!
Ruqiyyə yenə də gül kimi açılıb güldü.
Mənim adım düşdü dillərə. Oğlanlar, qızlar, gəlinlər və qocalar məni gördükdə "gülləni gülləyə yamayan bu hərifdir", - deyib biri- birinə göstərirdilər.
Qarı da isinişdi, məni şirin buyurub sayrıyırdı.
VII
Qoca kişi ilə arvad axşamlar tez yatırdılar. Ruqiyyə ilə mən ocağı qalayıb gecənin bir müddətinə qədər söhbət edirdik. Mənim nə halda olduğum Ruqiyyəyə məlum deyildi və aləmi-məhəbbətdən buna bir kəlmə də deməzdim. Belə məsum cənnətdəki huri kimi bir zatə məhəbbətdən söz deyib könlünü bulandırmağa cürət etmirdim. Başım bəlalı idi. Bəlalı başıma gələndən söyləyirdim, diqqətlə qulaq asırdı və can yaxan yerində özünü saxlaya bilməyib ağlayırdı.
Ruqiyyə ağlayırdı... Bəli, Ruqiyyə ağlayırdı.
Zalımlar əlində sıxıntımı, namus və qeyrətimin ləkələndiyini, qan ilə onu təmizlədiyimi eşitdikdə, bir necə dəfə dedi: "Yazıq Əhməd, yazığım necə gəlməsin... axırda ürəyim yandı..."
Zindana düşüb əlim, ayaqlarım zəncirdə, qaranlıq, rütubət bir küncdə ac və susuz işlədiyimi eşitdikdə dedi:
- Ciyərim başı yandı, az qaldı ki, ağlayım...
Bu zindandan o biri zindana keçən vaxt yolda gecə vapordan suya düşüb, üzüb çayın kənarına çıxana qədər dalımcan tüfənglər atıb, məni fəna halda yaraladıqlarını, sonra üç gün, üç gecə səhralarda qalıb, ölüm ilə əlləşdiyimi biləndə tab eləməyib "füqəra, zavallı oğlan, məni ağlatdın", - deyib ahəstədən ağlamağa başladı... - Bizim aramızda belə zülmü özünə iş-peşə edən adam yoxdur, - dedi.
- Ruqiyyə, elə fikir etmə ki, başqa yerdə adamlar zülm, zillətdən qeyri özgə bir şey bilirlər... Siz burada Allahın qoltuğunda, dağların başında hər kəs özünə şad kimi dolandığı halda, orada "varlılıq, yoxsulluq" bir-birinə dolaşaraq əhalinin bir hissəsini edib soltan, o biri hissəsini qul, möhtac... bundan da zülm törəyir. Bu səbəbə adam adamı canavara dönüb yeyir, - dedim.
Ruqiyyə cavab verdi: - Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür...
Bir necə gün bundan sonra Ruqiyyə ilə ocağın qırağında söhbətə məşğul idik, birdən Ruqiyyə məndən sordu: - Əhməd, sən öz vətəninə gedəcəkmisən?
Sözümü deməyə, ürəyimdəkini açmağa yaxşı məqam düşdü, dedim: - Sənə bağlıdır...
Ruqiyyə təəccüblə dedi: - Necə mənə bağlıdır? Kef sənindir.
- Xeyr, əzizim, Ruqiyyə, mən sənə bağlıyam. Bu bağı kəssən, gedərəm. Yox daha məni bərk bənd etsən, qalaram.
- Mən anlamayıram nə deyirsən, Əhməd...
- Mən səni çox-çox istəyirəm...
- Mən də səni çox istəyirəm. Nə olsun?
- Mənə yar ol, Ruqiyyə...
Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı. - Böylə sözü qızamı deyərlər? - deyib durdu ki, getsin, mən əlindən tutub əylədim.
- Ruqiyyə, mən deməyirəm ki, ana və babansız mənə yar ol... Bir söylə, gözəlim, baban izn versə, mənə gələrsənmi?
Ruqiyyə gözlərini yerə dikib xeyli müddət cavab vermədi, axırda iki gül dodaqlarının arasından bu kəlmə çıxdı: - Babam verirsə, mən...
Ruqiyyənin yarpaq kimi titrək əlindən mənim əlimə bir atəş və yaxud göydə oynar şümşada bənzər bir şey keçib varımı yandıra- yandıra ürəyimdə yanan alova qarışdı. Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. Bir azdan kişinin gülüşünü eşitdim. Qulaq verdim. Qoca kişi: "Allah belə yazıbsa, mən nə deyim", - dedi.
Görünür, Ruqiyyə əhvalatı atasına deyibdir, şadlığımdan az qaldı ürəyim partlasın. Qoca kişi çıxdı: - Oğlum! Ruqiyyəyə "mənə gəl" demisən, onun da sənə meyli var. Mənim də sözüm yoxdur. Təəccüb qalmadınmı? Sizlərdə qərib bir adama qız verməzdilər. Amma bizlərdə görürsən, verirlər. Bizim üçün şah və gəda təfavütü yoxdur. Bunların mənası nə olduğunu bizlərdə tək-tək bilən var, o da bu axır zaman şəhər ilə bizim aramızda əlaqə düşəndən bəri bizim də aralığımızda adamdan adama təfavüt qoymaq hasil olur... Ruqiyyə sənə gedir, həmişə qalarsan, Ruqiyyə arvadın olar, gedərsən, kağızını verərsən. Biz sənə ixtiyar işlədə bilmərik.
Şadlığımdan gözlərim yaşarıb bir kəlmə söz deməyə qüdrətim çatmadı. Qocanın əlindən öpüb kənarda dayandım. Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə!..
Məhəbbət coşdu, məni bürüdü, "Ruqiyyə! Ruqiyyə!" dedirtdi. Ömrümün şişəsi Ruqiyyə idi. Ruqiyyə... sınar isə xakistər olaram, fikrimdə idi. Bəli!.. Ömrümün şişəsi sındı. Amma mən...
Qəzanın işi, çərxi-fələk peşəsi! Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır: qanxor, rəhmsiz, ikibaşlı əjdahadır, - deyib bağırırıq. Bağırmağa haqqımız varmı? Mən özüm-özümə etdim, buna qəza nə etsin?
VIII
Qulaq as, gör, özüm-özümə nə etdim.
Dərviş dayandı, könlü təlatümə gəlmiş dərya kimi daşıb nitqi bağlandı, boğazı boğuldu, nəfəs nəfəsə macal vermirdi, kəsilə-kəsilə zor ilə qəlbindən çıxırdı.
Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi, başladım qaşıq ilə içməyə. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə də danışmağa başladı:
- Bilirsən canımda nə yanğın var? Ruqiyyə məni, mən Ruqiyyəni gündən-günə artıq bir-birimizi sevirdik. Məhəbbət gülü könül bağında dərin kök atdı, nə mən, nə də Ruqiyyə buna mane olmadıq. Zəhmətimiz əfvayi getmədi. Dilədiyimiz arzuya nail olduq. Bir gün Ruqiyyə mənə birdən-birə dedi:
- Babam sənə söylədi razıdır, məni al, mən sənə gedirəm.
Mən mat-məbhut qaldım. Bilmədim röyamda bunu görürəm, yaxud zahirdə qulağım səsə düşdü? Ətrafa boylandım. Dünyanın üzərinə südrəngli ağ pərdə çəkilmişdi. Aya baxdım. Ay gülümsünürdü. Ulduzlara baxdım, yerlərində oynaşırdılar. Ocağa baxdım, qəhqəhəli gülürdü, alovumu oynadırdı. Meşə, gecə. Sirləri örtən, günah işi basdırıb dəfn edən gecə birdən-birə qulağıma pıçıldadı: "Durma, hərif, məhəbbət bazarı açılıbdır, bəxtin yuxudan oyanıbdır, tez xiridar ol."
Ruqiyyənin üzünə baxdım. Yanaqları rəng verib rəng alırdı. Köksü yuxarı qalxıb aşağı enirdi, bədəni əsim-əsim əsirdi.
"Səni aldım, yarın oldum" - qışqıraraq ağuşumu açdım. Ruqiyyə ilan kimi qolumun arasından züyüldəyib çıxdı və ilan kimi ayaq üstə durdusa da, ləngərləyib qucağıma yıxıldı. Lakin tez ayağa sıçrayıb durdu və çıxıb getdi.
Özümü itirdim, nə etməliyəm bilmədim, əhvalım təğyirləşdi, huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum. "Ruqiyyə!" deyib bağırdım. Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin, ocağın qırağında qaldım...
Ay qara buludun dalına girdi, yenə qara pərdə çəkildi, ocağın alovu söndü, meşədə xışıltı artdı, quşlar sakit oldular.
Bir zaman eşitdim: - Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər!
Bu, qoca kişi idi, durdum. Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. Qoca kişi ilə qoca arvad ocağın qırağında oturmuşdular. Kefləri yox idi, nə var idisə, ürəyimə qan damdı, qoca arvad mənə dedi: - Balam, Ruqiyyə naxoşlamış, güyümü apar bulaqdan su gətir!
Ruqiyyə günortaya yaxın durdu, amma kefi yox idi.
Üzünə baxdım, üzümə baxmayırdı. Üç gün kefsiz dolandı. Gecələr oynamağa gedirdi. Amma oynamazdı, gülməzdi, köksünü ötürürdü. Yoldaşı Ayişənin "Ruqiyyə, niyə kefin yoxdur?" - sualına "Sonra sənə söylərəm", - cavab verirdi. Ruqiyyənin belə süst halı qarını qorxudurdu. Ruqiyyəyə cin dəymiş hesab edirdi. Evdə davam edən belə bir hala tab eləməyib, bir sabahı mal arxacının qulağında fıkrimə nə gəldisə, birdən-birə qoca kişiyə dedim: - Dayı, mənə rüsxət ver, mən gedim, - və özüm də təəccüb etdim. Amma söz ağzımdan çıxmışdı. Fəqir kişi lap mat qaldı:
-Necə, oğlum? Burda məgər... Mən anlamayıram. - Yox, dayı, sizdən mən çox razıyam. Atadan, anadan görmədiyim hörməti, məhəbbəti mən sizdən gördüm.
- Özgə nə səbəb var isə söylə!
- Səbəbi özünüzə məlumdur.
- Məndən aşan iş isə, oğlum, qət-ümid olub, bizi atıb getmə.
- Bəxtimə ümidim yoxdur, dayı. Bəxt dediyin kəsilməmiş, zahiri gözəl bir almadır, birdən çürük çıxdı. Onda sən nə edəsən, mən nə edim?
- Burdan getmək sənə bəxt açan isə mən nə deyə bilərəm, oğlum, ixtiyarın var.
Evə gəldik. Ruqiyyə də evdə idi. Qoca kişi arvadına dedi: - Əhməd gedir.
- Hara gedir?
- Vətəninə gedir.
- Hara gedir?
- Bilmirəm. Bizi qoyub gedir. Hara gedir, özü bilir, Allah yaxşı yol versin!
Ruqiyyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaş ilə dolub həlqələndi, rəngi-ruhu qaçdı. Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldadı. Az qaldı canıma yanğı düşsün.
Qoca arvad dedi:
-Qoyma getsin, üzümüz-gözümüz öyrənibdir. Oğul gözündə görmüşük, biz ki ona bir yamanlıq etməmişik, niyə gedir? - Kefi elə istəyir, mən nə eləyim?
Mən istədim ki, "salamat qalasınız" deyim, yaş məni boğdu, deyə bilmədim, ağladım. Qoca kişi də, qarı da ağladılar. Ruqiyyə durub alaçığa qaçdı, orada şarpadan yıxıldı. Qoca kişi də, qarı da oraya yüyürdülər. Mən də özümü oraya saldım... Ruqiyyə yaralı ahu kimi özündən getmişdi.
Ruqiyyə özündən getdi...
Qoca qarı özünü yola-yola mənim qabağımda dayanıb dirənmiş, lap gözümün içinə baxdı və sonra dedi: - Səs ver, səs ver, cana gəlsin...
Özümə gəldim, toxtaqlanıb özümü Ruqiyyənin üstünə saldım, əlimi aynalıya uzadıb dedim: - Dayı, dur məni öldür, dur məni buna qurban elə, mənim qanım, canım Ruqiyyənin yolunda qurbandır!
Qoca kişi geriyə sərpilib əqli başından sıçramış, təngildəyə-təngildəyə dala duraraq əlini belindəki əyri xəncərə uzatdı. - Əlini saxlama dayı, öldür məni...
- Yavaş! Yavaş! Ya yuxudayam, ya divanəyəm. Yavaş! Yavaş!
- Ya öldür məni, yaxud Ruqiyyəni mənə ver. Bu ikisindən biri olmasa, dünya mənə haramdır!
Qoca kişi qeyzə gəldi: - Nəməkbəhəram, şeytan, dala çəkil!
Xəncəri çıxardı. - Ruqiyyə mənə qismət deyil, öldür...
Başımı Ruqiyyənin döşünə qoyub ölümümü gözümün altına gətirdim, qoca xəncəri endirən zaman qarı qolundan yapışdı: - Qoca kafır, saqqalını qana bulamaqda nə var?
Ruqiyyənin bəxtinə çıxıbdır, ver getsin. - Qoca şeytan, dala dur, səni öldürərəm!
- Öldür, amma özün fikir elə, bir həftə bundan qabaq Ruqiyyəni Əhmədə verək deyən sən deyildinmi? Əhməd qızını intihasız, hədsiz-hesabsız sevibdir. Sidqi dildən gələn məhəbbət ağaclar dibində, kol dalında burma qaranlığından izah olmayıb, igid oğlu kimi meydana çıxdı. Əhməd Ruqiyyənin kişisidir.
Qoca kişi əllərini saldı, xəncər əlindən yerə düşdü. Ruqiyyəni özünə gətirdikdən sonra bizi qucuyub "Allah sizə yar olsun, Allah sizə pənah olsun", - deyib bizimlə bərabər ağladı... Ruqiyyə ağladı... Mən ağladım... Dördümüz də ağladıq. Bu ağlamaq ayrı ağlamaq idi... Belə ağladıqca yenə ağlamaq istəyirsən, yaşın hər bir qətrəsi sənə təsəlli verir. Yağış nə qədər gurultulu yağsa, sonra hava o qədər xoş və aydın olur...
Kitabxana.az · https://kitabxana.az/works/abdulla-bey-divanbeyoglu-can-yangisi
Başqa şairlərin şeirləri
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,