Əldən gedər
Bu cahanda istədiyim mehriban əldən gedər,Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər.Bel bağlama bu fənaya, hərgiz etmə etibar,Bir nəfəsdir, bir qəfəsdir, cismi-can əldən gedər.
Yerə, göyə qərar qoyan qadiri-sübhanı bil,Hər nakəsə yoldaş olma, yaxşı dostu tanı, bil.Əyrilərə qurulacaq ədalət divanı, bil,Namərdlərə olmaz onda bir güman, əldən gedər.
Qurban deyər: bəndəsindən bir xaliq üz döndərə,Qurğusunu yana əyə, çərxini tez döndərə.Arifə bircə işarə, nə lazım söz döndərə,Bir nadan mətləb qanınca, yüz qanan əldən gedər.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-elden-geder
← → düymələri ilə keçid, R — təsadüfi şeir