Bir də mən görsəm ki...
Səhifə 2 / 8 · 13%
İki qatar qızıl dişləriylə gülə-gülə içəri girdi.
– Ay salaməleyküm, ay hər vaxtınız xeyir. Necəsiniz? Yaxşısınız.
– Bu da onun zarafat formalarından biri idi. Özü sual verib özü də cavab verərdi: “Saat neçədir? Beşin yarısı. Hardan gəlirsən? İşdən”. Sonra da gülərdi.
Mürşüd Nemətgilin qonşusu idi. Özü də diş həkimiydi. Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman bəməzə oğlandır və bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, neçə deyərlər, ağır bir yük kimi onun boynuna düşmüşdü. Hər yerdə, hər məclisdə, hər saniyə, hər dəqiqə məzəli olmaq yolunda yeddi qat qabıqdan çıxardı. Mürşüd gələndə səsi otağı başına alardı, otağı güclü radiostansiya efiri dolduran kimi doldurardı.
– Nizami demişkən, cücəni payızda sayarlar, – dedi. – İndi gəlmişəm, Nemət qağa, səndən qisas alım.
Dünən Nemət şahmatda onu dörd əl dalbadal udmuşdu.
– Dünən xoruzumu verdin qoltuğuma. Arvad sübh tezdən məni oyadıb ki, get bir toyuq da al evdə ptisaferma düzəldək. Dedim, arvad heç elə söhbət yoxdur, – əlini daz başına çəkdi, – eşitməmisən keçəl suya getməz. Bu xoruz əmanətdir. Nemət qağadan əlborcu almışam. Sabah şəxsən aparıb qağamın qoltuğuna verəcəm. Nizami demişkən: borclu borclunun sağlığını istər.
Nemət:
– Nizami müəllimin bir başqa kəlamı da var, – dedi. – Rəhmətlik yaxşı deyib ki, daldan atılan daş dəysə-dəysə, topuğa dəyər, – o da Mürşüdün yumoruna alışmış və onu mənimsəmişdi.
Mürşüd:
– Ay Allah ölənlərinə rəhmət eləsin, – dedi. – İndi mən səni elə udacam ki, heç Nizaminin Gəncədə ruhu da inciməsin.
Nemət:
– Məni şahmatda udmaq, tul işdir, – dedi. – Mən yaxşı məktəb keçmişəm. Müharibə vaxtı, uşaq idim onda, anamdan gizlin qonşunun oğluyla marqarinə oynayardıq. Bilirdim ki, ölsəm də gərək udam. Doğrudan bir dəfə də uduzmadım.
Mürşüd:
– O ki qaldı mənkuhatın müəzzəm faidələrinə, burada mətləb bir az tuldur, – dedi.
Mürşüddən beş dəqiqə sonra Mənzər gəldi. Mənzər Mürşüdün arvadı idi. Həmişə də belə edərdilər. Ya əvvəl ər gələrdi, beş dəqiqədən sonra arvad təşrif buyurardı. Ya da tərsinə.
Mənzər:
– A kişi, hardasan, səhərdən səni axtarıram, – dedi. – Salaməleyküm. Nemət qardaş.
– Hardayam? Çəkməmin üstündə, papağımın altında, köynəyimin içində.
Mənzər şaqqıldayıb əliylə ağzını yumdu,
– Aa, aa, – dedi. – Bacı, deyəsən, xəmir yoğurur. Mürşüd, səsivi çıxarma, düşbərə-qutaba qonağıq.
Mürşüd:
– Mən srağagündən hazır, – dedi, – mən düşbərə-qutabın köhnə Məcnuniyəm.
Sürəyya:
– Gözümüz üstə yeriniz var, – dedi. – Sabah üçdə buyurub gəlin.
Mürşüd:
– E, yox, – dedi. – Nisyə girməz kisəyə. Sabah nisyə söhbət oldu. Çərxi-dövranı bilmək olmaz. Zəifcanlı oğlanam. Qan təzyiqim yüksək, özüm də radikulit. Nə bilim sabaha salamat çıxacağam, yoxsa yox. Nizami yaxşı deyib ki, bu günün işini sabaha qoyma:
Mənzər:
– A, bacı, mübarək olsun, – dedi. – Deyəsən, təzə priyomnik almısız.
Mürşüd iki əlini daz başına vurdu:
– Vaxsey, vaxsey, arvad, – dedi. – Məni biabır elədin. Ağız, bu ki maqnitofondur, priyomnik deyil, çox mübarək, sağlığınıza qismət olsun, mən də bayaqdan görmürəm.
Mənzər:
– Nə bilim, a kişi, – dedi, – evimizdə bişməyib, qonşudan gəlməyib...
Mürşüd “ciddiləşdi”.
– Yox, arvad, sən lap ağ elədin. Qonşun sənə düşbərə-qutab bişirir, bəs deyil, hələ üstəlik maqnitofon da bişirsin?
Mənzər şaqqanaq çəkdi:
– Ay kişi, heç bəndə sənin dilinə düşməsin.
Mürşüd:
– Yox da, – dedi, xeyli gülüb birtəhər sakitləşdi. – Mən ölüm, düz demirəm, Nemət qağa? Kişisən, vur bura. Deyir, qonşuda bişməyib. Balam hansı vilayətdə görünüb ki, qonşu-qonşuya maqnitofon alsın?
Bikə xala:
– Sizin kimi qonşuya adam lap canını da qurban eləyər, – dedi. – Vallah, xeyirdə, şərdə qonşu adama qohumdan yaxın olur.
Nemət: “Qonşu mövzusu, – deyə düşündü, – on beş dəqiqə çərənləyəcəklər”.
Mürşüd:
– Can Bikə xala, – dedi, – varam sənin o bal kimi şip-şirin şəkər dilinə. Belə dili olan adamın dişləri də gərək cabaca olsun. Sabah gəl sənə müftəcə düz otuz iki dənə təzə diş qoyum. Amma, Nemət, zarafat bir yana dursun, qonşuluq ki var, doğrudan ayrı aləmdir.
Nemət: “Yox, deyəsən tab gətirə bilməyəcəyəm”, – deyə düşündü. – “Mürşüdün yumoruna birtəhər davam gətirmək olar, amma üstəlik izhari-məhəbbətinə də qulaq asmaq!”.
– Əlbəttə, Mürşüd, – dedi, – söz ola bilməz ki, qonşuluq ayrı aləmdir, – Birdən gözü maqnitofona sataşdı. – Bilirsən, dedi, indicə səsimizi yazmışdıq. Qiyamət çıxıb, qulaq asmaq istəmirsiniz?
Mürşüd:
– Bax, bu olar, rəhmətlik Nizami demişkən əmiri. Qur, qulaq asaq, Nemət qağa. Yaxşı deyiblər ki, hər şeyin köhnəsi, maqnitofonun təzəsi.
Nemət maqnitofonu qurdu. Hər adamın səsi gələn kimi Mənzər içini çəkirdi:
– Vaxsey, vaxsey, Nemət qardaşdır, Mənzər canı, Nemət qardaşdır. Sürəyya bacı. Sürəyya bacıdır. Oh, Bikə xala, canımçün, Bikə xaladır, elə bil maqnitofondan ən azı Nəsrəddin şahın səsi gəlməli idi, onun yerinə Nemət, Sürəyya, Bikə xala danışıb Mənzəri mat-məəttəl qoyurdular.
Mənzərin kəşfləri davam edirdi:
– Karmeniçka, Cildiçka! – deyə çığırırdı.
Mürşüd:
– Murzik, – deyə dik atıldı. – Murtuz, Balayeviçi deyir? Evinəcən, Karmen bala! Ay sənin oyunun olsun.
Maqnitofondan Nemətin səsi gəldi.
– Bir də mən görsəm ki...
Sonra sükut başlandı.
Nemət:
– Vəssalam, – dedi, düyməni basdı.
Mürşüd:
– Görsən neyləyəcəksən, Nemət? – dedi. – Mən ölüm, qulağıma pıçılda.
– Heç nə, əşi...
Mənzər:
– Vaxsey, vaxsey, qiyamət imiş, – dedi. – Nemət qardaş başına dönüm, ver bir də qulaq asaq.
Nemət düyməni basdı. Bir də qulaq asdılar.
Mənzər yenə səsləri tanıyır:
– Sürəyya bacı! Bikə xala! Vay evinəcən, – deyə qışqırırdı:
Yenə Nemətin səsi gəldi.
– Bir də mən görsəm ki...
Nemətlə Mürşüd şahmat oynamağa başladılar.
Mürşüdün adəti vardı. Oynayan vaxtda aramsız danışır, oxuyardı.
– Deyir, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Yaxşı, Nemət müəllim, mən burdan sənə şah desəm, hara gedərsən? Aha, bura, çox gözəl, çox da pakizə, deyir qızım sənə başmaq alım, al dədə, qurbanın olum. Al, bir dənə də şah. Deyir şax, şax, uşaqsan, uşax. Dərsə gedən bir uşaq, çıxdı buz üstə qoçaq, durdu qoçaq neylədi, buza belə söylədi. Nə söylədi, söylədi ki, mən bu topu götürürəm, bu atla, soruşsan niyə deyərəm neçin ki, lazımdır, Deyir, dağlar dağımdı mənim, qəm oylağımdı mənim, dindirmə, deyir, qan ağlaram, çünki yaman çağımdır mənim, hə... ki... qızı verdilər keçələ, bəs bir gün gördülər... nə gördülər, gördülər ki... şah, bir də şah deməli, belə getdin, çox yaxşı, indi sən mənə şah deyirsən, lap əcəb eləyirsən, – birdən-birə elə bil Mürşüdün söz axını qurudu, bir az tutulan kimi oldu, başını qaldırıb maddım-maddım Nemətə baxdı, – boy, mən matam ki, – dedi, – ə, bu necə oldu, ə? Bu biri topu görmədim zəhrimarı, ay sənin saqqalın ağarsın, pah atonnan, udmuşdum e, əməlli-başlı səni sıxışdırırdım, tfu, andıra qalasan belə oyun. Yaxşı, birini də düzək.
Dəhlizdən səslər gəldi.
Sürəyya:
– Xoş gəlmisiz, keçin içəri, – deyirdi.
Nemət səslərindən gələnləri də tanıdı. Sürəyyanın ortancıl bacısı Tahirə və onun əri Cabbar idi.
Nemət ayağa durub onların qabağına çıxdı.
Cabbar Allahın fağırı idi. Vur qapazı başına, al çörəyi əlindən. Tahirə isə atmaralı idi.
Ər də, arvad da kimyaçı idilər. Ər elmlər namizədi. Arvad elmlər namizədi. Ər indi doktorluq dissertasiyasını yazırdı.
Cabbar sözləri çox aydın və təmkinlə tələffüz edər və sırf ədəbi dildə danışardı: “Mən və Tahirə artıq beş ilə yaxındır ki, nikahdayıq. Biz mütəmadiən hər axşam dənizkənarı bağa gedib təmiz hava qəbul edirik” və b. k.
Sısqamətən bir oğulları vardı. Nemət onu görəndə ürəyindən qara qanlar axırdı. Çünki haçan görsəydi Tahirə ritorik suallarla uşağın canını boğazına yığırdı: “Alik necə çörək yeyir? Alik pis çörək yeyir. Bəs, Fatik necə yeyir? (Uşağın adı Fuad idi) Fatik yaxşı yeyir. Alik mamasını neyləyir? Alik mamasını incidir. Bəs, Fatik? Fatik mamasının sözünə baxır”.
Uşaq bütün bu ritorikanı çox laqeyd və biganə görkəmlə dinləyirdi. Mənfur Alikin kim olduğunu heç kəs bilmirdi. Tahirə özü də bilmirdi. Nemətə elə gəlirdi ki, bu mifik bir varlıqdır. Fatikin mələkliyiylə müqayisə üçün peyda olmuş bir iblisdir.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-bir-de-men-gorsem-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Başqa şairlərin şeirləri
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,