Bir də mən görsəm ki...
Səhifə 3 / 8 · 25%
Bir həftə bundan qabaq Cabbargil təzə mənzilə köçmüşdülər.
Amma köçməyə çoxdan hazırlaşırdılar. Altı ay söhbətlərinin əsas mövzuları mənzil məsələsi idi.
Bundan əvvəl isə düz üç il ayrı mövzuları vardı. Üç il bundan qabaq Dunayla səyahətə çıxmışdılar, altı ölkədə olmuşdular. Nemət düşünürdü ki, özlərinə bilmirəm, amma camaata bu səyahət çox baha oturdu. Kim, harda, nədən danışsaydı Tahirə dərhal onun sözünü ağzında qoyub deyərdi:
– Yadında, Caboş, biz Rumıniyada olanda...
(Ümumiyyətlə, onda bu xasiyyət vardı, birinci növbədə ərinin, sonrakı növbələrdə başqalarının sözünü yarımçıq kəsib ya etiraz edər, ya təshih edər, ya da tamam başqa, heç dəxli olmayan bir məsələdən danışmağa başlardı).
Cabbar da təmkinlə:
– Bəli, Tahirə, – deyə cavab verərdi. – Lap yaxşı yadımdadır.
Tahirə ərini Caboş çağırırdı. Bilmirəm bu bacılarda nə adətdir. Alya da o boyda zırpı kişiyə Murzik deyir.
– “Caboş, Murzik! Yaxşı ki, Sürəyya mənə belə bir ad qoymayıb”.
Nemətin yanında Caboş, ya Murzik deyəndə əti tökülürdü. Çimkinirdi, elə bil qapının dalından açıq-saçıq bir səhnə, ya başqasının yığışılmamış yorğan-döşəyini, yad adamın alt paltarını, ya nə bilim nələr görürdü.
Tahirə:
– Caboş, – dedi, – görürsən. Sürəyyagil təzə maqnitofon alıblar.
– Bəli, görürəm. Çox mübarəkdir. Sağlıqlarına qismət olsun.
– Sağ ol.
– Yadında, Caboş, Avstriyada maqnitofon gördük e, belə sarı qutuda?
Nemət: “Aman Allah”, – deyə düşündü.
– Təzə eviniz necədir? – deyə soruşdu. Hər halda ev söhbəti nisbətən təzə idi, qulağı yağır eləməmişdi.
Cabbar:
– Yaxşıdır, – dedi. – İki balkonu var. Hündürlüyü üç metr. Köhnə layihəylə tikilib. Qəşəng. – “Qəşəng” onun ən çox işlətdiyi söz idi.
– Çox yaxşı oldu, mən elə bilirdim tualetlə hamamı bir yerdə olacaq. Təzə evlərdə belə olur axı... Amma baxtımız gətirib. Qəşəng. Sürəyyanın içəri girdiyini görüb bir də təkrar elədi:
– Hamam ayrı, tualet ayrı. Qəşəng.
Əliylə qəribə bir hərəkət elədi. Güman ki, tualetin formasını təsvir edirdi.
– Qəşəng, – dedi, – ağ kafel. Mətbəx də, hamam da. Duşu bir balaca...
Tahirə onun ağzından vurub.
– Bilmirəm, nə duş, duş salmısan, – dedi. – Yaxşı, qərara gəldik axı ki, usta çağırıb dəyişdirəcəyik.
Cabbar:
– Əlbəttə, – dedi, – amma mən...
Tahirə:
– Çox evdə kafel vurmurlar, – dedi, – gərək özün vurdurasan.
Cabbar:
– Nemət, – dedi, – bir təmiz, keyfiyyətli kafeldir ki, Tahirənin, Sürəyyanın canıyçün. Baxanda adamın ağzı açıq qalır.
O, həmişə arvadının canına and içirdi. Nemətlə danışanda Sürəyyanı əlavə edərdi. Murtuzla danışanda Alyanı.
Sürəyya:
– Nemət, – dedi, – maqnitofonu qursana! Tahirəgil qulaq assınlar.
Nemət düyməni basdı, dərhal da səsi eşidildi:
– Hə, bir şey deyin.
Tahirə:
– Sənsən? – dedi.
Nemət başını yellədi.
Sürəyyanın səsi gəldi:
– Yazır?
Tahirə:
– Caboş, Sürəyyadır e, – dedi.
Cabbar:
– Qəşəng, – dedi.
Sürəyyanın səsi gəldi:
– Demək, mən demək istə...
Gülüşdülər.
Cabbar:
– Qəşəng, – deyə təkrar etdi.
Karmen “Murzik” deyəndə yenə gülüşdülər.
Mürşüd:
– Murtuz Balayeviçin qulağına çatar, yaxşı düşməz, – dedi, – inciyər.
Tahirə Sürəyyanın qulağına tərəf əyilib Alyagildən nə isə danışmağa başladı. Cabbar gözlərini qırpmadan diqqətlə qulaq asır, vaxtaşırı:
– Qəşəng, qəşəng, – deyirdi.
Nemətin səsi gəldi:
– Bir də mən görsəm ki...
Sükut.
Mürşüd Cabbarı yeni mənzilləri haqqında sorğu-suala tutmuşdu. Nemət qulağının ucuyla Cabbarın sözlərini eşidirdi.
– ...ayrı, hamam ayrı. Qəşəng.
Cabbargil gedəndə dəhlizdə Sürəyya dedi ki, sabah saat üçdə nahara bizə gəlin. Elə-belə. Özümüz olacağıq.
Bir azdan Mürşüdgil də durdular. Dəhlizdə Sürəyya dəvətini təkrar etdi.
Mürşüd:
– Qapını ayağımızla açaq, əlimizlə? – dedi.
Sürəyya başa düşmədi.
Mürşüd:
– Sürəyya bacı, lap dilbilməzsiniz, – dedi, – deyirəm yəni əlidolu gələk?
Sürəyya:
– Yox, yox, nə danışırsınız, – dedi, – ayıbdır.
Sürəyya boşalmış fincanlar, mürəbbə qabları düzülmüş süfrəni yığışdırmağa başladı.
– Alyagilə özün zəng eləsən yaxşıdır, – dedi. – Murtuzun xasiyyətini bilirsən ki. Mən zəng eləsəm çestinə dəyər.
Nemət dəstəyi götürüb zəng elədi.
– Murtuz Balayeviç, – dedi, – çox xahiş edirik sabah Alya xanımla birlikdə bizə təşrif buyurasınız. Saat üç üçün. Elə-belə, özümüz... Yox, heç bir münasibəti-zadı yoxdur. Öz canımçün düz deyirəm. Vallah, yox. “İşə düşmədik! Xeyr a, gərək anket dolduram”. – Əşi, yox, Karmenin yaşı apreldədir. Cildanınkı noyabrda, Nərgizinki mayda, Sürəyyanınkı da maydadır. Mənimki? Mənimki heç bilirəm ki... Hər halda lap yəqin sabah mənim yaşım deyil... Aha... Di sağ olun.
Murtuz Karmenlə Cildanın atası Əsədin cəbhə dostu idi: Bəlkə elə buna görə Nemətlə heç ulduzu barışmırdı. Nemət yazıq ona hər cür ehtiram göstərirdi. Necə olsa böyük bacanaq idi. Nemətdən də, Cabbardan da neçə yaş böyük idi. Özü də çox zəhmli adam idi. Lap, “ağır oturub batman gələnlərdən idi”. Boy-buxun, bazburut, maşallah! Çal saçlar. İstefaya çıxmış polkovnik Murtuz Murtuzov.
Orden-medallarının hamısını taxanda sinəsində iynə sancmağa yer qalmazdı. Zövcəsi də özü kimi boylu-buxunlu, gözəl arvad idi.
Firəngiz adlı bir qızları və Spartak adlı bir oğulları var idi.
Nemət:
– Yaxşı, mən gedim yatım, – dedi, – sabah tezdən duracam. Mənzər dəhlizdən içəri boylandı:
– Hələ yatmamısınız ki? Siz allah bağışlayın ha. Mürşüdlə spor eləmişik. Deyir orda Bikə xalanın səsi yoxdur. Qurban olum, Nemət qardaş, qoy ona bir də qulaq asım, özüm öz qulağımla.
Nemət maqnitofonu qurdu:
– Qurtaranda bu düyməni basın, – dedi.
Özü o biri otağa keçdi. Öz səsini eşitdi.
– Hə, bir şey deyin.
Soyunub yerinə girdi. Əliylə çarpayısının yanında divara vurulmuş xəritəni sığalladı. Barmaqlarını qoyduqca qaranlıqda Qazaxıstandakı yer adlarını yada salırdı. Qaratal, Ağsuat, Ayaquz...
Səhra, çöllər, alaçıqlar... O yerləri təsəvvüründə canlandırmağa çalışdı. Yavaş-yavaş xumarlandı. Yuxu aramla onu öz girdabına, bataqlığına çəkib apardı. Alaoyaq halda o biri otaqdan öz səsini eşitdi:
– Bir də mən görsəm ki...
Sonra sükut və qaranlıq qovuşub qapandı...
Birinci Dadaş gəldi. Düzdür, Mürşüdgil ondan qabaq gəlmişdi. Ancaq daha onlar qonşu idi, onlar heç. Dadaş həmişə məclisə tək gələrdi. Nədənsə arvadını adam içinə çıxarmazdı.
– Qiyamət evin var ki, – dedi, – elə bu pəncərə nəyə desən dəyər. Axar-baxarı qiyamətdir.
Nemətlə pəncərənin qarşısında dayanıb şəhəri seyr edirdilər. Nemət izahat verirdi:
– Odur Qız qalasının təpəsi görünür. Sağ tərəfə baxın. Dənizdən beləsinə. Aha, o, Nizami muzeyidir. Yox, kino bu tərəfdədir. Bax belə, barmağımın tuşuyla baxın.
Mürşüd:
– Dadaş Mamedoviç, – dedi Nemət onu Dadaşla on dəqiqə bundan qabaq tanış etmişdi. Ancaq Mürşüd artıq Dadaşın atasının adını bilirdi, ümumiyyətlə, Mürşüdün ata adlarına xüsusi hafizəsi vardı. Az çox üzdə olan adamların hamısının atasının adını bilirdi.
Dadaşın eşitmədiyini görüb bir az ucadan təkrar etdi:
– Dadaş Mamedoviç, eşitdiz də, Xosrov Teyyuboviçi keçirtdilər Azprodsovetə.
Mürşüdün başqa bir keyfiyyəti inzibati dairələrdəki dəyişiklikləri əvvəlcədən yerli-yataqlı bilməsi idi.
Dadaş bir an maddım-maddım Mürşüdə baxdı.
– Xosrov Teyyuboviç kimdir? – deyə soruşdu.
Amma Mürşüd ondan da artıq məəttəl qalmışdı.
– Xosrov Teyyuboviçi tanımırsınız? Qaçayev Xosrov Teyyuboviçi də. Bir vaxtlar Şamaxıda prokuror işləyirdi, sonra keçirtdilər Maştağıya ispolkom. Bu saat deyim sizə, yaxın olsun tanıyasınız. Qardaşı Əsgər Süleymanov Maarif Nazirliyində işləyir. Əsgər Teyyuboviç. Doğma qardaşdırlar, amma familləri ayrıdır. Tanıdınız indi?
– Hə, hə, qara Əsgərin qardaşıdır?
Mürşüd irişdi:
– Düzdür, düzdür. Qara Əsgər də deyirlər ona, hə, Xosrov Teyyuboviç onun doğma qardaşıdır. Amma araları, deyəsən, bir az sərindir.
Dadaş:
– Qardaşını tanımıram, – dedi, – ancaq qara Əsgər cüvəllağının, badalağın biridir.
Mürşüd yenə irişdi:
– Lap düz deyirsiniz, lap düz.
Mürşüd hündürboylu idi. Ancaq bir balaca rütbəli adam görən kimi elə bil zahirən də kiçilir, cürübbəzləşirdi. Nemət düşündü ki, yaltaqlıq çox pis şeydir, ancaq uzun-hoqqar adamın yaltaqlığı lap dəhşətdir.
Zəng çalındı.
Cabbarla Tahirə gəldilər.
Murtuzgil ən azı bir saat gecikəcəkdir. Bir saat onların gecikmək reqlamenti idi.
Qapı açılanda mətbəxdən otağa iy doldu.
Mürşüd Dadaşa baxdı, hırıldadı və ləzzətlə əlini-əlinə sürtüb:
– Deyirəm plovu nimçələrə çəkək, – dedi. – Daha gələn olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-liman-bir-de-men-gorsem-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Utopik və antiutopik nağıllar)*O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.*
İkinci nağılBir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Başqa şairlərin şeirləri
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,