Yeddinci fəsil
Səhifə 2 / 5 · 20%
– Nədir, Zaurik, darıxmırsan ki? – Təhminə ona yanaşdı və Zaur yenə də öz-özüyçün qeyd elədi ki, Muxtar olmayanda Təhminə həmişəki kimi “Zaurik” deyir. – Ya kino ulduzlarına tamaşa eləyirsən?
Zaur:
– Bəli, – dedi, – canlı Larionovanı gördüm indicə.
Təhminə də eyni zarafatcıl ədayla:
– Mən də canlı Tixonovu gördüm, – dedi.
– Dostlar, siz allah bağışlayın, – Muxtar onlara tərəf gəldi, amma yenə də hansı tanışınısa gördü, salamlaşdılar, qucaqlaşıb öpüşdülər.
Təhminə:
– Qəribə adamdır, – dedi. – Bax televiziyada da belədir. Hamı tanıyır onu, özü də hamının ürəyi gedir onunçün, görən kimi bağırlarına basıb öpürlər... Niyə belə qaşqabaqlısan, Zaurik?!
Zaur:
– Yox, – dedi, – kefim lap kökdür. – Və birdən-birə lap səfehcəsinə soruşdu: – Məni daha sevmirsən?
Təhminə güldü:
– Dəli, əlbəttə sevirəm... Elə darıxırdım səninçün bütün günü ki... Bəs, sən neyləmisən bütün günü?
Zaur cavab verməyə macal tapmadı. Muxtar qayıdıb gəldi və Təhminə indi də Muxtara müraciət elədi:
– Muxtar, o yelpicli qadın kimdir?
Muxtar qadının adını dedi.
– Bəs o cavan oğlan, yanındakı, əridir?
– Keçmiş əridir... Bax, onlara kofe gətirən oğlan da indiki əridir... Yaxşı, gedək restorana?
Restoran, demək olar ki, tamamilə boş idi. Böyük salonda cəmi-cümlətanı üç-dörd stolun ətrafında adamlar oturmuşdu. Stolların üstündə kiçik çıraqlar yanırdı. Ayrı işıq yox idi restoranda, odur ki, salon alaqaranlıq idi. Küncdə, pəncərənin yanında oturdular – sağda Təhminə, ortada Zaur, solda Muxtar. Ofisiant məzəli şəkillər çəkilmiş menyünü gətirib qabaqlarına qoydu. Təhminə oxumağa başladı, elə bil yeməklərin adından belə dadlı iy gəlirdi, Zaur hiss elədi ki, möhkəm acıb – axı bütün günü dilinə bir şey vurmamışdı.
Təhminə:
– Heç özüm də bilmirəm nə istəyirəm, – deyə menyünü Muxtara ötürdü, – sən seç...
Muxtar:
– Duru xörək yeyəcəyikmi? – deyə soruşdu.
Təhminə:
– Əlbəttə, yox, – dedi, – axşam-axşam nə duru xörəkbazlıqdır?.. Mən toyuq istəyirəm.
– Tabaka?
– Hə.
– Zaur, bəs siz?
Zaur çiynini çəkdi.
Muxtar:
– Şəxsən mən yaxşı bir tikə ət parçası yeyərdim, – dedi, ofisianta baxdı. – Podjarku u vas takje vkusno qotovyat, kak prejde?
Ofisiant başıyla təsdiq elədi.
– Toqda davayte nam dve podjarki, da, Zaur?
– Aha.
Bir xeyli məzə də sifariş verdi Muxtar.
– Yaxşı, içməyə nə içəcəyik?
Təhminə:
– Nə bilim, siz nə içəcəksiniz ki?
Muxtar koynak sifariş verdi.
Ofisiant hər şeyi yazıb getdi... Sükut çökdü, sonra Muxtar:
– Fikir verdiniz, nə qəmli gözləri var? – dedi. – Ofisiantı deyirəm...
Zaur bu sözlərə təəccüb elədi, çünki o özü Muxtarın gözləri haqqında bayaq bu cür düşünmüşdü.
Muxtar:
– Mən fikir vermişəm ki, ofisiantlardan, xüsusilə də yaşlı ofisiantlardan çoxunun gözləri qəmli olur... Qəmli və ağıllı... Görünür, peşələriylə bağlıdır bu cəhət... Ofisiant da Allah kimi qəmli və müdrik olur. – O gülümsündü.
Təhminə:
– Bəyəm sən Allahı görmüsən? – dedi. – Nə bilirsən ki, Allah müdrik və qəmlidir?.. Yaxşı, tutalım müdrikdir, bununla razılaşmaq olar birtəhər, bəs qəmli niyə olsun ki, Allah?
– Bircə səbəbdən... Elə ofisiantlar da o səbəbdən qəmlidirlər: Allah da, ofisiantlar da insanlara yaxşı bələddirlər, onların bütün zəif, naqis cəhətlərini görürlər, buna görə də qəmlidirlər...
Zaur da bu sayaq, maraqlı bir şey demək istəyirdi. Muxtara etiraz eləmək istəyirdi, həm də elə bir tərzdə eləmək istəyirdi ki, həm ağıllı olsun, həm də məzəli, amma elə bil bütün zehni qıc olub qalmışdı. Heç bir şey düşünməyə, tapıb deməyə iqtidarı yox idi, sanki çuqun ağırlığı çökmüşdü bütün içinə, dili də elə bil zəncirlə kilidlənib hərəkətsiz qalmışdı. Özünü çox naqolay hiss edirdi, qorxurdu ki, birdən kobud bir səhv eləyər, çəngəlləri-bıçaqları qarışıq salar, ya yöndəmsiz davranıb nəyisə salıb sındırar. Salfeti hara qoymağı da bilmirdi, əllərinə də yer tapa bilmirdi elə bil. Ona elə gəlirdi ki, bu narahatlığını Təhminə də, Muxtar da duyurlar, xüsusilə də Muxtar. Zaur görürdü ki, Muxtar hərdənbir altdan-altdan ona göz qoyur, hərəkətlərini izləyir və Zaurun bütün varlığını, içini, rentgen cihazındaymış kimi görür. Zauru bu cür gördüyüyçün də ona bir qədər yüngül istehzayla baxır – yaşlı adam uşağa baxan kimi...
Ofisiant məzələri gətirdi, konyakı badələrə süzdü. Muxtar yeməkdən bircə tikə də ağzına götürməmiş konyakı daddı, sağlıqsız-filansız bir qurtum içdi, sonra isə uzun müddət badəni ovucları arasında sürtdü, elə bil isidirdi, sonra yenə də kiçik bir qurtum aldı... Zaur da içmək istəyirdi, amma bilmirdi necə eləsin. Muxtar kimi sağlıqsız-filan, kiçik-kiçik qurtumlarlamı?..
Təhminə:
– Bir az salat ver, mənə, – dedi.
Zaur pis bir hisslə Muxtarın qonaq elədiyi məzələri Təhminənin boşqabına qoyurdu. Sonra badəsini qaldırdı:
– Sənin sağlığına, Təhminə, – dedi.
Təhminə:
– Çox sağ ol, əzizim, – dedi və bir qurtum aldı. Muxtar Təhminəyə baxıb gülümsündü və o da bir qurtum içdi. Sonra:
– Amma öz aramızdır, konyak doğrudan da əla konyakdır ha, – dedi.
Zaur da təsdiq elədi.
Muxtar qəfildən Zaurdan soruşdu:
– Bəs siz nəylə məşğulsuz?
Zaur:
– Geoloqam, – dedi və bir qədər sükutdan sonra əlavə elədi. – Amma nəşriyyatda işləyirəm... Təhminəylə bir yerdə işləyirdik.
– Elədir, hə, Təhminə deyirdi axı... Geoloq... Romantik sənətdir... həmişə, dağda daşda...
Zaur tutuldu – onun söyər yerinə toxunmuşdu Muxtar. Zaur həmişə xəcalət çəkirdi ki, bütün kurslarından bircə o əsil peşəsiylə – geoloq peşəsiylə məşğul olmur, nəşriyyatda geologiyaya aid kitabları redaktə edir. Nəşriyyata anasının təkidiylə işə düzəlmişdi, aspiranturaya daxil olmaq üçün staj lazım idi. Doğrudur, heç aspiranturaya da girmədi, yenə də anasının təkidiylə sərbəst mövzu götürdü, amma hər halda ikinci ildi ki, bu nəşriyyatda ilişib qalmışdı. “Dağlar, meşələr...” Bilmirdi Muxtar qəsdənmi onun yaralı yerinə toxunmuşdu, ya təsadüfən demişdi bu sözləri. Romantik sənət... Təhminə ki, hər halda Zaurun bu zəif damarından agah idi, amma o da Muxtarın sözlərinin fərqinə varmırdı elə bil. Eybi yox, Zaur da borclu qalan deyil.
– Bəs siz nə sənət sahibisiniz? – deyə Muxtara müraciət elədi. Əlbəttə, onun nə sənət sahibi olduğunu çox gözəl bilirdi, necə də bilməyə bilərdi ki, söhbətləri bayaqdan məhz elə Muxtarın işi-peşəsiylə əlaqədar idi.
Muxtar qımışdı və zeytunu ağzına atıb:
– Mən televiziya rejissoruyam, – dedi, – amma mənim də əsil peşəm deyil bu... Təhsilimə görə mən kino rejissoruyam. Vaxtilə Moskvada kino institutunu qurtarmışam. Bu, uzun əhvalatdır...
Muxtar bunu elə tərzdə dedi ki, Zaur düşündü: “Deyəsən, mən də yaralı yerinə toxunmuşam”, – məmnun oldu bundan, amma bu səfər Təhminə əlüstü söhbətə qarışdı:
– İnstitutu qurtarandan sonra Muxtarı burada, “Mosfilm”də saxlayırlarmış... Elə nahaq qalmamısan o vaxt... Qalsaydın, indi neçə böyük film çəkmişdin.
Muxtar:
– Ay Təhminə, məgər iş filmin böyüklüyündə, kiçikliyindədir? – dedi. – Hər şey daha qəlizdir həyatda. Həm də daha sadə... Həm daha qəliz, həm daha sadə, – deyə bir daha təkrar elədi. – İnsan ömründə bir sərhəd var, görünməz yaş sərhədi, – əlbəttə, sən də, Zaur da bu sərhəddən hələ çox uzaqsınız, amma mən daha keçmişəm bu sərhədi, odur ki, danışa bilərəm bu barədə... Bu sərhədə çatanacan hər şey qabaqdadır, ümidlərlə, arzularla, xəyallarla yaşayırsan – filan şeyi filan filan eləyəcəyəm, filan iş filan cür olacaq. Elə ki, bu sərhədi keçdin – istəyirsən lap bizim o Şirəli baba kimi yüz əlli il yaşa – hər şey arxada qalmış olacaq, ancaq xatirələr, həyata keçməmiş arzular barəsində, baş tutmamış niyyətlər haqqında xatirələr, vəssalam.
Konyakdan bir qurtum aldı və Zaura baxdı:
– Bilirsiz, Zaur, lent, plyonka – böyük məsələdir. Lent qalır – böyük film olsun, kiçik olsun, fərqi yoxdur – plyonkaya, lentə çəkmisən – kinofilm, ya telefilm – qalacaq. Amma mənim peşəm kədərli peşədir. Televiziya verilişləri, filmləri yox a, verilişləri rejissoru... Verilişi hazırladın, efirə verdin, vəssalam, şüttamam, daha yoxdur o veriliş, heç bu qədər zəhmətin, əzab-əziyyətin elə bil yerli-dibli olmayıb... Başa düşürsüz?
Zaurun yerinə Təhminə cavab verdi:
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir də gördü ki, ağ qoçnan, qara qoç budu*döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat*
Birinci fəsilBu vüsala yuxu əhvali demək mümkün idi,*Əgər olsaydı yuxu dideyi-giryanimizə¹.*
İkinci fəsilEy xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Üçüncü fəsilYaxşı görünür surəti məhvəşlərin, əmma*Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!*
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.