Səhifə 3 / 5 · 40%

– Lap mənim kimi. Elan elədim, ekrandan getdim, vəssalam, izim-sorağım qalmır.

Muxtar:

– Bəli, – dedi, – doğrudan, kədərli işdir. Nə qədər əmək sərf eləyirsən, gecə-gündüz bilmirsən, ağlında, qəlbində nə varsa hamısını tökürsən ortalığa, əsəblərinin, sağlamlığının hesabına veriliş hazırlayırsan, bəzən həftələrlə, aylarla ancaq bu barədə düşünürsən, bütün istedadını, – yaxşı, deyək ki, istedad böyük sözdür, – qabiliyyətini deyək, bacarığını-təcrübəni deyək – bir söz, varın-yoxun nəyin varsa, qabında, necə deyərlər, nə varsa atırsan ortalığa, veriliş hazırlayırsan, yarım saat, qırx dəqiqə, çoxu bir saat efirdə səslənir, sonra... – siqaretindən bir qullab alıb dodaqlarını araladı, tüstü burula-burula yuxarı qalxdı, – bax bu tüstü kimi uçub gedir hamısı, heç nə qalmır... Yox, doğrudan, çox kədərli peşədir...

– Ofisiantların peşəsi kimi? – deyə Zaur yadına saldı. Təhminə dərhal:

– Tək ofisiantların yox, həm də Allahın, – dedi.

Muxtar gülümsündü:

– Bəli kədərimiz Allahınkı qədərdir, amma müdrikliyimiz yoxdur.

Təhminə:

– Muxtar, gəl bir yerdə bir film eləyək. Sən çək, mən də oynayım. Bilirsən necə oynayaram... Sənin bütün məşhur aktrisalarından yaxşı. Hə, nə olar, gəl bir təşəbbüs eləyək də... Ümumiyyətlə, gəl səninlə birgə bir iş görək də axır ki. – Zaura Təhminənin bu cümləsi bir az ikibaşlı göründü.

– Mən ki sənə çoxdan bunu təklif edirəm. – Muxtar da beləcə ikibaşlı cavab verdi.

Təhminə:

– Ciddi deyirəm, – dedi. – Yəni təkid eləsən, sənə film verməzlər çəkməyə?.. Niyə baş qoşmursan bu işə axı? Heç olmasa mənimçün, mənim xətrimə... Baş rolda çəkərsən məni?..

Muxtar:

– Gecdir daha, – dedi. – Bu yaşda mən həyatımı dəyişməyəcəyəm ki?.. Elə sənin də daha vaxtın keçib.

Təhminə:

...– Utanmazın biri utanmaz, – dedi, – dilin necə gəlir mənə belə söz deməyə. Ölürəm, kinoda çəkilmək istəyirəm. Heç olmasa nə isə qalsın bu dünyada məndən bir gün yıxılıb öləndə. Özü də indi istəyirəm, çünki sonra, sən demiş, doğrudan da, gec olacaq, vaxtı keçəcək. İstəyirəm ki, kino ulduzu olum, şəkillərimi jurnallarda çap eləsinlər. Sevdiyim rəng? Mavi... Bəyəndiyim filmlər – rejissor Muxtar Məhərrəmovun əsərləri... Xobbim? Nədir, doğrudan da mənim xobbim?

Muxtar:

– Bəzənib-düzənmək, – dedi.

Təhminə:

– Əh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, – dedi – Başa düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi...

Muxtar:

– Təvazökarlığına söz ola bilməz, – dedi.

Təhminə:

– Nədir, deyəcəksən, gözəl deyiləm? Gözəlliyimi də danacaqsız yoxsa?

Muxtar:

– Yox, danmıram, – dedi. – Amma dəqiqləşdirmək istəyirəm. Sən doğrudan da çox gözəl idin. Təkrar edirəm: idin...

Təhminə:

– Naxal, – dedi və barmağıyla zarafatyana hədələdi Muxtarı, sonra Zaura tərəf döndü. – Zaur, bəs sən nə ağzına su alıb durmusan, necə centlmensən, müdafiə eləsənə məni bu köntöy ədəbsizdən.

Amma Zaur ağzını açmamış Muxtar:

– Sənin cavabını verirdim, – dedi, – Muxtar Məhərrəmovun əsərləri haqqında istehzana görə...

– Ay Muxtar, yəni zarafat-zad başa düşmürsən?

– Bəs sən? Sən zarafat başa düşmürsən? Heç mən sənin gözəlliyin haqda keçmiş zamanda danışa bilərəm?

Zaur hiss eləyirdi ki, Muxtarla Təhminənin arasında gedən bu yarızarafat, yarıciddi atışmanın dalında uzun illərin sıx münasibətləri, tanışlığı, dostluğu durur, – bunlar hamısı bütöv bir aləmdir və Zaur bu aləmdən tamam bixəbərdir...

Ofisiant isti yeməkləri gətirdi, onlar yeməyə başladılar, arabir sağlıqsız-zadsız, qurtum-qurtum konyakdan da içirdilər, içkinin xumarı yavaş-yavaş Zaurun fikirlərini dumanlandırırdı və o sıxılır, özünü son dərəcə naqolay və artıq hiss eləyirdi bu məclisdə. İstər-istəməz özünü Muxtarla müqayisə eləyirdi və Muxtarın hazırcavablığı, ülfətünsiyyətə yatımlığı, hətta yumşaq kədəri müqabilində Zaur özünü son dərəcə ağır, qılıqsız, hətta, küt və bəsit adam kimi qavrayırdı... Yadına salırdı Təhminənin dünənki sözlərini, gecə nəvazişlərini, düşünürdü ki, bütün bunlar yalan deyilsə, onda Təhminə nəyə görə, axı, nəyə görə, Zauru sevir? Təhminə kimi bir qadın hansı cəhətlərinə, hansı məziyyətlərinə görə Zaur kimi bir adamı sevə bilər axı? Ancaq Zaurun zahiri görünüşünə, boy-buxununa, sir-sifətinə, cavanlığına, gücünə görəmi? Əgər belədirsə, deməli, onları yalnız və yalnız şəhvət bağlayır? Bəs onda Domodedovo meşəsində cəh-cəh vuran quşlar, Moskva küçələrindəki dünənki şıltaqlıqları, əlaqələrindəki bütün poeziya – bunlar necə olsun bəs, bütün bunlar da yalnız şəhvət oyunlarıyçün bir hazırlıq imiş yoxsa?

Muxtar danışır, danışırdı. Zauru fikirlər aləminə, qəm dəryasına qərq eləmiş içki Muxtarı əksinə nəşələndirmişdi, dil-boğaza qoymurdu. İndi o öz peşəsini yamanlamırdı, əksinə tərifləyirdi, deyirdi ki, dünyada heç bir başqa sənətə dəyişməz onu, doğrudan da, deyirdi, məgər möcüzə deyilmi bu? Gecənin tənhalığında tək bir adamın başına gələn fikirlər, sözlər əvvəlcə kağız üzərində maddiləşir, sonra isə səhərisi gün onlarla, yüzlərlə adamın iştirakıyla sifətlərə, rənglərə, səslərə, lövhələrə çevrilir, canlı həyatın bir parçası olur və bütün bu həyatın nəbzi rejissorun ovcunun içindədir. Bu həyat ekran işığıyla minlərə, milyonlara göstərilir, onların yaddaşına, zehninə həkk olunur. Nə olsun ki, ekran sonra solub sönəcək, bütün sözlər, bütün sifətlər əriyib yoxa çıxacaq – bu dünyada daimi nə var ki? Xoş bir yuxudan aldığımız təəssürat kimidir bu – yaddaşımızda, qəlbimizdə qalır. Və xoş bir yuxudan, ya yaxşı bir verilişdən yaddaşımızda qalan iz məgər həyatın başqa maddi ləzzətlərindən daha azmı zövq verir insana? Muxtar niyyətlərindən, həyata keçməmiş arzularından danışırdı – ayrı-ayrı səhnələr, parçalar, obraz – dağıntıları...

– İçərişəhər haqqında film çəkmək istərdim, – deyirdi. – İçərişəhərin evləri yadınızdadır da... Bax, bütün hadisələr bu evlərdə, həyətlərdə, o dar küçələrdə gedərdi, finalda isə – finalını elə aydın görürəm ki, filmin, tez-tez yuxuma girirlər bu kadrlar – finalda İçərişəhər evlərinin damlarını göstərərdim və damlardan birinin üstünə zil qara paltarlı gənc, gözəl bir qız paltar sərərdi... İpin üstündə ağlar, mələfələr, balış üzləri asılıb. Hamısı da ağappaq, meh onları yellədir və qara paltarlı qız da bu ağ parçaların arasında görünüb itir, göy üzü açıqdır, uzaqda da gömgöy dəniz... bu bir növ rəqsdir – ağ parçaların, qara paltarlı qızın, küləyin rəqsi... Amma eyni zamanda kəndirdəki ağlar elə bil yelkəndir və bu evlər də yelkənli qayıqlardır, uzaqdakı mavi dənizin içində üzürlər... Başa düşürsüz, kameranı elə nöqtədə qoyardım ki, evlərin damı gəmi göyərtəsinə oxşardı və ağlar da yelkən kimi dənizin fonunda görünərdi – həm plastik obrazdır bu, həm də rəmzi... Biz çox vaxt yelkənləri döşəküzünə çeviririk, lakin mən döşəküzülərini yelkənə çevirmək istəyirəm. Amma bu rəmzin başqa mənası da var. Damların üstündə yellənən ağlar həm də təslim bayraqlarıdır... İçərişəhərin köhnə evləri müasir buldozerlərə müqavimət göstərə bilmirlər, onlar dağılmağa, sökülməyə məhkumdurlar və təslim bayrağı kimi damların üstündə mələfələri, döşəküzlərini qaldırırlar... Kiminsə şeiri vardı bu məzmunda... “Ağ döşəküzüləri nə görürlər yuxuda? Görürlər ki, uzaq cənub dənizlərində yelkənlərdir...”, ya “uzaq cənub dənizlərinə kölgə düşür bu yelkənlərdən...” – xatirimdə deyil.

Təhminə birdən Muxtarın uzun monoloqunu kəsdi:

– Gəl sənin sağlığına içək, Muxtar, – dedi. – Zaura çox danışmışam sənin barəndə. Zaur da mənimçün əziz adamdır.

Zaur: “Zaur da” – deyə ürəyində təkrar elədi.

– Odur ki, deyirəm, Zaurik, – “Zaurik” – Muxtarın sağlığına qaldıraq bu qədəhi, Muxtar əsil dostdur, elə dostdur ki, ən çətin dəqiqədə, ən pis vəziyyətində ondan kömək uma bilərsən və o da əlindən gələni əsirgəməz. Heç vaxt da boynuna minnət-zad qoymaz ki, bəs filanpeşməkan... ya görürsən bir təmənnası olsun... bir söz...

– Bir söz, boşla bu söhbətləri, – deyə Muxtar onun sözünü kəsdi.

– Lap bal-bəhməz oldu... Nə bilirsən təmənnasızam, ya yox, bəlkə ürəyimdə mənim də təmənnam var. Uzun sözün qısası – gəlin, elə-belə içək, vəssalam, sağ olun.

Təhminə sərxoş inadıyla:

– Yox, – dedi, – mən bir neçə kəlmə də demək istəyirəm, xahiş edirəm sözümü kəsməyəsən... Mən demək istəyirəm ki, dostlar da cürbəcür olur. Elə dostlar var ki, yaxşı günün dostudur, ancaq yaxşı günündə sənin böyründə hərlənir, – üç qara qəpikdir qiyməti belə dostun. Elə dost var ki, yaman günün dostudur, bax belə dostu adam gərək çox yüksək qiymətləndirsin. Amma əgər həmin bu yaman günün dostu, ancaq yaman gündə sənin imdadına çatırsa, amma yaxşı günündə səndən gen gəzirsə, bu da məncə birtərəfli dostluqdur e. Adamın ürəyi darıxar bu cür dostluqdan, sən otur gözlə ki, mənim pis günüm haçan gələcək, onda öz dostluğunu sübut elə... Yox, bu da yarımçıq dostluqdur bir növ.. Amma bir başqa cür dostluq da var, məncə əsil dostluq da elə budur... Yaman günündə səni tək qoymaz belə dost, amma yaxşı günündə də yaxasın qırağa çəkməz. Sənin dərdivə də şərikdir, sevincinə də sevinir. Sənin sevincin onun sevincidir, onun sevinci sənin sevincindir, dayan görüm, tamam çaşdım,ki... deyəsən, çox içmişəm... Nə isə... sənin sağlığına, Muxtar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri