Aşıq Heydər:Hanı Ağbabanın uca dağları?Bir başımdan qalxan dumana bax - bax!Vətəndi kiridən mən tək ağları,Sən mənim qəlbimdə gümana bax – bax!

Məşədi Muxtar:Bir az insaf elə, ağlatdın bizi,Yenə dərdi qoydun kamana bax- bax!Yandırdın söz ilə mərdi odlara,Ah çəkir Məmmədə, Zamana bax- bax!

Aşıq Heydər:Vətən həsrətindən yanıb gül oldum,Özüm öz dərdimə qara qul oldum.Mərənd qucaq açdı, buna gül oldum,Ürəyimdə qopan tufana, bax-bax!

Məşədi Muxtar:Axı səni sevir hər kəs bu yerdə,Yurdu itirəndən düşmüsən dərdə!Şükür rast olubsan kişiyə, mərdə,Bu gözəl dəmlərə, həm ana bax-bax!

Aşıq Heydər:Dar gündə dadıma çatdı yetənlər,Amma ki, beynimdən çıxmır ötənlər.Ölən öldü getdi, qaldı itənlər,Bizləri yandıran zamana bax-bax!

Məşədi Muxtar:Mərənd mərd yurdudu, darıxıb durma!Ay söz xiridarı, qəmə baş vurma!Könül sarayını ahla uçurma,Gözümdən damcı tək damana bax-bax!

Aşıq Heydər:Ürəyim yaralı, sinəmdə od var,Yurdun qucağında bir ayrı dad var.İllər ayrısıyıq, qohum var, yad var,O qaçhaqaç salan yamana bax- bax!

Məşədi Muxtar:Dar gündə dadıma yetənlər oldu,Mərdin harayına çatanlar oldu!Özünü odlara atanlar oldu,Fikirə, xəyala cumana bax- bax!

Aşıq Heydər:Ağbaba deyəndə qəm gəlir gözə,Vətən həsrətindən gəlmişəm dizə!Yenə Yetim Heydər güc verir sözə,Bəlkə gələ bir az imana bax - bax!

Məşədi Muxtar:Muxtarı hər zaman öz yanında gör,Dərdi gözdən itir, dəmə də yer ver.Könlü sınaq çoxdu, bizə dayaq dur,Gətirmə könlümü amana bax-bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən