1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni
“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz.
...Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.
Nəhayət, hazırkı əsrin əvvəllərinə yaxın, Avropanın Volter, Russo, Monteskyö, Mirabo və başqa bu kimi Söhban təbiətli filosofları, bəlağətli və fəsaətli şairləri, natiqləri və həkimləri anlamışlar ki, zülmü aradan qaldırmaq üçün heç də zalimə müraciət etmək lazım deyildir, bəlkə əskinə, məzluma demək lazımdır ki: “Ey nadan, sən ki, qüdrət, say və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan; bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!”.
Bu ikinci əqidə meydana gəldikdən sonra Avropanın filosofları öz yeni fikirlərini xalqa anlatdılar. Məzlumlar ağıllı adamların yeni fikirlərilə tanış olduqdan sonra birdəfəlik hümmət edərək, qeyrət göstərdilər. Zülmü ortalıqdan qaldıraraq, özlərinin vəziyyətini, əhvalatını və asayişini yaxşılaşdırmaq üçün elə qanunlar yaratdılar ki, hər bir insan o qanunlara əsasən, öz əli altında çalışan insanlara zülm etməyə qadir olmayacaqdır. Hazırda Avropa ölkələrinin bir çoxunda mövcud olan konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir...
Buradan şüur və sağlam ağıl sahiblərinə tamamilə aydın olur ki, moizə və nəsihət çox mə’nasız işdir və insanların təbiətinə əsla tə’sir edə bilməz.
Xahiş edirəm ki, bu mətləbi də əziz qardaşım Mirzə Məhəmməd Cəfər üçün oxuyasınız:
Tənqidin gələcək nəslin təbiətinə kamil tə’sirinin səbəbi odur ki, bu nəsil üçün tənqidin müəllifi artıq keçmiş nəslə mənsubdur. Beləliklə, gələcək nəslin tənqidin müəllifinə ədavət bəsləməsinə, inad və tərslik üzündən onun sözlərinə əməl etməməsinə heç bir səbəb yoxdur. Çünki müəllifin istehzası və eyib tutması onun öz müasirlərinə aiddir; gələcək nəslə əsla dəxli yoxdur. Buna görə də onlar təəssüf edəcək ki, müəllifin müasirləri və pis əməlləri və yaramaz hərəkətləri onun e’tirazına, irad tutmasına, istehzasına layiq olmuşlar. Bunun nəticəsində də onlar öz işlərində və əməllərində müəllifin müasirlərinin pis əməlləri və yaramaz hərəkətlərini təqlid etməyib, müəllifin dediklərini hər cəhətdən haqlı bilərək, onları canla-başla qəbul edəcəklər.
Bu qeydin əlavəsini də Mirzə Yusif xana yazmaq lazımdır; bu qeydin əlavə əlaməti Xızrın nağılı zikr olunan qeydin sonundadır.
Əgər bizim alimlərin e’tiqadına görə bu Xızr həmən adamdır ki, Allah Qur’anda onun haqqında xəbər verir və həzrət Musa ilə yoldaş olmuşdur, həm də yoldaşlığı zamanı bir mə’sum uşağı günahsız yerə öldürərək, belə fitva vermişdir ki, guya uşağın ata və anası çox yaxşı adam olmuşlar, ancaq bu yazıq uşaq böyüdükcə üsyana və küfrə səbəb olacaqdır. Bununla da öz ata-anasının ruhunu incidəcəkdir... Ona görə də qətli vacibdir.
Belə isə Xızr nəinki səfehdir, bəlkə də onu divanə hesab etmək lazım gəlir. Ağıllı və rəhmli bir insan hansı əqli və nəqli dəlillərə əsasən, bu zalimin öldürdüyü kimi bir mə’sum uşağı bu cür mə’nasız fitva ilə öldürə bilər? Lakin mən bir şeyə təəccüb edirəm ki, bizim Allah bu əhvalatın yaramazlığından sərf-nəzər edib, həmin cinayəti bu qatilin vəsfində xəbər verir. Görünür ki, Allahın özü də elə zənn edir ki, onun bəndəsi olan bizlərin beynində zərrə qədər idrak qüvvəsi yoxdur... Haqqı vardır. Artıq nə deyim ki?
Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır: Əziz qardaşım Mirzə Məhəmməd Cəfər Kəmalüddövlədən inciyir ki, öz fikirlərini acı dil ilə ifadə etmişdir.
Belə isə, bəs nə üçün Kəmalüddövlə ona çox acıqlı cavab yazan və onu gicbeyin hesab edən Cəlalüddövlədən incimir? Bəs nə üçün o, əsərlərinin üzünü köçürən və şəriətmədarlardan birinə yazdığı məktubunda Kəmalüddövləni “zındıqi-mülhid” və “Övrəng Zibin naxələf övladı” adlandıran, onun əsərlərini hərzə-hədyan hesab edən adamdan incimir?
Bu kimi istehzalı və tə’nəli e’tirazları yad adamlardan eşitmək ağır və çətindir. Lakin dostlardan eşitmək insanın qəlbini kədərləndirməməli, incitməməli və onda ədavət və bədxahlıq hissi oyatmamalıdır. Tənqidin qaydası budur. Tənqid islam xalqlarının yazılarında təzə-təzə tətbiq olunur. Qoy Kəmalüddövlənin fikirlərini rədd edən ağıllı və mə’rifətli adamlardan birisi, istər İran dövlətinin siyasi işlərinə dair və istərsə də dini məsələlərə dair, ona özünün işlətdiyi kimi acı və istehzalı sözlərlə tənqid və cavab yazsın.
Kəmalüddövlə bu cəzanı qəbul edər. Lakin heç kəsin onun əsərlərinin fikrini dəyişməyə, onları duzsuz, məzəsiz və quru bir şəklə salmağa ixtiyarı yoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, bundan sonra onları dəyişdirməyin heç bir faydası yoxdur. Çünki əsərin bir çox nüsxələrdən ibarət üzü köçürülmüş və olduğu kimi hər yerdə yayılmışdır.
Bu mətləbi də Mirzə Yusif xana yazmaq lazımdır:
Əzəmətli ağam!
Filan ilin filan ayında mən öz böyüklərimin icazəsilə yüksək İran dövlətinin baş konsulu vasitəsilə özümün sabiq əlifba layihəmdən bir nüsxə və cənab Ruhül-qüdsün əlifba layihəsindən bir nüsxə nəvvab, əşrəf, əmcəd, yüksək nəsəbli şahzadə, maarif naziri Əliqulu Mirzəyə göndərərək, onun bu məsələni Maarif Nazirliyində nəzərdən keçirib, öz rə’yi və təsəvvürünün nəticəsini mənə yazmasını xahiş etmişdim. O vaxtdan indiyə kimi bu xüsusda Maarif Nazirliyindən cavab gəlmədiyi üçün bu qərara gəlmişəm ki, yazılarımı Maarif Nazirliyindən geri istəyim. Lakin bu işə iqdam etmədən əvvəl, sizə məsləhət üçün müraciət edib, soruşuram ki, nazir cənablarının xətrinə dəyməmək üçün mən bu tələbimi Maarif Nazirliyinə nə şəkildə yazmalıyam?!
Mirzə Yusif xana yazmaq lazımdır:
Əzəmətli ağam!
İranda babi məzhəbinin yolunu kəsmək üçün yeganə əlac, “Kəmalüddövlə məktubları”nın ideyalarını bütün xalq arasında yaymaqdan ibarətdir. Əks təqdirdə, bütün İran əhalisi babiməzhəb olacaq, Qacar sülaləsinin səltənəti isə zəvala uğrayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-1280-ci-1863-cu-ilde-cenab-ruhul-qudsun-oz-dilinden-esidib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ali nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır.
Paşa xana məktubPaşa xana yazılmış ikinci məktubun surəti**Mənim əziz ağam, səadətiniz daimi olsun!
Müstövfiyül-Məmalikə məktubDövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti**Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
İran konsuluna məktubDövləti-əliyyeyi-İranın konsuluna yazılmış ərizənin surəti dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu, cəlal sahibi ikinci sərtib Əli xan cənablarına onun səadəti daimi olsun!**Nəvvabi-müstətabi-alinəsəb, impera- torzadə Qafqaz canişinin xidmətində Şərq dilləri mütərcimi olan mayor*