A.F.Kruzenşternə
Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə
Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi
Fevral 1861-ci il
1834-cü ildə mən ruhani rütbəni buraxıb doğma yurdum Nuxadan Tiflisə gəlmiş və mərhum general baron Rozenin Baş idarə dəftərxanasında Şərq dillərinin yazılı mütərcimi vəzifəsinə təyin olunmuşam. O vaxtdan etibarən mən pulsuz olaraq Departament dəftərxanasının da fars dilində yazılı mütərcimlik vəzifəsini yerinə yetirmişəm.
Elə hallar olmuşdur ki, hökumətin İran və Türkiyə sarayları ilə münasibətlərində mən Diplomatik dəftərxana işləri üzrə faydalı xidmətlər etmişəm: xüsusilə onlardan ən əhəmiyyətlisi 1842-ci ildə o zaman birinci dərəcəli kapitan olan qraf Putyatin ilə Astrabad körfəzinə, Türkmənistan sahillərinə, Mazandarana və Gilana ezamiyyətə getməyimdir ki, həmin ezamiyyət müvəffəqiyyətlə başa çatanda qraf Putyatin mənim təmənnasız davranışımdan və onunla təxminən yarımvəhşi tayfalar arasındakı faydalı vasitəçiliyimdən son dərəcə razı qaldı. Bundan əvvəl də 1839-cu ildə mən baş qərargahın zabiti kapitan Dançenko ilə Quri qəzası ilə Çürüksu malikanəsi arasındakı sərhəd nişanlarını təyin etmək üçün getmişdim. Bu ezamiyyətin heç bir müsbət nəticəsi olmasa da, biz altı ay ərzində bu iş üzrə çox zəhmət çəkdik və bədbəxt Dançenko yay fəslində Quri iqliminin zərərli təsiri nəticəsində öldü və mən də səhhətim pozulmuş halda Tiflisə qayıtdım.
Mənim Diplomatik dəftərxana üzrə işimin müqabilində mərhum general Neydqart həmin dəftərxana hesabına mənə ildə 240 gümüş manat maaş təyin eləmişdi. 1848-ci ildə mən fars dili mütərcimi sifətilə general Şellinq ilə Tehrana ezam edildim. Bunlardan başqa Diplomatik dəftərxana xətti ilə ezamiyyətdə olmamışam, lakin o idarənin İran sarayı ilə çox mühüm yazışmalarını tərcümə etməkdə xeyirli xidmətim olubdur. 1851-ci ildə mərhum knyaz Voronsov Diplomatik dəftərxana hesabına mənim maaşımı 400 manata qədər yüksəltdi ki, bu məbləği mən keçən ilin dekabr ayınadək almışam. Bu vaxtdan etibarən Diplomatik dəftərxananın müdiri Tenqeborski maaşımı kəsib, acıqcasına mənə söylədi ki, Diplomatik dəftərxananın başqa yerlərdən asılı olmayan fars mütərciminə ehtiyacı var, mən isə Baş idarənin dəftərxanasında xidmətdə olduğum üçün eyni zamanda onun idarə etdiyi dəftərxananın mütərcimi ola bilmərəm. İran konsulu ilə yazışmaların farsca tərcüməsi vəzifəmi o, ştabs-kapitan Yüzbaşova, İran sarayı ilə olan ən mühüm yazışmaların tərcüməsini isə knyaz Canişinin moiyyətində xidmət edən qrafın mülki müşavirinə tapşırır.
Mənim vəziyyətim olduqca çətinləşibdir: mən təminatımın təxminən üçdə birindən məhrum olmuşam. Halbuki, ədalət naminə, Diplomatik dəftərxanada uzunmüddətli xidmətimi nəzərə alaraq gərək məni incitməyəydilər, mən bu sahədə gələcəkdə də onlara xeyir verə bilərdim. Amma nə edəsən? İndi öz vəziyyətimi zati-alinin xeyirxah nəzərinə çatdırmağa cəsarət edib bildirirəm ki, Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xəzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbəyim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldığım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqafqaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb onların hörmətini qazandığım üçün mən, ölkənin adəti üzrə, onların möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq etməkdən boyun qaçıra bilmərəm.
Bunun üçün də siz zati-alinin himayəsinə bel bağlayıb mənim ağır vəziyyətimi əlahəzrət canişin cənablarına çatdırmağı acizanə xahiş edirəm ki, o mərhəmətli cənab Baş idarə nəzdində qulluq edən yeganə müsəlmanı öz lütfkar nəzərindən məhrum etməsin...
Mənim yaşamaq üçün heç bir vəsaitim yoxdur. Belə bir mərhəmətə layiq olduqda təkcə Baş idarənin deyil, Baş qərargahın və başqa yerlərin mənə bütün tapşırıqlarını sürətlə yerinə yetirməyimlə özümə haqq qazandıra bilərəm; ona görə yox ki, tərcüməçiyəm, ona görə ki, yazılı tərcümə sahəsində məndən yaxşısı yoxdur.
Kapitan Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-a-f-kruzensterne
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!
Mirzə Melkum xana1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Mirzə Melkum xana (ayrıca məktub)1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti**Ruhi-rəvanım, Ruhül-qüds!
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti**Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Başqa şairlərin şeirləri
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
GedərQasım bəy, adətdir, xan qulluğunaBir kəs atlı gəlsə, piyada gedər,
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,