Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi vəzifəsini icra edən həqiqi mülki müşavir və Kavaler həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına

Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 3 iyul 1858-ci il, Tiflis

Mənim əldə etdiyim məlumata görə, Sankt-Peterburqda, Berlində, Vyanada, Parisdə və Londonda Şərq dilləri məktəbləri və bir çox şərqşünaslar vardır. Bu vəziyyət mənim Şərq dilləri yazısını sadələşdirmək məqsədi ilə yenicə tərtib etdiyim əlifba layihəsini paytaxtlarında bu kimi məktəblər olan hökumətlərin müzakirəsinə verməyə vadar edir. Ona görə də mən söylədiyim əlifbanın İran və Türkiyə dövlətlərinə göndərdiyim əsl nüsxəsindən beş surət çıxararaq, sizin zati-alilərinizə təqdim edib, bu xüsusda knyaz Canişin həzrətlərinə məlumat verərək, həmin əlifbanı onun adından S.Peterburqa, habelə Prussiya-Avstriya, İngiltərə və Fransa hökumətlərinə göndərmək üçün onun həşəmətli həzrətlərindən razılıq istəməyinizi acizanə xahiş edirəm. Eyni zamanda, məni belə bir dəyişikliyə iqdam etməyə vadar edən səbəblər haqqında da bu hökumətlərə izahat verilməlidir. Bu səbəblər haqqında mən, artıq keçən ilin 23 sentyabrında zati-alilərinizə təqdim etdiyim yazılı məruzəmdə ətraflı danışmışam.

Kapitan Mirzə Fətəli Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri