[Firdovsinin Mirzə Mustafaya məxsus olan “Şahnamə”nin birinci vərəqinin dalında Mirzə Fətəli İran konsulu Əli xana yazmışdır]

Mənim əziz ağam, səadətiniz daimi olsun!

“Əgər pak Allahdan qorxmazsam, qarşımda Kavusla bir ovuc torpaq arasında fərq olmaz”.

Əgər mən Etizadüssəltənənin bizdən inciməsindən qorxmasaydım və ya bilsəydim ki, Etizadüssəltənə bu zarafatdan inciməz və ya yəqin etsəydim ki, bu zarafat Etizadüssəltənədən gizli qala biləcəkdir, o zaman, bu misraları Məşədi Kazıma göndərərdim ki, Əliağa cənablarına çatdırsın.

Hər halda misraları saxlayacağam, görüm əlifbadan nə xəbər çıxacaqdır. Fərqi yoxdur, istər ümidverici xəbər, istərsə də məyusedici xəbər olsun, hər halda mənim zənnimcə onları göndərmək mümkündür. Həm də bu iş məzəsiz olmaz.


Dünən Rey paytaxtından araq düşkünü miskin bir qoca gəldi.
Nəcabətdə əllafın nəvəsi, axmaqlıqda Həbənnəqədən də artıq idi.
Dedi: – Dövlət tərəfindən Fransaya məmuram.
Yaradan Allaha and olsun ki, bu xəbər məni yandırdı.
Əliağa, həyəcanı dəf etmək üçün mənə bir içim su ver!
Bu axmaq qalxdı ki, ayüzlü gürcü qızını öpsün.
Dərhal arağın təsirindən onu qusmaq tutdu.
Taqəti gəldikcə, ağzından.............
O, xaçpərəst qızın üzünə..............
Təsadüfən özü də yağlı bozbaş yemişdi.
Qız dərhal ayağa qalxıb dedi:
– Sənə yüz dəfə Allahın lənəti olsun!
Tiflisdən ayaqyalın getdi.
Müxtəsər, türkcə desəm, çılpaq getdi.
Dedi: – Mən soyuqdan qorxmuram.
İndi mənə nə bürüncək lazımdır, nə də kürk.
Ey Əliağa, nə qədər səvab olar ki, ona bir arxalıq göndərəsən.
Qafiyə qıtlığıdır, yoxsa mən ona daha layiqincə tərif yazardım...

Aligövhər cavanın tərifi əsasında, zövqümüzün uyğunluğu üzündən cənabınıza görüb-görüşmədən məhəbbət bəsləyib bu misraları da könlünüzü açmaq üçün sizə türkcə əsərlərimin bir cildi ilə bərabər göndərərək, əziz görüşümüzün arzusu ilə yaşayıram.

Sizə ixlası olan Mirzə Fətəli

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri