Mirzə Əbdülvahab xana
Naibül-vəzarə Mirzə Əbdülvahab xan cənablarına Mirzə Fətəli tərəfindən yazılmış məktubun surəti
Şəniyüksək və əzəmətli ağam, səadətiniz daimi olsun!
Tiflisə qayıtdıqdan sonra cəlal sahibi olan cənabınızla görüşümün təfsilatını müqərrəbül-xaqan Mirzə Yusif xan cənablarına nəql etdim və sizin çoxlu salamınızı ona yetirdim. Mənə göstərdiyiniz məhəbbət və mehribanlığın dərəcəsini ona söylədim. Sizin farsca və ərəbcə elmlərdə, şeir sənətində, tarix sahəsində dərin məlumat sahibi olduğunuzdan vəcdə gəlib valeh olduğumu, söhbətinizdəki şirinliyi, kəlamınızdakı fəsahəti, rəftarınızdakı səmimiliyi və sevimliliyi ona bəyan etdim. O mənim dediklərimi təsdiq etdikcə, mən daha artıq tərif edirdim. Hələ indi də sizinlə görüşümün xəyalı ilə gecələri gündüzə, gündüzləri gecəyə çatdırıram. Sizinlə bir yerdə olduğum saatları xatırladıqca mənəvi ləzzət alıram və yəqin ki, hələ bir müddət də bu ləzzətlə yaşayacağam.
Müqərrəbül-xaqan Mirzə Yusif xana cəlal sahibi olan Cənabınızın “Kəmalüddövlə” kitabını görmək istədiyinizi söylədim. Soruşdu: “O haradan bilmişdir?” Dedim: “Mələksifət və mücəssəm ruh Hacı Şeyx Möhsüm xan xəbər vermişdir!”. Könül mülkümü məhəbbəti ilə fəth etdiyinə görə hərçənd ki, mən bu dünyada onun gözlərindən öpmək arzusundayam, lakin axirətdə ətəyindən tutub şikayət edəcəyəm ki, mənim barəmdə böyük böhtan söyləmiş və mən yazığı bu əsərin müəllifi kimi qələmə vermişdir. Bir halda ki, əsərin müəllifləri olan Hindistan şahzadəsi İqbalüddövlə Övrəng-Zib oğlu və İran şahzadəsi Şücaüddövlə Zillü-Sultan Əlişah oğlu, hər ikisi oturmuşlar Bağdadda və bir-birilə mehriban dost və həmməclisdirlər.
Əgər onlar adlarını dəyişərək, biri adını Kəmalüddövlə, digəri isə Cəlalüddövlə qoymuşsa, burada mənim günahım nədir? Siz özünüz insafla deyin! Peşkəş sözünü şərh etməkdə və onun mənasını açıb söyləməkdə Xarici İşlər nazirinin təqsiri nə idi ki, nazirlər bu məsələdə onu müqəssir hesab etdilər? Bir halda ki, mən indi bilirəm ki, bu söz hansı açıqfikirli alimin xəyalatının nəticəsi imiş, vəzir isə bundan xəbərsiz idi. Bu kitab barədə mənim də təqsirim ondan ibarətdir ki, mən onu tənqid etmək üçün farscadan türkcəyə tərcümə etmişəm və inşallah ona tənqid də yazacağam. Mənim türkcə tərcüməmdən isə, bilmirəm kim onu yenidən əslində olduğu fars dilinə tərcümə etmişdir. Hər halda, Mirzə Yusif xan o əsəri sizə göndərməyi əsirgəmir. Lakin bir neçə şərt düşünmüşdür ki, həmin şərtlərə riayət olunarsa, əsəri göndərəcəkdir. Onun bu xüsusdakı fikri isə düzgündür.
Bir də ki, mən öz böyük atam Lələbaşını özümdən incik salmışam. Özüm də günahımı etiraf edirəm. Özümü valideynini incitmiş övlad hesab edirəm. Nə edim ki, ox kamandan çıxmışdır. İndi isə, barışıb üzr istəmək üçün fikir-xəyalımı bir vasitə axtarmaq yolunda işə salıram. Ancaq belə bir vasitə tapa bilmirəm və aciz qalmışam. Sizin incəliyi sezən fikriniz və həssas zehniniz bu xüsusda bir əlac taparsa, yaxşı olar.
Sonra, əgər mənim ixlasımı bildirən bu məktubuma cavab yazmaq meylində olsanız, “Kəmalüddövlə”ni oxuyub qurtarıncaya qədər təxirə salın. Çünki mən güman edirəm ki, ondan sonra daha cavab yazmazsınız. Çünki mən yazıq hazırda sizin məhəbbət kanı olan könül bağçasında tutduğum bir guşəni həmin əsəri oxuduqdan sonra da saxlaya biləcəyimə xatircəm deyiləm.
1283-cü il məhərrəmül-həramın son-
larında [1866] Tiflisdə cəlal sahibi olan
cənabınıza ixlas bəsləyən Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mirze-ebdulvahab-xana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!
Fuad paşanın mədhindəHər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
Həcvi-Əbdürrəsul xanDünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Başqa şairlərin şeirləri
Sənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,
Altıncı camın keyfiyyətiGəl, Saqi, mənə indisə ver bir iri gövhər,Ver bir iri gövhər ki, odur nəşəyə cövhər.
Nə söz varTovuz kimi sığal verib özünə,Bəxtəvərin pərvazına nə söz var?
ای به جلال تو شرف، قدرت ذوالجلال راگشته کمال تو گوا، قادر پر کمال را