Mayor Mirzə Fətəli Axundzadənin əsəri. Min iki yüz yetmiş dördüncü il hicri, səfər ayı

oktyabr, 1857

Mərhum atam Mirzə Məhəmməd Təqi məni səkkiz yaşında ikən məktəbə qoydu. Bir il mütəmadi məktəbə gedib əlifbanı oxudum və Qurani-məcidin son cüzündən bəzi surələri oxumağa başladım. Lakin bir hərf də tanımırdım. Birinci günlər zehnimin itiliyi sayəsində əzbərlədiyim hər bir şeyi sabahısı gün unudurdum. Nəhayət, oxumaqdan o qədər zəhləm getdi ki, təhsildən yaxamı qurtarmaq şərtilə hər cür ağır işə getməyə razı idim. Məktəbdən qaçdım və bir il azad gəzdim. Ondan sonra atam məni anamla bərabər, anamın əmisi mərhum Hacı Molla Ələsgərin yanına göndərdi. O, şəkili Səlim xandan sonra şirvanlı Mustafa xanın himayəsi altında yaşayırdı. Anam yenidən məni oxumağa məcbur etdi. Lakin mənim nifrətim həddindən artıq idi. Üç günlərlə qaçıb orada-burada gizlənirdim. Axırda məni tapıb oxutmağa başladılar.

Axund Molla Ələsgər ağıllı və bilikli adam olduğundan məni çox incitmədi. O, son dərəcə yumşaqlıq və mehribanlıqla hərfləri mənə başa salıb, höccələmək qaydasını da öyrətdi. Beləliklə, az bir müddətdə Quranın hər bir surəsini oxumağa qadir oldum və üç ay ərzində Quranı bitirdim və oxumağa nifrət hissi tamamilə məndən uzaqlaşdı. Bundan sonra “Gülüstan” kitabını və tumarları oxumağa başladım. İlahi, necə deyim ki, mən elə bir xəttə və elə hərflərə təsadüf etdim ki, sanki onların mislini əvvəllər heç görməmişdim. Mərhum Axund tədris üsulunu yaxşı bildiyi üçün, məni həm də kəlmələrlə tanış etdi. Nəhayət, mində bir adamda tayı-bərabəri tapılmayan bu müəllimin səyi və can yandırmasına baxmayaraq, mənim oxumağı öyrənməyim yenə də üç-dörd il çəkdi. Məgər belə adamların sayı çoxdurmu ki, uç-dörd il səbr edə bilsinlər? Buna görədir ki, islam tayfaları arasında hər on min nəfərdən bir nəfər savadlı adam tapılmır. Qadınlar isə tamamilə savaddan məhrumdurlar. Uşaqlarımızın bir çoxu əvvəllər məktəbə həvəslə gedirlər. Lakin bir qədər oxuduqdan sonra təngə gəlib, məktəbdən qaçırlar. Məşhur alimlərimizin çoxu ərəbcə kitablardakı ibarələri oxuyarkən, səhv buraxmaqdan əmin deyildirlər. Mollalarımızın bəziləri ancaq ona görə şöhrət tapmışlar ki, onlar ibarələri yaxşı və düzgün oxuyurlar.

Bunun nə mənası var? Nə üçün gərək biz bu kiçik iş üzərində bu qədər məəttəl olaq? Bu məəttəlçiliyin bütün səbəbi əlifbamızın nöqsanlı olmasıdır.

Birinci, əlifbamızdakı hərflərin çoxunun şəkli eynidir və onlar bir-birindən nöqtələrlə fərqlənirlər. Bəzən elə olur ki, nöqtələr öz yerində qoyulmur və ya tamamilə unudulur. Hər iki halda təzə oxumağa başlamış uşaq hərfləri müəyyən etməkdə böyük zəhmət və çətinliyə düçar olur.

İkinci, nəhvçilərin istilahında erab (hərəkə) adlanan sait hərflər sözün tərkibində yazılmır, ancaq ehtimal ilə təyin olunur. Bu vəziyyətin özü də yeni oxumağa başlayanların ən şiddətli çətinliyə düşməsinə səbəbdir.

Üçüncü, bir neçə samit və bir neçə sait hərflər bizim əlifbamızda tamamilə yoxdur, lakin dilimizdə deyilir. Samit hərflərdən biri gaf (g) hərfidir ki, “gərd”, yəni toz və “gürd”, yəni pəhləvan bu hərf ilə yazılır. Əcəm gafı (g) olan bu hərfi ərəb kafı (k) ilə yazırlar ki, (“kərd”) (etdi) sözündə feldir. Bir də əcəm kafı ilə türk dilindəki nun (n) hərfi arasında xüsusi bir hərf vardır. Məsələn, “könül” –, yəni – ürək və – yəni sənin və bu kimi kəlmələrdə osmanlılar onu nuni-səğir adlandırırlar. Bunun əvəzində də ərəb kafı “k” yazılır. Bu isə oxucunun birinci vaxtlarda səhvlər buraxmasına səbəb olur.

Sait hərflərdən, yəni hərəkələrdən a, u, i hərflərindən başqa heç birisinin şəkli əlifbamızda yoxdur. Lakin dilimizdə onun dörd qismi mövcuddur. Məsələn, “şuriş” (qiyam) kəlməsindəki bir u, türk dilində

– yəni oldu, – yəni öldü, – yəni üzüm. Beləliklə, burada üç cür (u) vardır ki, hər üçü “şuriş” kəlməsində olan (u)-dan başqadır və bunların hər birisi oxunan zaman biri digərindən fərqləndirilməlidir.

Dördüncü, təyin olunan erablardan (hərəkələrdən) fəthə ilə kəsrə arasında bir səs də (e) vardır ki, dilimizdə mövcuddur. Məsələn, “mey” (şərab) və “peyda” (aşkar) kəlmələrində birinci hərfdən sonra gələn hərfdir ki, “beş” və “gec” kəlmələrində də eyni səs mövcuddur; lakin əlifbamızda bu səs yoxdur.

Xülasə, əgər düzgün diqqət yetirsəniz, biz kəlmələri hərflərin vasitəsilə deyil, bəlkə də vərdişə görə və kəlmələrin görünüşü əsasında Çin xalqı və qədim misirlilər kimi oxumağa qadir oluruq. Nə qədər qiymətli vaxtımız bu vərdişi öyrənmək üçün zay olur. Bununla bəra-bər, dilçilərdən başqa bizə ərəbcə kitabları oxumaq və faəl-fel və eynəlfel erablarını qavramaq istənildiyi qədər müyəssər olmur.

Bu vəziyyət olduğu kimi qala bilməzdi. Çünki bu, həqiqətə və təbiətə müxalifdir. Heç olmazsa, islam yazısının əlifbasında 500 ildən sonra, gələcək padşahlar zamanında da olsa, bir yenilik yaratmaq lazım gəlirdi. İslahat aparmaq zəruri idi. Lakin mən əlifbanı təzələmək işində qabağa düşdüm və bütün qeyd edilən çətinlikləri aradan qaldırdım. Yeni əlifbanı oxuyarkən, görəcəyiniz kimi, onu təzələməyin səbəbi o qədər aydındır ki, izaha ehtiyac yoxdur. Ancaq bunu demək kifayətdir ki, bu yeni əlifba vasitəsilə bütün islam tayfaları az bir zaman içərisində öz dillərində oxumaq və yazmaq imkanına malik olacaqlar. Xüsusilə qadınlar ancaq bu yeni əlifba vasitəsilə savad öyrənməyə qadir olacaqlar.

Lakin bu yeniləşdirmə ancaq o zaman fayda verə bilər ki, islamın şövkət sahibi olan tacdarı və böyük bir ölkənin sahibi onu öyrənmək barədə öz hümmətini sərf etmiş olsun. Ona görə də mən bu yeni əlifbanı dövləti-əliyyeyi-Osmaninin başçılarının nəzəri-diqqətinə çatdıraraq, xahiş edirəm ki, onu Cəmiyyəti-elmiyyənin məşvərət məclisində nəzərdən keçirsinlər. Əgər mənim gətirdiyim dəlillər məşvərət məclisi üzvlərinin nəzərində ağlabatan görünərsə, belə bir qərar qəbul etsinlər ki, yeni əlifba çap olunsun və islam tayfaları arasında yayılsın, məktəblərdə keçmiş əlifba ilə bir sırada onu öyrənməyə səy etsinlər.

Bu yeniləşdirmədən məqsəd, keçmiş yazı qaydalarını dəyişdirmək deyildir. Çünki bu iş çoxlu maneələrin mövcud olması sayəsində qeyrimümkündür. Məqsəd ancaq bundan ibarətdir ki, bu yeni əlifba da islam xalqları arasında mövcud olan müxtəlif xətlərdən biri sayılsın. Ona görə ki:

Birinci, əhalinin bəzi təbəqələri keçmiş yazının çətinliyi üzündən, maddi imkanın olmaması, uzun müddət vaxt sərf edə bilməmək nəticəsində onu öyrənmək imkanından məhrum olduqlarına görə, bu yeni əlifba ilə savad öyrənib öz məişət işlərini idarə edə bilsinlər;

İkinci, xarici dillərdən islam xalqları dillərinə tərcümə edilmiş bəzi kitablarda yerlərin, ölkələrin adları, tibbi istilahlar və sairə bu kimi sözlər keçmiş yazımızla aydın ifadə olunmur. Həm də lüğət kitablarımızda kəlmələrin oxunmasının üsulu köhnə əlifbamızla aydınlaşdırıla bilmir və buna görə də həmin kitablar bu yeni əlifba ilə çap edilə bilər.

Tamamilə yəqinimdir ki, bu cür yeniləşdirmə şərafətli şəriətə zidd olmayacaq və hörmətli ruhanilərimiz də onu öyrənməyə mane olmayacaqlar. Ona görə ki, bir neçə yüz il bundan əvvəl kufi xətti dəyişdirilmişdir və ruhanilər də bu dəyişikliyə razılıq vermişlər və ümid edirəm ki, onlar bu yeni əlifbanın əski əlifba ilə yanaşı öyrənilməsinə də razılıq verəcəklər. Xüsusilə ona görə ki, bütün xalq kütlələri bu yeni əlifbadan faydalanacaqlar. Hörmətli ruhanilərimiz, heç şübhəsiz ki, indiyə qədər qaranlıq və məlumatsızlıq dənizində qərq olub, ruhani ləzzətdən məhrum qalan yazıq savadsızların halına ürəkdən yanacaqlar. Onlar bilirlər ki, bu kütlələr nə keçmişdən xəbərdardırlar, nə də gələcəyi dərk edirlər, ancaq gözləri ilə görüb, qulaqları ilə eşitdiklərini bilirlər. Buna görə də islam xalqları elmlər və sənətlər sahəsində inkişaf etməyib, gündən-günə tənəzzülə uğrayıb geridə qalırlar. Bundan başqa, müqəddəs islam dininin ardınca gedənlər savadsızlıq nəticəsində dini məsələləri bilməkdən və özlərinin şəriət vəzifələrini başa düşməkdən acizdirlər.

İngiltərə ölkəsində məşhur bir sənət vardır ki, ona stenoqrafiya deyirlər. Bu isə sürətlə yazmaq sənətidir. Bu sənətin şərtlərindən biri də odur ki, kəlmələrin hərfləri belə şəklə malik olmalıdırlar ki, onları yazarkən qələm, kağızın üzərindən götürülmür və bir dəfə dolanmaqla onların hamısını yazıb qurtarır. Demək, təsdiq olunur ki, yazı yazarkən qələmi kağızın üzərindən götürmək bu işin gecikməsinə səbəb olur. Keçmiş islam yazısında hərflərin çoxunun nöqtəsi vardır ki, asan oxumaq xatirinə bu nöqtələri qoymaq vacib sayılır. Lakin o nöqtələrin hər birisini qoymaq üçün qələm kağızın üzərindən götürülür. Ona görə də yeni əlifbada yazı işinin gecikməsini aradan qaldırmaq həm də bəzi kəlmələrin biri digərinə oxşarlığını rəf etmək üçün nöqtələri tamamilə atdım və hər bir səs üçün xüsusi bir əlamət tapdım ki, onun vasitəsilə başqasından fərqlənəcəkdir. Nöqtələr aradan qaldırıldığı halda, hərflərin sayının erablar hesabına bir qədər artırılması mümkün hesab edilməlidir. Xüsusilə ona görə ki, bu işdə bütün hərflərin şəkillərinin ancaq qələm bir dəfə hərəkət etməklə yazılıb qurtaracağı nəzərdə tutulmuşdur.

Yeni əlifbada, heç bir kəlmədə erabın ehtimal ilə təyininə qətiyyən yol verilməmişdir. Onların hamısı gərək əlaqədar samit hərflərin yanında yazılsın. Erabın, yəni saitlərin yazılması hesabına sözlər bir qədər uzun nəzərə çarpacaqdır. Lakin bu işdə olan böyük faydanın yanında bunun o qədər də zərəri yoxdur. Xüsusilə ki, mətbəələr kitabları əl ilə köçürmək zəhmətini aradan qaldırmışdır.

Avropalıların dillərində yazılan kəlmələrin uzunluğu buradakından iki dəfə artıqdır. Onların bir çoxu o qədər uzundur ki, əgər onları aydın xətlə yazsalar, bir səhifə kağızın eni o kəlmələrdən birini yazmaq üçün darısqallıq elər. Erabın yazılması hesabına sözlərin yazıda uzanması müqabilində yazı üsulunu tamamilə dəyişdirmək lazımdır ki, yazıda ixtisar və asanlaşma əmələ gəlsin. Məsələn:

Birinci, hər kəsin haqqında olan ləqəbləri bir-iki kəlmədən artıq yazmamalı;

İkinci, bir mənanı və ya bir mətləbi sinonim sözlərlə və ya müxtəlif ibarələrlə təkrar etməsinlər;

Üçüncü, məktublarda özlərini və müxatəbi qayib şəxs məqamında yazmasınlar. Çünki bu təbii vəziyyətin ziddinə və yazıda aydınlığın əleyhinə olan bir işdir. Doğrudur, belə bir dəyişiklik əvvəllər qəribə görünəcəkdir. Lakin bu, adət şəkli aldıqdan sonra qəribəlik aradan çıxacaqdır;

Dördüncü, nəsr yazılarında qafiyəyə əhəmiyyət verməməlidirlər. Çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənilir və vacib olmayan mənalar meydana çıxır. Bu üsul bizə ərəblərdən yadigar qalmışdır. Lakin bu aydın bir səhvdir, onu yazıda gözəllik şərtlərindən saymaq olmaz. Fəsahətli kəlam ondan ibarətdir ki, müxtəsər və aydın olsun;

Beşinci, adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər. “Tarixi-vəssaf” kitabının müəllifi Sultan Məhəmməd Olcaytunun hüzuruna daxil olub, dua söyləməyə başladı. O, duasını bitirdikdən sonra Sultan məclisdəkilərə müraciət edib buyurdu: “Bildim ki, dua edir, amma nə dediyini anlamadım”. Bu cür yazı, istər nəzmdə olsun, istərsə də nəsrdə, sadəcə cəhalət əlamətidir. Bu qaydaya əməl edən yazıçılardan heç birisinin əsərləri islam ölkələrində tam şöhrət tapmamış və onlardan bir çoxu tamamilə unudulub, tərk edilmişdir;

Altıncı, qeyri-uyğun təşbihlər və mübaliğələr tamamilə tərk edilməlidir. Məsələn:

Tərcüməsi:

Fələk deşən nizəsinin qorxusundan yüksək fələk qarnını özünə (tərəf çəkib) oğurlayıbdır.

Mirzə Mehdi xanın “Tarixi-Nadir” kitabında olduğu kimi, föhrüst əvəzinə “bəraətül-istehlal” ləfzini işlətməsinlər. Çünki bu mənasız işdir.

Yeddinci, yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməsinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində biri digərinin ardınca və qarışıq yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin əksinə olaraq hər bir mətləbi ayrıca ifadə etsinlər ki, danışıq dilinə yaxın olsun...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri