Hekayət
Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingilis məmləkətində filosoflar mütəəddid təsniflər yazıb kəsb və tədərrüsün lüzumiyyətini və mənfəətini xalqa bildirdilər və qayətdə müəssir moizələrinin qüvvəti ilə xalqı övzai-məişətin təhsilinə bir mərtəbədə şövqmənd etdilər ki, xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdam edib az müddətdə külli-aləmin ehtiyacına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hər şəhrin bazar və karvansaralarını ənva və əqsam əşya ilə doldurdular. Və bu əməlin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın iflasına bais olacaqdır, zira ki, bəni-növ’i-bəşərin əyyami-həyatında üç qisim ehtiyacı var: Əvvəlincisi – ehtiyaci-cismanidir, ikincisi – ehtiyaci-əqli, üçüncüsü – ehtiyaci-ruhani.
İnsan əyyami-həyatında daima təlaşdadır ki, bu üç ehtiyacı rəf’ etsin və həyatın ləvaizindən bəhrəyab olsun. Ehtiyaci-cismani rəf’ olur təhsili-məlbusat və mə’kulat və məsakin və vəsaili-əmniyyət ilə; ehtiyaci-əqli rəf’ olur təhsili-ülum və təhqiqi-qəvanini-təbiət və inkişafı-əsrari-xilqət ilə. (Əgər insan bu ikinci ehtiyacın rəf’inə cahid olmasa, onunla... arasında bir fərq yoxdur). Ehtiyaci-ruhani rəf’ olur məhəbbəti-əyal və məhəbbəti-əqrəba və dustan və məhəbbəti-vətən ilə. Hətta məhəbbəti-əyal və vətən bir mərtəbədə ruha müəssirdir ki, bə’zi əmziceyi-əfradi-bəşərdə əyalın və vətənin müfariqəti həlakətə dəxi bais olur.
Əvvəlinci ehtiyacın, yə’ni ehtiyaci-cismaninin rəf’i üçün lazım olan vəsait, – necə ki, bəyan olundu, – əhəmmi-zəruriyyati-həyatidir. Pəs hər kəs onun təhsilinə məcburdur ki, iqdam etsin. Bu surətdə əgər bir para vəsailin kəsbinə miqdari-kəfafdan zaid dərəcədə iqdam olunsa, kasibinə nisbət başqa vəsailin nöqsanına bais olacaqdır.
İngilis həkimlərindən birisi, Sismond adlı, müşahidə etdi ki, ərbabi-istitaət külli-tənxahlarını xalqın ehtiyacından zaid miqdarda əmtəə və əqmişənin tədarükünə sərf etdilər ki, füruşa yetirsinlər. Bu surətdə haman ərbabi-istitaətin əməlində onların iflasını piş-əzvəqt istinbat edib ehtiyata düşdü və onları qəflətdən oyatmaq üçün Londonda parlamentdə məcməi-amdə minbərə çıxıb keyfiyyəti-məsturu təqrir və bu məsəli və’zinin təqviyətində bəyan elədi.
Məsəli-həkim Sismond
Əyyami-sabiqədə – ki, hələ elmi-sehr və cadu aləmdən məfqud olmamışdı, – bir dərviş illər ilə Hindistanda günbədi-dəvvarın dövründə riyazətə oturmuş və ənva və əqsam sehr dualarını günbədi-dəvvardan sinəsinin dəftərinə səbt etmiş, səyahət əzmilə Firəngistana güzar eləmişdi və Germaniyada Leypsiq şəhərində çay kənarında Qandalin adlı bir nəqqaş nemsənin evində mənzil tutmuşdu. Dərvişin heç xidmətkarı və müsahibi yox idi. Hər gün evdən çıxıb gedərdi axşamadək şəhərdə gəşt edərdi. Axşam qayıdıb gəlib haman mənzildə yatardı. Amma onun tamam mə’kulatı və məşrubatı haman mənzildə hazır olurdu. Nəqqaş Qandalin təəccüb etdi və öz-özünə dedi ki, görəsən bu tədarükat nə vəch ilə dərvişə hasil olur?
Bir gün sübh çağı gəlib xəlvətcə dərviş olan otağın pəncərəsinin dalısında durub busdu görsün ki, dərvişə kim çaydan su gətirəcəkdir üzünü yumağa. Gördü ki, dərviş ayağa durdu, taxtın altından süpürgəni götürüb qabağında yerə qoydu, bir dua oxudu, süpürgəyə üfürdü, sonra süpürgə bir adam şəklinə düşüb, tez sənəyi qapıb, qapını açıb yüyürdü çaya, sənəyi doldurub gətirdi. Dərviş haman saatda yenə bir dua oxudu, haman adam yenə süpürgə şəklinə düşdü. Amma Qandalin ikinci duanın oxunduğunu heç görmədi və heç bilmədi ki, ikinci dua da var ki, haman adamı yenə süpürgə şəklinə salar.
Qandalın bir fəqir və əhlü əyal sahibi nemsə idi. Nökəri və kənizi yox idi ki, onun evinə çaydan su gətirsin. Həmişə özü sübh çağı iş üstündən durub, sənəyi götürüb, çaydan su daşıyardı və gətirib evində çəlləklərə və qablara tökərdi, oturardı öz peşəsinə məşğul olardı. Fikir elədi ki, nə əcəb rahatlıq mənim üçün hasil olar, əgər dərvişdən bu duanı öyrənə bilsəm ki, süpürgə hər gün mənim evimin suyun daşıya, mən asudə işimə məşğul olam. Bu niyyət ilə bir gün sübh tezdən gəlib dərviş oturan otağın qapısının dalısında gizləndi, diqqət ilə huş və guşunu verdi haman duanı – ki, bir-iki söz idi, – öyrəndi, getdi. O birisi gün sabah vaxtı arvadına dedi ki, Mariya, dur süpürgəni bura gətir. Arvadı süpürgəni gətirdikdə, alıb qabağına qoydu, dərvişdən öyrəndiyi duanı oxudu, üfürdü, süpürgə haman saat bir adam şəklinə düşüb sənəyi qapdı, yüyürdü çaya, sənəyi doldurub, gətirib çəlləyə tökdü. Qandalin və arvadı sevindiklərindən mədhuşvar oldular ki, bir belə ne’məti-üzma onlara nəsib oldu və şəkildən ləzzət aparırdılar və şəkil peydərpey gedirdi su gətirirdi, çəlləklərə və qablara tökürdü. Tamam çəlləklər və tamam qablar doldu. Şəkil elə yenə su daşıyıb tökürdü. Su çəlləklərdən və qablardan daşıb evə dağıldı. Nəqqaş başladı çığırmağa ki, dəxi bəsdir, dəxi lazım deyil. Şəkil nə qanır! Elə haman qərar ilə çayın suyunu daşıyır... Su evi ağzına götürdü. Qandalin və arvadı təngə gəldilər, başladılar hər ikisi çığırmağa ki, dəxi istəmirik. Şəkil qulaq asmadı. Arvadı balaca uşaqlarının əlindən tutub həyətə qaçdı. Qandalın baltanı qapıb vurdu şəkilə, iki parça elədi. O saatda haman parçaların hər birisi əli sənəki bir şəkil olub, iki tərəfdən başladılar su daşımağa... Qandalin başladı balta ilə bunları parçalamağa; şəkillərin hər parçası ki, yerə düşürdü, bir başqa şəkil olurdu, əlində bir sənək çapırdı çaya, su daşımağa. Cümləsi on altı parça idi, on altı şəklə dönmüşdü. Qandalin yoruldu, baltanı saldı yerə, iki əlli başına-dizinə çırpa-çırpa fəryada başladı. Qonum-qonşu tamam fəryadına yığıldılar, gördülər ki, Qandalinin evində və dəhlizində və nəqqaşxanasında su dizə çıxıbdır və tamam nəqqaşlıq alat və əsbabı nə nəqqaş təsviratı su üzündə üzür və on altı adam şəkli sakit və samit elə su daşıyıb evə tökürlər, qonum-qonşular da şəkillərə yalvardılar ki, bəsdir dəxi, su lazım deyil, daşımayın. Şəkillər qulaq asmadılar. Qonşular tez dərvişi axtarmağa hər tərəfə adam saldılar. Dərvişi haradan tapacaq idilər? Qandalinin arvadı başına-döşünə çırpa-çırpa həyət içində şivən edirdi. Biçarə Qandalin bilmirdi ki, nə eləsin. Lailac qalmışdı. Birəhm şəkillər elə su daşıyırdılar, evə tökürdülər. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı, ər və arvad haman saat dərvişin əl-ayağına düşdülər, yalvarmağa başladılar. Dərviş haman saat bir dua oxudu, şəkillər tamam süpürgəyə döndülər. Qandalinin canı xilas oldu və evi viran olmaqdan salim qaldı və ona tövbələtmə oldu ki, dəxi... yesin dədəsi ilə, bir də dua ilə özünə su daşıyan qayırmasın.
Su insana lazımdır və insanın əlzəm həvaicindən birisidir. Amma əgər kəfaf miqdarından ziyadə olsa, Qandalinin başına gələn müsibətə bais olur.
Pəs məlbusat insanın cismani ehtiyacının rəf’inə lazımdır. Əgər kəfaf miqdarından ziyadə olsa, məsrəfə yetişməyəcəkdir. Və onun ziyadətinin təhsilində sərf olunan tənxah əbəs olub, bilaəvəz qalacaqdır. Və ərbabi-istitaətin iflasına səbəb olacaqdır.
“Politiçeskaə gkonomiə” kitabından tərcümə
edəni: Mirzə Fətəli Axundzadə; Qocur, sentyabrın
əvvəli, hicri 1282-ci il (miladi 1865)
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-hekayet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qasım bəy, eşitdim yaxın olubsanXan qızına, axır nədir bu rəftar?
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
Sərgüzəşti mərdi-xəsisTəmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.ƏFRADİ-ƏHLİ-MƏCALİS
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.
Başqa şairlərin şeirləri
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki