Vacibül-vücud xüsusunda Babın e’tiqadı belədir ki, həqiqi yaradıcı, kainatı yaradan günəş kimi nuri-mütləqdən ibarətdir və onun nuru növi-bəşərdən olan məxluqatın bə’zi fərdlərində hər zaman özünü göstərə bilər. O halda işığın özünü göstərmə yeri olan o cisim, vacibül-vücuda nisbətlə məzhərdir; yə’ni bir aynadır ki, günəşin nuru onu işıqlandırmışdır.

Bu halda məzhərdən və aynadan hər nə baş versə, günəşdən əmələ gəlmiş hökmündədir. Seyid Əli Məhəmməd Bab günəş işığının məzhəri və aynası idi; onun cisminin zavalından sonra, başqa məhzərlər meydana çıxdı. Molla Hüseyn Buşrəvi, Molla Məhəmməd Əli Zəncani, Seyyid Yəhya və Qürrətül-eyn kimi. Bunlar bir-birinin ardınca gələrək, hər biri Babın dininə rəvac vermiş və onu mükəmməlləşdirmişlər.

Onlardan sonra məzhər və ayna hal-hazırda yaşayan Mirzə Hüseynəli Mazəndəranidir. Onun da cismi zaval tapdıqdan sonra sonsuz bir zamanədək yenə başqa məzhərlər ortaya çıxacaq və Ərz kürəsi heç vaxt məzhərsiz qalmayacaqdır.

Zahirən Babın dinini tərcih etməsi nəzərə çarpan, ancaq onun əqidələrindən mükəmməl mə’lumatı olmayan və özü də elm əhlindən olmayan Mərdi-Səyyahın dediklərindən mə’lum olduğu üzrə, Bab öz əqidələri haqqında ərəb və fars dillərində “Bəyan” adlı bir kitab yazmış və tamamilə islam dinini ləğv etmişdir. Onun hər bir hökmü islam dininin hökmlərinə ziddir.

Məsələn:

B i r i n c i: Kişi üç arvad ala bilər. Qardaşı qızını, bacısı qızını arvadlığa qəbul etmək mümkün hesab edilir. Lakin kişi, öz bacısını və öz anasını da məcus kimi özünə arvad edə bilər, ya yox məsələsini bilmədiyini Mərdi-Səyyah e’tiraf etmişdir.

İ k i n c i: Qur’anda olan “hicab” ayəsi Babın “Bəyan”ında tamamilə aradan qaldırılmışdır, ancaq bir fərq ilə; yə’ni qadın tayfası babilərdən olan öz dindaşlarına qarşı daima üzüaçıq olmalıdır, lakin yadlara qarşı, yə’ni öz dinlərinə yad olanlara qarşı örtülü olmalıdır.

Ü ç ü n c ü: “Bəyan”da içki içmək caizdir. Amma bu günün imam və hüccəti Mirzə Hüseynəli içki içməyə razılıq vermir, yə’ni içməyi yaxşı saymır. Lakin onların haram olmasına açıq hökm verməyibdir.

D ö r d ü n c ü: “Bəyan”da bütün yeyiləcək şeylər halaldır, hətta donuz, it və bu kimi şeylər. Və hər kəsin ürəyi nəyi istəsə yeyə bilər.

B e ş i n c i: “Bəyan”da yazılan Babın əqidəsinə görə, əşyadan heç birinə murdarlıq hökmü vermək olmaz, bəlkə hər şey pakdır. Amma bə’zi şeylərdən onların çirk və üfunətinə görə çəkinmək lazımdır.

A l t ı n c ı: Sidik və nəcis rədd olunan yerini yumaq nəcasətlə bulaşdığı üçün deyil, təmizlik nöqteyi-nəzərindən gözəl işdir. Qüsl və dəstəmaz da murdarlığı təmizləmək üçün vacib olduğundan deyil, təmizlik və nəzafət cəhətindən bəyənilmiş işdir.

Y e d d i n c i: Arvadlı bir kişi, başqa bir qadınla zina edərsə, o vaxt onun arvadının da başqa bir kişi ilə zina etməsinə izin verilir. Hər halda zina edən kişi ilə zina edən qadının razılığı şərtdir; icbari zina haramdır.

S ə k k i z i n c i: Nikahlı olmayan qadınlar və subay kişilər öz nəfslərinin vəkilləridirlər. Onlar hər iki tərəfin razılığı ilə cinsi yaxınlıq edə bilərlər və aralarında siğeyi-müt’ə oxumaq lazım deyildir.

D o q q u z u n c u: Bütün yer üzünün səltənəti məzhər və hüccətihəyy sayılan varlığa məxsusdur. Əhali arasında onun hökmlərini icra etmək və insanları insaf və ədalətə uyğun və bərabərlik qanununa müvafiq idarə eləmək üçün onun tərəfindən vəkillər tə’yin olunacaqdır.

O n u n c u: Ruh var olan bir şeydir; lakin gözlə görünməz. Əgər birisi Babın dininə daxil olursa, onun əqidələri haqqında mə’lumat əldə edərsə və onu bəyənərsə, öldükdən sonra onun ruhu yerə məxsus cismin zərfiyyəti olmadan “isbata” daxil olur; “isbat” isə bəyənilmişlərin pak məqamıdır ki, orada ruh şüurdan, cismin behiştdə yeyinti və içkilərdən aldığı həzzdən daha yüksək bir həzz alacaqdır.

Lakin əgər bir kimsə Babın dinini qəbul etməyib cəhalət və qəflət içində ölərsə, ruhlu münkirlərin ruhlarının məqamı olan “nəfy”ə daxil olacaq və bu qaranlıq məqamda o vaxtadək dolaşacaqdır ki, başqa bir dövrdə və yaxud müxtəlif dövrlərdə yenə də bu aləmə qayıda və haqqı anlayaraq “isbata” daxil ola.

O n b i r i n c i: Babın dinində oruc, namaz, xüms, zəkat və həcc kimi bütün əməllər onun tabe’lərindən saqitdir. Amma Şirazda Bab Seyyid Əli Məhəmmədin doğulduğu yeri ziyarət etmək onun varlı peyrəvləri üçün vacibdir və bu ev babilərin qibləsi sayılmaqdadır.

O n i k i n c i: Adam öldürməyi və xalqın malını oğurlamağı Bab haram etmişdir. Onun dinində cihad da yoxdur; amma babilərə əziyyət verən şəxslərə qarşı müdafiəni vacib bilir. Zəncanda Molla Məhəmmədəlinin, Mazəndəranda Molla Hüseyn Buşrəvinin müharibələri müdafiə məqsədi ilə olmuşdur.

Eyni surətdə uşaqları tərbiyə etmək üçün onları çubuqla döymək haramdır. Hər kəs öz fitrətinin təqazasına görə tərbiyə alacaqdır. Çubuqla döymək onların əhvalında can, əql və ürək zərərindən başqa heç bir fayda ilə nəticələnməz.

O n ü ç ü n c ü: Qız və oğlan uşaqlarının tə’lim və tərbiyəsi tə’kid olunmuş savab işlərdəndir.

O n d ö r d ü n c ü: Keçmiş peyğəmbərlər Babın e’tiqadınca məzhərdirlər; lakin bu fərqlə ki, onlardan hər birinin rütbəsinə görə bə’ziləri “fəzilətli”, bə’ziləri “aşağı” dərəcəli olurlar. Bab peyğəmbərlikdə sonunculuq iddiasını bəd’ət sayır və bunu həvayi-nəfsin nəticələrindən bilir; çünki o, dində təcdidi, təkmili və tənsixi zəruri şeylərdən hesab edir və deyir ki: Əcəba, İsa, Musa dininin batil edəni olmadımı? Məhəmməd İsa dinini batil etmədimi? O, sonradan gələn məzhərlərə dində təkmil və tənsix yaratmaq üçün ixtiyar vermiş və aləmi qətiyyən məzhərdən xali bilməmişdir.

Hal-hazırda diri məhzər olan Mirzə Hüseynəli, Babın əqidəsinə görə onun bə’zi əhkamını dəyişdirmək və onun dinində bə’zi qanunları artırmaq ixtiyarına malikdir.

O n b e ş i n c i: Babi alimlərinin əlaməti islam alimlərinin əmmaməsi kimi on beş batmanlıq, günbəd şəklində kobud deyil, dərvişlərin sarıqları kimi yüngüldür.

O n a l t ı n c ı: Mərdi-Səyyahın dediklərindən Bab Seyyid Mirzə Əli Məhəmmədin özünün dəxi xariqa’data və mö’cüzələrə qail olduğu anlaşılmadı. Amma diri məzhər olan Mirzə Hüseynəli mö’cüzənin qüdrətini və xariqa’datı izhar etmək iddiasındadır. Ancaq bir, yaxud iki nəfərin hüzurunda deyil, bəlkə Yer üzünün bütün xalqlarının vəkilləri gərək bir yerə toplanaraq öhdələrinə alsınlar və borc bilsinlər ki, əgər o bir mö’cüzə göstərsə, o vaxt Babın dinini qəbul etsinlər. O surətdə diri məzhər olan Mirzə Hüseynəli xalq vəkillərinin tələb etdikləri hər bir mö’cüzəni göstərəcəkdir.

O n y e d d i n c i: Onda birdən artığına qazanc ilə pul vermək Babın dinində haramdır.

O n s ə k k i z i n c i: Yoxsul dindaşlara kömək etmək varlı babilərə vacibdir.

O n d o q q u z u n c u: Babilərin əqidəsində on doqquz sayının şərəfi vardır. Lakin bunun nə cəhətdən belə olduğu doğru anlaşılmadı. Hər ay on doqquz gün sayılır və bundan əvvəl hər gün on doqquz rük- ’ət namaz, hər il on doqquz gün oruc tutmaq avam üçün zahirən olmuşdur. Amma indi isə bu tərk edilmişdir. Babilərdən heç kəsə namaz və oruc məcburi deyildir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri