Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir.

Məsələ budur:

Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır.

Bu bir əqidədir ki, hər millətin şəriətçiləri filosoflara qarşı üluhiyyətin isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə filosoflar cavab verirlər:

Bu halda səbəb də öz-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazım gəlməlidir; o başqa səbəb də eyni surətdə, nəticədə nəhayətsizdir. Bu keyfiyyət isə ağılabatan deyildir. Çünki ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə lazım gəlir. O halda ağlın hökmünə görə hər varlığa səbəb lazım olması xüsusda şəriətçilərin gətirdikləri dəlillər yanlışdır.

Doğrudan da şəriətçilərin, səbəbiyyəti sübut etmək barəsindəki dəlillərinin zəifliyi gün kimi aydındır. Filosoflar şəriətçilərə deyirlər:

Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz bir yerdə duraraq e’tiraf etməlisiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir.

Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə isə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, vücud səbəbsiz ola bilər.

O halda biz nə dəlil ilə təsdiq etmirik ki, o səbəbsiz vücud yaradıcı ləqəbi ilə mə’ruf olan, mövhum və şübhəli vücud deyil, bu görülən və hiss edilən kainatın özüdür?

Pəs, ey şəriətçilər, siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki, bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir.

O halda, aya, incəlikləri sezən ağlın fitvası ilə bu kainatın öz varlığında dayanmağımız layiq deyildirmi?

Şəriətçilər bu e’tirazı rədd etməkdə aciz olub, istər-istəməz cavab verirlər: Biz varlığı iki qisim bilirik. Onlardan biri varlığı mümkün olandır ki, bu kainatdır və bu varlığa səbəb lazımdır. O birisi, vacibülvücuddur ki, cənab Allahın zatıdır, bu varlığa səbəb lazım deyil. Bəli, biz silsilələnmə qorxusundan bir yerdə dayanmağa məcburuq. Lakin varlığı mümkün olan bu kainatda durmuruq, çünki ona səbəb lazımdır, bəlkə vacibül-vücud cənab Allahda, – ki varlığı mümkün olanın səbəbidir, amma özünə səbəb lazım deyildir, – dayanırıq. O halda bu dəlil ilə üluhiyyətin və yaradanın sübutu çətin olmaz.

Əgər varlığın mümkün və vacibə bölünməsi mö’təbər olsaydı, bu dəlili mö’təbər saya bilərdik.

Şəriətçilərin nəyə istinadən varlığı mümkün və vacibə böldüklərini mülahizə edək.

Şəriətçilər deyirlər ki, biz əşyanı səbəbə möhtac görürük; məsələn, nütfə doğurana möhtacdır, toxum ağaca möhtacdır. Elə isə bu əşya toplusu olan kainat da səbəbə möhtac olur. Bu halda kainat varlığı mümkün olandır və onda dayanmaq mümkün deyildir. Bu təsəvvürlə biz hökm edə bilərik ki, səbəbə lüzumu olmayan bir varlıq olmalıdır, o da vacibül-vücuddur. Bu mə’nada ki, öz varlığında başqa varlığa möhtac deyildir; bəlkə onun özü bu kainatdan ibarət varlığı mümkün olanın səbəbidir. Bu vacibül-vücudda dayanaraq onu Allahdan başqa hər şeyin səbəbi saymalıyıq.

Filosoflar bu e’tiqadı bu dəlil ilə e’tibar dərəcəsindən salırlar.

Ey şəriətçilər! Əşya öz mahiyyət və əslində səbəbə möhtac deyil, o ancaq bir növdən başqa bir növə, bir haldan ayrı bir hala keçməsində və növləşməsində səbəbə möhtacdır. Məsələn, nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir halətə keçməsində və növləşməsində doğurana və ağaca möhtacdır. Bizim münaqişəmiz növləşmədə və dəyişmədə deyil, varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır! – heysiyyətincə tamamilə yoxluğun ziddidir, külli-varlıq heysiyyətincə kamil və əhatəedicidir; yə’ni maddeyi-kəsəratın cəmedicisidir. Kəsərat isə öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. O halda əşyanın mahiyyəti vacibülvücuddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə lüzumu yoxdur və kainatı mahiyyətcə varlığı mümkün saymaq olmaz və səbəbə də möhtac olmasını düşünmək olmaz. Əks təqdirdə silsilələnmə göz önündədir. Vahid və vacib bir varlıq olan əşyanın mahiyyətinə, yoxluq nə sibqət etmişdir, nə də onun sonu olacaqdır. Əşya mahiyyətinin nə əvvəli var, nə də sonu olacaqdır. Amma onun çoxluqdakı növləşmə və dəyişmələri dənizin mədd və cəzri kimi sonsuz bir şəkildə görünür və müşahidə olunur.

Bu dəlili eşitdikdən sonra şəriətçilər filosoflarla mübahisələrində sükut edib heyrətlərindən mat və mütəhəyyir olarlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci məclis

İKİNCİ MƏCLİSİkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.

18505 dəq
Üçüncü məclis

ÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla

18504 dəq
Dördüncü məclis

DÖRDÜNCÜ MƏCLİSDördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

18506 dəq
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur

thumbnailYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

18501 dəq

Başqa şairlərin şeirləri