İkinci məktub
Hörmətli qardaşım! İqbalınız daimi olsun!
Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:
Min iki yüz səksən ildir ki, biz din, məzhəb, e’tiqad və iman ilə yaşayırıq, get-gedə halımız yamanlaşır, get-gedə saysız-hesabsız müsibət və bəlalara düçar oluruq; bir qədər də imtahan üçün dinsiz, məzhəbsiz, e’tiqadsız və imansız olub, mə’rifət və hikmətlə yaşayaq, görək halımız daha yaman olar, yoxsa daha yaxşı? Əgər daha yaman olarsa, keçmiş əqidələrimizə qayıtmaq üçün heç bir maneə yoxdur. Biz İran əhliyik, hər kəs bizi dinə tərəf çəkərsə, ona tabe olmağı əsirgəmərik. Məgər görmədinmi ki, bu yaxınlarda az qaldı hamımız islamiyyəti tamamilə tərk edərək, babi-məzhəb olaq?
Dinsiz olmaq və elm sahibi olmaq bizim üçün çətindir. Əfsanə dalınca yüyürmək və əfsanə deyənlərə qul olmaq bizim təbii adətimizdir.
Zarafatı bir tərəfə qoyaq. Genə həmvətənlərimdən bir qismi deyəcəklər ki, ərəbləri tamamilə elm və fənn düşməni saymaq olmaz. Bağdadda, Əndəlisdə, Abbasi və Əməvi xəlifələri elm və sənətləri rəvaclandırmağa çox əhəmiyyət vermişdilər, onların bu növ işi necə inkar edilə bilər?
Bəli, doğrudur, bu məsələdə -dür.
Ərəblər hicrətin əvvəllərində misirlilərin və parsilərin bütün elmlərini aləmdən yox etdilər. İki-üç yüz il sonra öz işlərindən peşiman oldular. Fövt etdiklərini ödəməyə girişdilər. Lakin heyhat... heyhat... Tələf etdiklərini ödəmək mümkün deyildi.
Xəlifələrin elmləri rəvaclandırmaları da ümumi olmamışdır. Xəlifələr əsrinin elmləri bir neçə xüsusi mədrəsəyə məhdud və münhəsir idi. Bütün xalq maarif işıqlarından məhrum idi.
Biz deyirik, əgər ərəblər zühur etməsəydilər, Afrika və Asiyaya müsəllət olmasaydılar, bu ölkələrin elmlərini Quran xatirinə və öz dilləri xatirinə yelə verməsəydilər, bu gün bu ölkələrin xalqları sivilizasyon və mə’rifətli xalqlar sırasında olar və yer üzünün xoşbəxtlərindən hesab edilərdilər.
İslam xəlifələri tərəfindən bə’zi elm və sənət növlərinin rəvaclanmasında göstərilən hümmətin faydası, Əmr-As, Sə’d-Vəqqas və Tahir tərəfindən Misirdə və İranda elmlərə vurulan ziyan müqabilində göl yanında bir damcı su kimidir.
*Bununla birlikdə bu keyfiyyəti də unutmamaq lazım gəlir ki, əsl elmlərin yaranıb doğulması ərəblərdən deyil, qədim yunanlardan, vizantiyalılardan, farslardan və hindlilərdəndir.
Qədim elmlər miladi tarixinin ortalarında xristianlar arasında yatmış halda idi. Nəhayət, ərəblər bu elmləri oyandırdılar. Sonradan özləri yenə onlardan məhrum oldular. Xristianlar isə onların rəvaclanmasına, təkmilinə səbəb oldular *.
Nə isə, olan olub, keçən keçibdir. Bundan sonra heyfsilənməyin faydası yoxdur. İndi bizə təsəlli verə biləcək şey budur ki, öz təklifimizi anlayaq və düşünək ki, min iki yüz səksən ildir ki, yanlışlıq içindəyik. Artıq bundan sonra özümüzü ərəblərin ölülərinə qul saymayaq. Öz yaxşı dədə-babalarımızın yadigar və qalıqlarına tərəf nəzər salaq. Bizim padişahlarımız və onların dövlətlərinin övliyası və bütün İran ölkəsi evladları, qardaşlıq və həmvətənlik təəssübü ilə İran zərdüştilərini evlad kimi saysın, onların vəziyyətlərinin yaxşılaşmasına çalışsınlar və bundan sonra heç kəsə onlardan bir nəfəri belə bizim özümüzün bizar olduğumuz islam dininə keçirilməsinə yol verməsinlər. Ta bu mələk xasiyyətli xalqın toxumu aləmdən kəsilməsin. Onların mühacirləri, hər tərəfdən yenə öz cənnət nişan vətənlərinə qayıtsınlar və İran padişahlarının himayəsi sayəsində xoşgüzəranlıqla yaşasınlar.
Mənim kəramətli qardaşım!
Sən Tehranda zərdüştilərlə təkrar-təkrar görüşürsən. Mənim dilimdən onlara de ki: ey zərdüştilər, ey bizim qardaşlarımız, həmvətənlərimiz, həmcinslərimiz, dildaşlarımız, bilmirik sizdən hansı dillə üzr istəyək ki, bu günə qədər biz anlamadan öz mal və canımızın, vətənimizin düşmənlərinə, yə’ni ərəblərə göstərdiyimiz tərəfdarlıq və iradət üzündən sizin haqqınızda cürbəcür müsibətləri və bəlaları rəva görmüşük. Hal-hazırda Kəmalüddövlə cəhalət pərdəsini bizim gözümüzün qabağından atdı və həqiqət sirlərini bizə açdı. Öz işimizə min-min təəssüf edirik. Bundan sonra sizə qarşı qardaşdan və atadan daha mehriban olacağıq və öz təbiətlərimizdə sizin və sizin ata-babalarınızın gözəl əxlaqlarını təqlid edəcəyik. Peymani-Fərhəngi, məhbadilərin qanunlarını və zərdüştilərin dinini İranda diriltməyi öhdəmizə ala bilmirik; çünki bu peyman, bu qanunlar və bu din öz ömrlərini bitirmişdir. Amma sizin və bizim babalarımızın əxlaqlarına yeyələnməyi öhdəmizə alırıq. Bundan sonra sizi öz qardaşlarımız sayacağıq və sizi özümüzdən ayrı bilməyəcəyik; çünki ancaq bu gün anladıq ki, biz parsilərin evladlarıyıq, bizə yolkəsən ərəblərin təəssübü deyil, parsilərin təəssübü vacibdir; yə’ni din təəssübü fərz deyil, vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir. Necə ki, avropalıların adətidir, dini puç sayırlar, vətən və el təəssübünü qeyrətlilik əlaməti və şərəf qazanmaq səbəbi bilirlər.
Bundan sonra hətta bizim lotularımız və şərirlərimiz sizin haqqınızdakı rəftarlarını dəyişdirəcək və sizə qardaş kimi mehriban və səmimi olacaqdırlar. Əgər İranda Avropa teatrları kimi tə’ziyə məclisləri də bərpa edərsək, yadların müsibətlərini deyil, sizin müsibət və bəlalarınızı nəzm və nəsrə çəkərək zikr edəcəyik.
Sizin uşaqlarınıza mədrəsələrdə tərbiyə verib, onları padşahlıq xidmətinə qoyacayıq və onlara mühüm işlər tapşıracayıq və onlara bütün məmləkətin hər tərəfində hökumət verəcəyik ki, öz sələflərinin gözəl xasiyyətlərinə uyğun olaraq əlaltıları haqqında insaf və ədalətlə hərəkət etsinlər və vətənpərvərlikdə, padişahpərəstlikdə, cəfaya adət etməkdə, zəhmət çəkməkdə müsəlmanlara örnək olsunlar; haqlarında belə söylənilən sələflərin nəslindən olduqlarını bütün dünyada isbat etsinlər *:
*Mənim kəramətli qardaşım!
Sən təəccüb etmə ki, mən parsilərə bu qədər gözəl sifətləri isnad edirəm. İnkar edilə bilməz ki, parsilər və zərdüştilər və İranın bütün farsdilli müsəlmanları fitrətən hüsn-əxlaqda və hərəkətlərində bütün millətlərin qabaqcıllarıdır. Onların xoşnəfsliyində, xoşəxlaqlığında, itaətkarlığında, ixlaskarlığında və padşahpərəstliyində bu dəlil kafidir ki, bu sayılan sifətlərin vasitəsi ilə ərəblərin qələbə dövründə despot padşahların əlinə düşmüş, bu günə qədər padşahların və onların mürüvvətsiz amillərinin cürbəcür cövr və sitəmlərinə qatlaşıb səbr etmişlər və qətiyyən dünyanın o biri millətləri kimi azadlıq fikrində deyildirlər. Bilxassə bu gün Yer kürəsinin bütün ölkələrində despotizm tərzində hakimiyyət ya tamamilə aradan qaldırılmış, ya az-çox dəyişdirilmişdir.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-ikinci-mektub-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
Başqa şairlərin şeirləri
Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,