Üçüncü məktub
Səhifə 1 / 2
Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.
Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.
Məsələn, insan əqli, əqli elmlərin qüvvəti ilə bizim peyğəmbərin göyə getməsini, Ayı ikiyə ayırdığını qəbul etmir; lakin bizim din rəhbərlərimiz və imamlarımız deyirlər: əqlin təhqiq və hökmünə e’timad etməməli, həqiqət budur ki, səhabə təsdiq etmiş və bizə də ağızdan-ağıza çatmışdır.
İslam tayfaları təsəvvür etmədən və düşünmədən onların fikirlərini mö’təbər sayırlar və bu növ işlərdə qətiyyən əqli hakim tanımayırlar.
Beləliklə, bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada, istərsə Avropada insan ağlı əbədi zindandan tamamilə xilas edilib, işlər və fikirlərdə nəql deyil, yalnız insan əqli sənəd və dəlil hesab edilib hakimi-mütləq olacaqdır.
Mənim kəramətli qardaşım!
Osmanlı və İran məmləkətlərinin əhalisi əksəriyyətlə islam tayfalarıdır. Sən onların dininə sataşmamalısan və onlara deməməlisən ki, sizin e’tiqadınız batildir, siz azğınlıq içindəsiniz, filan və filan e’tiqadı qəbul etməlisiniz.
Doğru yola çağırmaq, yol göstərmək və tə’lim etmək üsulu belə deyildir, sən belə mülayim olmayan üsulla özün üçün min cür düşmən və bədgu qazanacaqsan və öz məqsədinə də nail olmayacaqsan. Onlardan hər biri tərslik və inad ucundan sənin fikrini və sənin dəlillərini puç sayacaqlar və sənin zəhmətin boş və yersiz olacaqdır. Sən onların dinini bir tərəfə burax və onların batil olması haqqında heç bir söz söyləmə və onları irşad etməyi belə başla.
*Bizdən qədimkilər tarixlərdə bu dünyanın vücuda gəlməsini yeddi min il sayırlar. Amma bu gün qəti dəlillərlə dünyanın vücuda gəlməsi tarixinin min milyon ildən də çox olduğu bizə isbat edilmişdir və “əhli-kitab” dinlərindən əvvəl bütpərəstlik, atəşpərəstlik, brəhmənlik, yunanlıların çoxallahlılıqları və sairə bu kimi bir çox batil dinlər dünyada zühur etmişdir. İnsan əqli heyrətdədir ki, görəsən nə səbəb üzündən xudavəndi-aləm “əhli-kitab” dinlərinin zühurundan əvvəl bir neçə min cürbəcür batil dinlərin saxlanılıb bərqərar qalmasına yol vermişdir?
Bu heyrətin təsəvvüründən insan əqli, istər-istəməz xudavəndialəmin o batil dinlərin zühurunda və davam etmələrində qətiyyən müdaxiləsi olmadığına hökm edəcəkdir. Bəlkə onların cümləsini zirəng və rəyasət arzusunda olan insanlar, öz məqsədlərinə çatmaq üçün yaratmışlar.
*Qədim dinlərin batilliyi islam dininə tabe olanlar üçün aydın və sabit olduğu zaman, ixtiyarsız olaraq öz dinlərini də onlardan qiyas edəcəklər və anlayacaqlar ki, əgər dünyada haqq din lazımsa, nə üçün Musa zamanına qədər keçən bu qədər min illər içərisində xudavəndialəm, haqqa də’vət üçün peyğəmbər göndərmədi ki, batil dinləri yer üzündən silsin?!
Məgər o zamana qədər bu dünyanın və bu bəndələrin ona təəllüqü yox idi? Yaxud o zamana qədər yuxudamı idi, sonradan oyanaraq batil dinlərin onun dünyasını murdarladığını gördü və o vaxt peyğəmbərlər və göy kitablarını göndərmək fikrinə düşdü? *
Mənim kəramətli qardaşım!
Bizim bu günə qədər haqqı batildən seçməkdə və doğrunu əyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir ki, biz daima iki zidd qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymışaq. Halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, birisi e’tiqad.
Məsələn, elm hökm edir ki, birinci Napolyon olmuş, Moskvaya da getmişdir və sonra filan və filan olmuşdur. Bu xüsusda qətiyyən başqa e’tiqad lazım deyildir, çünki qəziyyə qəti elmə istinad edir. Dəlil və sübuta ehtiyacı olmayan və yaxud dəlil və sübutu qəti olan hər qəziyyə – elmdir, e’tiqada dəxli yoxdur.
O biri tərəfdən, din övliyalarının xəbərlərinə istinadən biz həzrəti Musanın Tur dağına getməsinə, pərvərdigari-aləm ilə söhbət etməsinə və öz əsasını daşlara vurmasına və çeşmələrin axmağa başlamasına və s. bu kimi şeylərə e’tiqad edirik...
Bu qəziyyə dəlil və sübuta möhtacdır və əgər dəlili olsa da, heç bir surətdə qəti ola bilməz; bu təqdirdə biz bu qəziyyəni elm saymamalıyıq, bu qəziyyəni ancaq e’tiqad deyə adlandıra bilərik və elm üzündən deyil, e’tiqad üzündən ona inana bilərik.
Lakin bizim dinimizin övliyaları bu növ qəziyyələri də elm növlərindən saymaqdadırlar. Necə ki, deyirlər: “elmi-təfsir”, “elmi-əhadis”, “elmi-kəlam” və onun misalları və ondan sonra fizika, matematika, coğrafiya, astronomiya və onun misallarını da elmdən sayırlar. Sanki əvvəlkilər də sonrakıların tayı imiş. Halbuki bu sonrakıların əvvəlkilərdən fərqi günəşdən də aydındır. Biz əvvəlkiləri e’tiqad işlərindən və yalnız sonrakıları elm işlərindən saymalıyıq.
Mənim kəramətli qardaşım!
Bunu bilməlisən ki, hər din üç müxtəlif əməldən ibarətdir: e’tiqad, ibadət və əxlaq. Hər dinin icad olunmasından əsl məqsəd üçüncü əməldir. E’tiqad ilə ibadət, bu əsl məqsədə görə təfərrüatdır. İnsanın gözəl əxlaq sahibi olması üçün lazım görürük ki, xəyalən gözəl əxlaq sahibi, əzəmət, cəlal sahibi, qüdrət və rəhmət sahibi, tə’zim və sitayiş icad etdirən bir varlıq fərz edək və öz əxlaqımızı onun əxlaqına oxşadaq, bu növ varlığı biz pərvərdigari-aləm və kainatı yaradan deyə adlandırırıq. Bu cür varlığı fərz etdikdən və tə’zim və sitayişə layiq saydıqdan sonra, ona tə’zim və sitayiş üsullarını icra etməyi lazım bilirik: namaz, oruc, zəkat və bu kimilər.
Bu cür varlığı fərz etdikdən və onun haqqında tə’zim və sitayiş üsullarını həyata keçirdikdən sonra onun rəhmətinə ümid bəsləməyi və onun qəzəbindən qorxmağı lazım sayırıq.
Belə bir varlığın rəhmətinə ümid bəslədikdən və onun qəzəbindən qorxduqdan sonra, onun gözəl əxlaqı ilə əxlaqlanmağı və qətiyyən günah iş görməməyi lazım bilmişik ki, onun rəhmətinə layiq olaq və onun qəzəbinə səbəb olmayaq.
*Bu təqdirdə əgər biz tə’zim və qulluğu icad etdirən bir varlıq fərz etmədən gözəl əxlaq sahibi olmaq üçün bir vəsilə taparsaq, o vaxt e’- tiqad və ibadatdan ibarət olan iki fər’ lazım olmaz.
Avropa və Yengi Dünya məmləkətlərinin çoxunda elmlərin yayılması insanları hüsni-əxlaq qazanmaq cəhətindən, hər dinin iki şərti olan e’tiqad və ibadatdan azad etmişdir. Lakin Asiyada elmlər inkişaf etməmişdir və bu cəhətdən də iki fər’ hədsiz-hesabsız qollar və əlavələr meydana çıxarmış və əsl məqsədə elə bir şiddətlə qələbə çalmışdır ki, bunların sayəsində elmlərin intişar yolu tamamilə qapadılmışdır.
*Mənim kəramətli qardaşım!
Bu məktubda keçmiş iki məktubdakı bütün mətləbləri “Kəmalüddövlə” müəllifinin şifahi təlqinlərindən öyrənib sənə yazmışam. Bunu mö’təbər sayacağınıza ümidvaram. Müəllifin təlqinlərindən biri də varlığın səbəbi və onun batilliyi dəlilidir ki, onu da bu sonuncu məktubda yazmağa başlayıram.
*Hər varlığa bir səbəb lazımdır, çünki heç bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır.
Bu bir əqidədir ki, onun vasitəsi ilə şəriətçilər naturalist filosoflara qarşı Allahın isbatı üçün dəlil gətirirlər.
Bu əqidənin rəddinə naturalistlər cavab verirlər:
Bu halda səbəbin özü də bir varlıq olmaq e’tibarı ilə başqa səbəbə möhtac olur; o başqa səbəb də eyni surətdə, nəticə nəhayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyildir. Çünki ağılın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə əmələ gələr. O halda ağlın hökmünə görə hər bir varlığın səbəbə möhtac olması haqqında şəriətçilərin gətirdikləri dəlil yanlışdır.
Doğrudan da varlığın səbəbə möhtac olması haqqındakı dəlillərin zəifliyi gün kimi aydındır. Naturalistlər şəriətçilərə deyirlər:
Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz gərək bir yerdə dayanıb e’tiraf edəsiniz ki, varlıqlardan bir varlığa səbəb lazım gəlmir.
Birinci surətdə silsilələnmə lazım gəlir, ikinci surətdə varlıq üçün səbəbiyyət rəf’ olur və sübut olunur ki, səbəbsiz varlıq ola bilər.
O halda biz nə dəlil ilə təsdiq etmirik ki, həmin səbəbsiz vücud görünməyən, şübhəli və mövhum varlıq deyil, elə bu görünən və hiss olunan kainatın özüdür? Və siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır? Halbuki bizim və sizin e’tiqadımıza görə müəyyən bir yerdə dayanmaq zəruridir. Belə olduqda, incəlikləri düşünən ağılın göstərdiyi kimi kainatın öz varlığında dayanmağımız layiq deyilmidir?
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-ucuncu-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixiYer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.
Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surətiYüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.
Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.*Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.