Səhifə 1 / 3

Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!

İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.

Mən köhnə islam xəttini dəyişdirmək barədə dövləti-əliyyeyi-İranın Maarif Nazirliyi ünvanına yazıb, cilidlədib, sizin nəvvab-müstətabhəzrət-əşrəfinizə ixlasımı bildirən ərizəmlə göndərməyə hazırlaşdığım zaman Parisdəki dostlarımdan biri tərəfindən göndərilmiş Süavi əfəndinin qəzetinin keçən il çap olunmuş bir nömrəsini aldım.

Qanım qaraldı. Rahatlığım yenə də zəhmətə çevrildi. Məcbur oldum ki, yenə də qələmi əlimə alıb, bu evi yıxılmış osmanlının fikri və əqidəsi barədə tənqid yazım və onu ikinci ərizəmlə bərabər zərfin içində nəvvab-müstətab-həzrəti-əşrəfinizə göndərim. Köhnə islam yazısı üslubunu dəyişdirib, islah etmək üçün mə’ruzəmdə qələmə aldığım dəlillərdən sonra Süavi əfəndinin qəzetini görməyə lüzum qalmırdısa da, bir məsələni sübut üçün qəzeti sizə göndərməyi də vacib bildim. Bununla sübut olunur ki, xətti-əlifbanı dəyişmək məsələsi kiçik məsələ deyil. Qoy hamı bilsin ki, bu gün bu məsələ hər yerdə, hər guşədə dillərdə gəzməkdədir. Xalqını, millətini və vətənini sevib dost tutanların hamısının gözü, millət başçılarından bu xüsusda görəcəkləri qərar və tədbirin intizarındadır.

Nəvvab-müstətab-əşrəfiniz yüksək Qacar sülaləsinə mənsub olub, fəzilət və mə’rifət cəhətdən özünüz kimilərdən və məqamca sizə yaxın olanlardan seçildiyinizə görə, yəqinimdir ki, türk dilini necə ki, lazımdır, bilirsiniz. Lakin onu da düşündüm ki, Tehranın alim adamlarından bə’ziləri əslən fars olduqlarına görə ola bilsin ki, türkcə qəzeti oxuyub anlamaqda acizlik çəkərlər. Ona görə də həmin qəzeti farscaya tərcümə edib, əsli ilə bərabər göndərirəm.

Süavi əfəndi islam əlifbasını islah etmək üçün dörd növ yol göstərir:

Birinci qisim – Mənim keçmiş layihəmə işarə edir ki, bu layihə onun əlində vardır.

İkinci qisim – Melkum xanın yeni layihəsinə işarə edir ki, bu da onun əlində var.

Üçüncü qisim – Yenə də Melkum xanın yeni layihəsinə, ancaq saitləri ona daxil etmək şərti ilə işarə edir.

Dördüncü qisim – Süavi əfəndinin öz əqidəsidir ki, onu şərh edir və üstün tutur.

Fəzilət və mə’rifət sahiblərinin nəzərinə təqdim olunan mənim tənqidim məhz bu dördüncü qisim haqqında olacaqdır.

Süavi əfəndi cənabları öz izahatının ikinci maddəsində e’tiraf edir ki, yazımızın islahı ən vacib məsələlərdən biridir. Bu məsələni kiçik məsələ saymaq olmaz, çünki yazının islahı xalqımızın elm və sənaye cəhətdən inkişafına səbəb olacaqdır.

O, qəzetinin başqa bir yerində qeyd edir ki, Avropa əhalisi yazı üsullarının əlverişli olması sayəsində elmləri öyrənmək işində böyük tərəqqi əldə edib, həmişə bizdən irəliyə düşmüş və üstünlük qazanmışdır. Biz isə əlifbamızın nöqsanlı olması üzündən hal-hazırda malik olduğumuz biliklərdən başqa öz mə’rifət və tərbiyəmizə heç bir şey əlavə edə bilməmişik və ona görə də geridə qalmışıq.

O yenə də yazır: “Müsəlman uşaqları 3-4 il məktəbə ayaq döydükdən sonra yenə də öz dillərində qəzet oxuya bilmirlər. Lakin Avropa əhlinin uşaqları, əlifbalarının əlverişli olması sayəsində bir neçə həftə dərs alandan sonra öz dillərində çap olunan qəzetləri oxuya bilirlər.

Demək, aydın oldu ki, əlifbamızın qüsurlu olması bizim elmlərdən və sənayedən məhrum qalmağımıza səbəb olmuşdur. Habelə aydın oldu ki, Avropa əhli öz əlifbalarının əlverişli olması sayəsində elmdə, sənayedə çox böyük tərəqqi edib, həmişə bizdən irəlidə gedərək hər cəhətdən üstün olmuşdur.

Bu da aydın oldu ki, onların uşaqları bir neçə həftə ərzində öz əlifbalarını öyrəndikdən sonra ana dilində qəzet oxumağı bacarırlar; lakin bizim uşaqlarımız bizim əlifba ilə 3-4 il oxuduqdan sonra bunu bacarmırlar.

Siz, Süavi əfəndinin bu e’tirafını unutmayın ki, mən başqa bir məsələnin izahına başlayım və görüm bu osmanlını necə qane edəcəyəm.

İndi görək, elm sahəsində tərəqqimizi tə’min üçün bizim qarşımızda qüsurlu əlifbamızdan başqa yenə də maneələr varmı? Bəli, başqa maneələr də vardır. Əvvəlcə bu maneələri qeyd edim.

İran və Rum ölkələrində yaşayan və islam dinində olan biz yazıqların dili fars və türk dilləridir. Ərəblər bizə qələbə çaldıqdan sonra dinlərini bizə qəbul etdirdikləri kimi, dillərini də bizim dilimizə qatmışlar və bizi məcbur etmişlər ki, öz dilimizdə yazılan kitabları oxuyub başa düşmək üçün ərəb dili və onun qaydalarını da bilək. Buna görə də biz məcburuq ki, farsca yazılmış əsərləri anlamaq üçün iki dil və türkcə yazılmış əsərləri başa düşmək üçün üç dil öyrənmiş olaq. Bir halda ki, fransızlar, ingilislər və yunanlar təkcə öz dillərini öyrənməklə, onların dilində yazılmış bütün əsərləri oxumağa və öyrənməyə qadir olurlar.

Digər tərəfdən, ərəb dilini öyrənməyin bu dilin əhli olmayan bizlər üçün əlifba nöqsanlarından əlavə, başqa xüsusi çətinlikləri də vardır ki, ərəblərin sayəsində qiyamətin gününə qədər bu çətinlikdən xilas olmayacağıq və əlacsızlığımızdan bu çətinlikdən xilas olmaqdan belə gözümüzü həmişəlik çəkmişik. Bu çətinlik isə ərəb hərflərinin xüsusi imlasından ibarətdir. Məsələn, Sin (Sad) səsləri; (Zal)

(Zad) səsləri; həmzə və (ayn) səsləri; (ha) ( h a) səsləri; (Ta) (Ta) səsləridir ki, bizim ləhcəmizdə biri digəri ilə eyniləşir. Ona görə də, bizim uşaqlarımız bu hərflərin ərəb dilinə məxsus imlasını yadda saxlamaq üçün nə qədər böyük zəhmət çəkməlidirlər.

Bu çətinliyi aradan qaldırmaq bizim üçün mümkün olmasa da, yazı üsulunu dəyişdirmək mümkündür. Ona görə də, görək, bizim yazımızın çətinliyi nədən ibarətdir?

Birinci – bizim yazımız sağdan-sola yazılır. Bu cür yazı qaydası soldan-sağa yazılan yazı qaydasından xeyli çətindir.

İkinci – bizim hərflərin çoxu nöqtəlidir. Belə bir vəziyyət isə yazının gec yazılmasına və oxuyarkən ən şiddətli çətinliyə səbəb olur.

Üçüncü – -dən başqa, səsli hərflər, yə’ni saitlər yazıda samit hərflər sırasına daxil olmurlar. Onların tələffüzdə tələb olunan bir çoxu isə, məsələn, fəthə, zəmmə, kəsrə, fəthə ilə kəsrə arasında olan bir səs (E) və (Ö) hərfinin iki cür oxunması, öldü və oldu

kəlmələrində hədsdən asılı olurlar.

Dördüncü – həds ilə oxunan bu saitlərdən başqa, üç hərf daha, yə’ni: ün, in və ən vardır ki, onlar “rəf’li tənvin”, “nəsbli tənvin” və “cərrli tənvin” adlanır və ərəb adlarının axırında həds ilə oxunur.

Beşinci – bu saitlərdən başqa bizim mədd, təşdid, cəzm və vəqf əlamətlərimiz də olmalıdır.

Altıncı – bizim hərflərimizdən hər birinin dörd cür şəkli vardır. Şəkillər hərfin tutacağı yerin tələbinə görə anbaan dəyişilir. Lakin fransız və ingilis hərflərinin hər biri vahid bir şəklə malikdir ki, hər yerdə o cür yazılır.

Yeddinci – nuni-səğir türk dilində ərəbi kafa və əcəmi kafa, bu kafların hər ikisi isə, fars və türk dillərində bir-birilə eyniləşir.

Qeyd edildiyi kimi, yazının bu qədər çətinliyi üzündən biz Qur’anı düzgün oxumaq üçün əlacsızıq ki, fəthəni, zəmməni, məddi, təşdidi, cəzm və vəfq əlamətini hərflərin üstündə yazıb, kəsrəni isə hərflərin altına qoyaq. Rəf’li, nəsbli, cərrli, tənvinləri bildirmək üçün hərflərin üstündə qoşa zəmmə, qoşa fəthə yazıb, hərflərin altına isə qoşa kəsrə qoyaq. Bununla belə, bizim uşaqlarımız bir il ərzində və əksər hallarda iki il ərzində Qur’anı oxuyub qurtara bilmirlər.

İndi isə Süavi əfəndi istəyir ki, biz uşaqlarımızı oxutmaq üçün “Gülüstan”, “Bustan”, Hafizin divanı və başqa dərs kitablarını da Qur’an kimi fəthə, kəsrə, zəmmə, tənvinlər, mədd, təşdid, cəzm və vəqf əlamətləri ilə yazaq və əlifbamızda olmayan bə’zi saitləri bildirmək üçün hətta hərflərin üstünə 1, 2, 3, 4, 5 kimi həndəsi rəqəmlər də qoyaq. Necə ki, yəhudilər öz uşaqlarını bu qayda ilə oxudurlar, biz də yəhudiləri təqlid edib, uşaqlarımızı bu cür oxudaq və elə ki, uşaqlarımız təhsildə başlanğıc pillədən son pilləyə ayaq qoydular, o zaman fəthə, zəmmə, kəsrə, tənvin və sair işarələri onun gözü önündən qaldıraq, yenidən saitsiz, hərəkəsiz və işarəsiz yazını oxumağa mübtəla edək.

Çox yaxşı, biz Süavi əfəndinin bu cür təklif və məsləhətini məmnuniyyətlə qəbul edirik, ancaq bu şərt ilə ki, o da bizim uşaqlarımızın onun göstərdiyi yazı qaydaları üzrə bir neçə həftə dərs keçdikdən sonra Avropa əhlinin uşaqları kimi öz dilimizdə qəzet oxumasına zamin olsun. Çünki bizim yeganə məqsədimiz belə bir yol tapmaq idi ki, elmləri öyrənmək sahəsində Avropa xalqlarından geridə qalmayaq. Allaha çox şükür olsun ki, bunun üçün çarə tapıldı. Süavi əfəndiyə tam minnətdarıq ki, o, bu yolu bizə nişan verdi. Bundan yaxşı daha nə ola bilər? Avropa əhlinin uşaqları əlifbanın asanlığı sayəsində bir neçə həftə dərs keçdikdən sonra öz qəzetlərini oxuya bilirlər, biz də istəyirik ki, bizim uşaqlarımız da bir neçə həftə məktəbə getdikdən sonra bizim qəzetləri oxuya bilsinlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri