Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!
Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.
Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.
“Kəmalüddövlə”nin nüsxəsini, və’d etdiyim kimi, sizin mehriban qardaşınız sərhəng Məhəmmədağa vasitəsilə sizə göndərirəm və cəlal sahibi olan cənabınızdan bir neçə xahiş edirəm:
Birincisi – bu kitabı mə’rifət, insaniyyət və əminliyinə möhkəm e’tibarınız olan adamlardan başqa heç kəsə oxumayın və göstərməyin!
İkincisi – özünüzün inandığınız şəxslərdən başqa heç kəsə bu əsərin üzünü köçürmək icazəsini verməyin!
Üçüncüsü – əsəri yazanın adını ancaq sirr saxlayan mö’təbər adamlardan başqa heç kəsə deməyin!
Dördüncüsü – sirr verməyə layiq bildiyiniz və eyni zamanda elm sahəsində mö’təbər hesab etdiyiniz adamlara “Kəmalüddövlə”nin bütün məsələlərinə, bacarsalar, tənqid yazmağı təklif ediniz! Onlara deyiniz ki, “Kəmalüddövlə”nin məqsədi də bu əsərə tənqid yazmaqdır. Lakin onların tənqidlərində gətirdikləri dəlillər hədislərə və ehkama əsaslanarsa, qəbul edilməyəcəkdir və onlara heç bir əhəmiyyət verilməyəcəkdir.
Adı sizə mə’lum olan bu əsərin müəllifi bir çox başqa əsərlərin də müəllifi hesab edilir. “Kəmalüddövlə”ni yazmaqdan onun heç bir şəxsi-qərəzi, Allaha pənah, yoxdur. Çünki o, İrana və islam xalqlarına əsla ədavət bəsləmir. Hal-hazırda Avropa və Yengi Dünyada da belə bir mübahisə meydana atılmışdır. Onlar, puç əqidələrin ölkə və xalqın səadətinəmi, yoxsa məmləkətin və xalqın bədbəxtliyinəmi səbəb olduğunu axtarırlar. O ölkələrin filosoflarının böyük bir hissəsi belə bir əqidədədirlər ki, puç dini əqidələr ölkənin və xalqın fəlakətinə və bədbəxtliyinə səbəb olur.
Hətta onların ən məşhurlarından olan və son zamanlarda yaşayan ingilis filosofu Boklun dünyada şöhrət qazanıb hamı tərəfindən qəbul edilmiş əsərlərində bu əqidə başqalarının əsərlərindəkindən daha dərin qoyulmuşdur.
Bokl öz iddialarını sübut üçün göstərir ki, puç əqidələrin, keşişlərin və əfsanə söyləyən papanın ardınca gedən İspaniya (yə’ni Əndəlis), Şvetsiya və İtaliya xalqları müasir elmləri və sənətləri öyrənmək sahəsində gündən-günə geridə qalırlar. Halbuki, bu puç əqidələrin zəncirindən xilas olaraq, ağıl və hikməti rəhbər qəbul edən İngiltərə, Fransa və Yengi Dünya xalqları elm və sənaye sahəsində gündən-günə, saatdan-saata irəliləyirlər. Bu ölkələrdə tərəqqi edən elmin nəticəsində böyük ixtiralar və yeniliklər meydana çıxmışdır. Elm bəşəriyyətin asudəçiliyinə və səadətinə səbəb olmuşdur. Avropa xalqları isə elm və maarif sahəsində böyük tərəqqilərə nail olmuşlar.
“Kəmalüddövlə”nin müəllifi də Avropa filosoflarının əqidəsində olan bu adamdır. Yə’ni liberaldır, tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar.
O, bu məqsədə çatmaq üçün öz imkanları daxilində bir neçə vasitəyə əl atmışdır. O vasitələrdən biri də köhnə əlifbanı dəyişdirmək əqidəsidir. O istəyir ki, onun xalqının qəlbində də qeyrət, namus, ədalət, bərabərlik, xalqı və vətəni sevmək hisslərinin toxumu əkilsin. O, xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və dilənçiliyin aradan qaldırılmasını arzu edir. O, xalqın sərvət və qüdrət sahibi olmasını istəyir. O bilir ki, dini əqidələrin əsası yıxılmayınca onun bu arzuları yerinə yetməyəcəkdir. Çünki, dini əqidələr insanların həqiqəti görən gözünü pərdələyir və onların dünya işlərində irəliləməsinə mane olur.
Buna görə də öz mə’lumatı dairəsində əqidələrini qələmə almışdır. “Kəmalüddövlə”nin yazılmasının yeganə tələbi budur! Bundan başqa səbəb təsəvvür edilə bilməz!
Əgər bu əsərdəki məsələlər bə’zi adamların nəzərində ölkənin və xalqın zərərinə səbəb olan görünərsə, onu olmamış kimi düşünə bilərlər. Çünki əsər hələ çap edilməmiş və yayılmamışdır, bundan sonra da onu çap etdirmək fikrində olan yoxdur.
Avam camaatı aldadan şarlatanlar xalqın mə’lumatının və uzaqgörənliyinin olmadığından istifadə edərək, hicrətdən bu günə qədər İran torpağında nə qədər fitnələr və qırğınlar törətmiş və bu ölkədə yaşayanların yurdunu xaraba qoymuşlar?! Biz yazıqlar nə vaxta qədər bu kimi qərəz sahibi və xudpəsənd adamların əlində oyuncaq aləti olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq və fırıldaqçı adamların hər bir mə’nasız sözü ilə özümüzdən çıxıb həyəcana düşürük. Necə ki, babilərin və onlar kimi başqa fırıldaqçıların puç sözləri ilə həyəcana düşdük. Hal-hazırda əgər Avropa ölkələrindən birində bir şəxs ortalığa atılıb özünün peyğəmbər, ya imam olduğunu iddia edərək, qədim dövrlərdə olan peyğəmbərlər və imamlar kimi xalqı öz dininə də’vət edib, mö’cüzə, kəramət və xariqələr göstərmək iddiasına düşərsə, camaat dərhal onu ya dəli hesab edib, müalicə üçün dəlixanaya göndərər, ya da ki, adamaldadan və şarlatan kimi yaxasından tutaraq, məhkəməyə cəlb edərlər.
*Bu məsələləri cəlal sahibi olan cənabınız məndən daha yaxşı bilirsiniz və bu sözlərin haqq olduğunu təsdiq edirsiniz. Mənim deməyim yaxşı deyildir. Lakin qələmi ələ almışdım və bu sözlər ixtiyarsız olaraq fikrimə gəldi və yazmağa məcbur oldum.
Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onu sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmün bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutar. Bu qövmün rəhbərləri nə qədər ki, sağ idilər, biz onların qılıncı qorxusundan onlara itaət etməyə məcbur olmuşduq. İndi də ki, ölüb torpağa çevrilmişlər, onların ölülərinə bəndəçilik etməyimizlə fəxr edirik; görünüz, biz nə dərəcədə axmaq və nə dərəcədə qanmaz adamlarıq.
İndi mənim son dərəcə təlaşım və arzum budur ki, heç olmazsa, öz xalqımı o qövmdən bizə yadigar qalmış bu iyrənc və murdar əlifbanın bəlasından xilas edim; xalqımızı cəhalət qaranlığından elmin işıqlığına çıxarım və əgər bu arzuma nail olaramsa, nə böyük xoşbəxtlik olar və dünyadan muradına çatmış bir insan kimi gedərəm. Siz bu yerlərdən keçib getdikdən sonra qələmimdən qəribə və məzəli şeylər çıxmışdır. İnşallah, əgər sağlıq olarsa və yenə də sizin yolunuz bu yerlərdən düşərsə, sizin fərəhli görüşünüzdən feyz alarkən, onları hüzurunuzda özüm sizə oxuyacağam.
Məktubu imzasız və tarixsiz göndərirəm. Sizə ixlası olan...
Yeni miladi ildə ə’lahəzrət böyük imperator tərəfindən mənə polkovniklik dərəcəsi əta edilmişdir. Bu məktubun və göndərdiyim sənədlərin sizə çatması barədə mənə xəbər verməyinizi xahiş edirəm.
4 fevral 1869-cu il
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mehriban-ve-ezemetli-haci-seyx-mohsun-xan-seadetiniz-daimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Qeyd18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.
Mirzə Yusif xanaSabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!
Tehranın xarici işlər nazirinəTehranın cəlal sahibi xarici işlər Nazirliyinin rəisi cənablarına qayibanə salam yetirib, həmin türkcə “Təmsilat”ı yadigar olaraq hədiyyə göndərirəm**1873-cü il, dekabr ayında*