Səhifə 1 / 2

Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.

Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.

İranda həmsərhəd olan dövlətlər varlanmaq fürsətini əldən vermədilər. Bilxassə türklər düşmən qonşunun bu vəziyyətinə sevinirdilər. Təbiətləri üzrə tənbəl olan və nə ölüyə, nə də diriyə hay verən türklər belə dəqiqələrdə işğalçılıq ehtirası ilə yanırlar.

Türklər İran sərhədlərini tez keçdilər və bir o qədər də zəhmət çəkmədən bütün Azərbaycanı və başqa həmsərhəd mahalları zəbt etdilər. O biri tərəfdən Buxara xanları Xorasan əyalətinin bir hissəsini tutdular; Xorasanın özü də, Herat də qorxu altında idi.

O zaman Xorasanda yaşayan on səkkiz yaşlı şahzadə Abbas Mirzə Xorasan əmiri Mürşidqulu xanın köməkliyi ilə kiçik bir qoşun dəstəsi götürüb Qəzvinə hərəkət etdi və təxtü-tacın ona verilməsini atasından xahiş elədi. Əmirlərin özbaşınalığından təngə gəlmiş Məhəmməd şah oğlunun xahişini yerinə yetirdi, özü onu taxta oturtdu, bağrına basdı və xoşbəxt padşahlıq etməsi üçün xeyir-dua verdi.

Cavan padşah öz səltənətini düzəltmək və nizama salmaq üçün böyük zəhmətlər çəkməli idi. O bilirdi ki, şərə bais olan vassallardır. Və bir neçə il dalbadal onlarla təkbətək vuruşub, onların özbaşınalığını aradan qaldırmağa və onları nüfuzdan salmağa zəhmət sərf etdi; iş o dərəcəyə çatdı ki, bunun adı çəkiləndə onlardan hər biri yarpaq kimi əsirdi. Vassallar İranı qüvvətli bir əlin idarə etdiyini və onların üzərində dəmir iradəli bir şəxsin hakimiyyət sürdüyünü görüb sakitləşdilər. O zaman Şah Abbas öz qüvvəsini hiss etdi; özbəklər Xorasandan, türklər isə aldıqları yerlərdən qovuldular.

Şah Abbasın cəmi səciyyəvi sifətləri bir yana, ancaq bir şeyi demək lazım gəlir ki, bir sərkərdə və hakim olaraq, açıq meydanda, silah gücünə yox, incə fənd ilə, vəziyyətdən və fürsətdən istifadə edərək düşmənə qalib gəlirdi. İşdə və vuruşda qorxaq olan Şah Abbas ancaq müharibədən və onun nəticələrindən heç də qorxmazdı; müvəffəqiyyət qazanacağına arxayın olanda, hətta özü müharibə etmək fikrinə düşərdi. Gördüyü işlərdə cəsarətli olması, sərəncamlarındakı fəaliyyət, işdə cəld tərpənməsi, əlverişli cəbhələr seçməsi, müxtəlif manevralarla düşməni aldatması, yorması və azuqə tapmaq yollarını onun üzünə bağlaması sayəsində Şah Abbas həmişə düşmən üzərində qələbə çalardı.

Sərkərdələrinin məsləhətlərinin ziddinə olaraq o, türklərlə üzbəüz gəlməkdən qaçmış və dörd dəfə onların ən qüvvətli ordularını məhv etməyə müvəffəq olmuşdur; həmin orduları müharibə zamanı özlərinə azuqə tapmaq imkanından məhrum etmişdir. Düşmən ordusunda aclıq və onun labüd nəticələri olan xəstəlik və ruh düşkünlüyü əmələ gəlməyə başladığı bir zamanda, düşmən ordusunun baş komandanı geri çəkilməyə məcbur olduqda, şah qoşunları düşmən ordusu sıralarının müxtəlif hissələrində qarışıqlıq törədir, onların pozulmasını və tələf olmasını axıra çatdırırdı. Müxtəsər, demək olar ki, Şah Abbas fitrətən partizan müharibəsi sərkərdəsi idi. O, bir neçə ildə vətəninin düşmənlərinə qalib gəlmiş və onları nəinki İranın əvvəlki hüdudlarından qovmuş, hətta İranla həmsərhəd olan bir çox müxtəlif torpaqları da ələ keçirmişdi.

Azərbaycandan qovulmuş türklər sonra Bağdadı və onun əyalətlərini də əldən verdilər. Bu itkinin ciddiyyətini hiss edərək türklər 1618-ci ildə onu iranlılardan geri almaq fikrinə düşdülər. Hafiz Əhməd paşaya baş komandan adı verərək, Babi-ali onu lazımi vəsaitlə təchiz olunmuş böyük bir ordu ilə qalanı almaq və iranlılarla müharibəni davam etdirmək üçün Bağdada doğru göndərdi. Ancaq Şah Abbasdan onun ələ keçirdiyi qəniməti geri almaq çətin idi. O, düşmən ordusunun hərəkət etdiyini eşitcək, dərhal mühasirə olunmuş Bağdadın köməyinə gəldi və Bağdadın bir neçə mənzilliyində qərargah quraraq, öz səliqəsi ilə türklər üçün cürbəcür fəlakətlər hazırlamağa başladı. Türkiyə baş komandanı Şahın mühasirədəkilərə köməyə gəlməyi xəbərini aldı: o, mühasirəni götürməkdənsə, Şah qarşısına müharibəyə getmək fikrinə düşdü. Şah, düşmən türk qəbilələri arasında təhlükəli bir vəziyyətdə idi. Onu əzib ordusu ilə (bu ordu tələsik hərəkət etdiyi üçün, İranın müxtəlif hissələrindən çağırılmış bütün qoşunlarla hələ birləşməmişdi) qovduqdan sonra yenə də Bağdad mühasirəsini başlamaq olardı. Lakin Türkiyə baş komandanının qalanı almaq üçün başlanmış işlərdən əl çəkməyə ürəyi gəlmirdi. O, vəziyyət müsaid olarsa, Bağdadı hücumla almaq üçün, yaxud mühasirədəkilər arasında başlamış aclıqla Bağdadı təslimə məcbur etmək üçün həmin işləri qüvvətli surətdə davam etdirməyi lazım bildi. Lakin Şah Abbas Türkiyə baş komandanının Bağdad qapılarının açarlarını ələ gətirə biləcəyi səbəblərini aradan qaldırdı. İgid Səfiquluxanın komandanlıq etdiyi qalaya onun mahiranə fikirləşdiyi bir yol ilə 1000 nəfər təzə qoşun keçirildi. Sonra oraya 3000 pud barıt və güllə aparıldı. Bu iş elə məharətlə görüldü ki, hətta bir çox İran sərkərdələrinin buna inanmağı gəlmirdi; hücuma başlayıb faydasız olaraq çox adam itirən və hücumdan əl çəkən türklər isə buna artıq dərəcədə heyrət edirdilər.

Bu zaman şah türklər arasında böyük qanqaralığa səbəb olan bir iş gördü: o, köhnə Bağdadın çay üstə çıxan qərb qapıları vasitəsi ilə mühasirədəkilərə 500 xalvar taxıl, çoxlu qoyun, toyuq və başqa şeylər çatdıra bildi. Türklər şahın hərbi hiylələrinə haqlı olaraq təəccüb etdikləri bir zamanda, Şah ordusu təzə gəlmiş qoşunlarla qüvvətləndi. Bu zaman Şah ordudan bir qoşun ayırıb Türkiyədən gələ biləsi qoşunları türklərə tərəf buraxmamağı və var qüvvə ilə düşməni hücumlarla narahat etməyi ona tapşırdı; o, özü Bağdada yaxınlaşırdı.

Şahın bu sərəncamları nəticəsində Türkiyə baş komandanı bərabər qüvvəli və öz padşahlarının onlarla olmasından ruhlanmış bir orduya qalib gəlmək ümidini itirərək, bu ordu ilə vuruşmaqdan çəkindi və öz mövqeyində dayanıb qalaya qarşı fəal əməliyyatı davam etdirdi; İran qoşunu isə ağıllı və cəsarətli Zeynal xanın sərkərdəliyi ilə ona rahatlıq vermirdi. Zeynal xan düşmən cəbhəsinin ətrafında dərin xəndəklər qazımaq əmrini verdi. Hərçənd artıq türk qoşunu içərisində ərzağın bir qədər azlıq etdiyi hiss olunurdu, amma onlar Türkiyə qoşunu mühafizəsi altında çoxlu azuqə gəlməsini gözləyərək, bu vəziyyətə səbrlə dözürdülər. Birdən yarımac əsgərlərdən olan qoşun içərisində belə səs yayıldı ki, bu qoşun dəstəsi iranlılar tərəfindən məhv edilmişdir və bütün azuqə ehtiyatı da əllərindən alınmışdır. Türkiyə baş komandanının vəziyyəti çox çətin idi. Yeddi aylıq uğursuz mühasirədən sonra sultandan icazəsiz mühasirəni götürmək biabırçılıq olardı və baş komandanın da ölümü ilə nəticələnə bilərdi; bilmərrə qələbə ümidi verməyən mühasirəni davam etdirmək isə ağılsızlıq olub, yorğun ordudan sağ qalanları da məhv etmək demək idi. Bu ağır vəziyyət türkləri Şah ilə barışmaq üçün cəhd etməyə vadar etdi; ancaq danışıqlar nəticəsiz qaldı. Bu arada qalanı mühasirə edən Türkiyə ordusunun özü İran səyyar dəstələri tərəfindən mühasirə olunmağa başladı. Başqa bir çarə qalmamışdı: Hafiz Əhməd paşa İstanbula namə göndərməyi və geri çəkilmək üçün icazə istəməyi qət etdi. Ordusunda baş verən aclıq haqqında bir söz deməkdən çəkinərək, o, özündən asılı olmayan, qələbəni ləngidən və İranla müharibəni başqa bir əlverişli vaxta keçirməyi tələb edən səbəblər gətirirdi. Bu namənin qasid ilə göndərilməsindən istifadə edərək, bir çox türklər evlərinə və dostlarına məktublar göndərdilər. Lakin qasid İran qoşun dəstəsinin gözündən yayına bilmədi, tutuldu və bütün məktublarla Şahın hüzuruna gətirildi. Bu məktublar arasında türk ordu rəislərindən olan, sadədil və həqiqəti sevən bir türkün İstanbula, öz dostuna yazdığı məktub da var idi. Şah Abbasın tarixçisi İskəndərbəy bu məktubu özünün farsca “Aləmara” kitabında nağıl edilən bu hadisənin təsviri içərisinə salmağı lazım görmüşdür. O, məktubun məzmununu dəyişmədən, əslində olduğu kimi türk dilində vermişdir. Bizə mə’lum olduğuna görə, hələ Avropa dillərində e’lan olunmamış bu maraqlı tarixi sənədin tərcüməsini burada veririk:

“Mehriban və səmimi dostum Müslühi-Çələbi əfəndiyə məhəbbətlə dolu dostluq salamı göndərərək vəziyyətimiz haqqında aşağıdakı mə’lumatı yazıram. Həqir ruhumuz hələ bədənimizdədir və gecəgündüz sizin xoşbəxtliyiniz üçün Allaha dua edib sizinlə görüşməyi arzu edirik. Bütün arzuları yerinə yetirən Allah-taala özü bizi sizin ziyarətinizə nail etsin. Əziz dostum, peşmanlıq və təəssüflə keçən yürüşümüz haqqında sənə nə yazım? Bədbəxtliklər beşiyi olan bu Bağdadı görüm bərbad olsun! Belə bir yürüş heç düşmənə də qismət olmasın! Doqquz aydır ki, hələ onun daşlarından biri də yerindən tərpənməmiş və xarab olmamışdır. Zalım iranlılar gəlincəyə qədər biz yeraltı lağımlar qazıb minalar düzmüşdük, pilləkanlar düzəltmişdik və hücuma hazırlaşmışdıq; lakin bizim qalanı almaq cəhdimiz hər dəfə faydasız oldu. Qapı qulu adlanan yeniçərlərdən və könüllü cavanlardan minlərlə seçmə adamımızı itirdik. Qələbə hər gün məl’un mühasirədəkilərin tərəfində olmuş və hər dəfə sadiq bəndələr şikəstlik tapmışdır. İşlərimiz belə getməkdə idi, birdən bizi çox pərişan edən bir xəbər yayıldı ki, Şah mühasirədəkilərə köməyə gəlir. Bunun dalınca da bizim rahatlığımızı pozanlardan biri olan Zeynal xanın sərkərdəliyi ilə Şahın qırx minlik ön dəstəsi yaxınlaşdı; məl’un və zalım iranlılar Dəyalə çayını keçdilər, gəlib qabağımızda durdular və vuruşmağa hazırlaşdılar. Bu arada Şahın özü qaniçici ordusu ilə bu dəstənin ardınca bizə yaxınlaşdı və bizi saymayaraq qoşunun bir hissəsini ayırıb Məndili qalası üzərinə göndərdi; burada bizim baş komandan tərəfindən qoyulmuş Məhəmməd Ağa və Mustafa paşa onlara tapşırılmış qoşunlarla birlikdə düşmən qarşısında dayana bilmədilər. Qala zorla alındı, türk qoşununun bir hissəsi məhv edildi, qalanı əsir düşdü və iranlıların özləri kimi dinsiz vəziyyətə gətirildilər. Lako qalası qoşununun da başına eyni iş gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri