Mirzə Yəqub xan oğlu Mirzə Melkum xana 1871-ci ilin 8 Martında yazılmış məktubun surəti

Ruhi-rəvanım, Ruhül-qüds!

Bilmirəm, nə edim ki, məktublarım sizə çatsın? Ağa Mirzə Həsənin dediyinə görə, mənə göndərdiyiniz məktub çatdıqdan sonra, əvvəllər sizə göndərdiyim və sizə çatmayan bütün məktubların surətini çıxararaq, həmin il yanvar ayının 1-də möhkəm bir zərfin içərisində Rusiya buxar gəmilərinin sığorta cəmiyyətinin Tiflisdəki kantoruna təqdim etdim ki, sizə çatdırmaq üçün həmin cəmiyyətin İstanbuldakı kantoruna göndərsinlər.

Bu günə qədər sizdən o məktubun cavabını da almamışam. Görünür, bu məktub da sizin əlinizə çatmamışdır. Ona görə də xahiş edirəm ki, bu məktub çatan kimi, həmin cəmiyyətin İstanbuldakı kantorunun rəisi Eduard Rudolfoviç Eleştigerin yanına gedib onunla görüşərək, zərfi ondan istəyəsiniz. Əgər itməmiş olsa, cavabını tezliklə mənə göndərəsiniz! Mən özüm də bu il mart ayının 8-də bu xüsusda baron Eleştigerə məktub yazmışam. Əgər bu məktub itmiş olsa, mənə bildirin ki, məktubların surətini təzədən çıxararaq, sizə göndərim. Bu məktubu çox uzatmıram. Çünki bütün məsələlər o zərfin içərisində təfsilatı ilə yazılmışdır. Zərf əlinizə çatarsa, əlifba haqqında bütün məsələlərlə tanış olacaqsınız. Həmin zərf haqqında yanvarın 15-də Məkkə ziyarətinə gedən Şeyx Məhəmməd Tehraninin vasitəsilə sizə fransız dilində yazıb bildirmişdim. Bilmirəm, sizə çatmışdır, ya yox? Hətta mən o adamdan qəbz almışam və möhkəm söz vermişdir ki, məktubumu mütləq sizə çatdıracaqdır.

Mənim fikrimcə, məktublarımın sizə çatmamasının səbəbi rus poçtu deyil, İran səfiri Müşirüddövlənin fitnə-fəsadıdır. Allaha çox şükür ki, hazırda İstanbul onun murdar və xəbis vücudunun çirkabından təmizlənmişdir. Bəşəriyyətin düşməni, despotun rəzil nökəri, mədəniyyət yolunun əngəli, öz şəxsi və nəfsi mənafeyinin qulu, elmsiz, savadsız, fəzilətsiz bir adam kimi, haqlı olmadan yüksək mövqe və cah-calal təmənnasında olan bu adam, məhz öz yalançılığı, məkri, hiyləsi, rəzaləti, güclü və şücaətli adamlar müqabilində tülkülüyü, zəiflər müqabilində isə canavar kimi yırtıcılığı ilə özünü islam xalqlarının xeyirxahlarından sayır. O, məni iranlıların və osmanlıların bədxahı adlandırır. Ay baba, mənim iranlı və osmanlı ilə nə işim vardır?! Mən dərvişməslək və bəşəriyyəti sevən bir insanam. hər kəs insanları sevib, mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafında əngəl törədənlərdən kənarda və uzaqdayam.

Hər halda, elə bir tədbir görün ki, bundan sonra mənim bütün məktublarım gecikmədən sizin əlinizə çatsın! Belə olarsa, mümkündür ki, əlifbanı dəyişdirmək məqsədi bizim birgə səyimiz və ittifaqımız nəticəsində baş tutar və zəhmətlərimiz hədərə getməz. Vəssalam!

Tiflisdə sizə ixlası olan Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.

Mart, 1871

Münif əfəndinin məktublarını çatdıran Stepan əfəndi vasitəsilə keçən il sizə bir məktub göndərmişəm, onu tələb edin! Başqa bir məktub da öz əksimlə birlikdə Tiflisdəki Zəri əfəndi vasitəsilə sizin öz adınıza göndərmişəm. Onu da axtarıb tapın!

Əxlaqını vəsf etdiyimiz adam bu gün Tehranda ədliyyə naziri olmuşdur. Özü də despotun yaxın adamlarındandır. Despotun təbiətinin tez-tez dəyişməsi və onun vəziyyəti keçmiş nazirlərin sərgüzəştindən sizə məlumdur. Belə olduğuna görə bu adamın bədbəxtliyini və ölümünü çox yaxın zamanlarda, sanki öz gözümlə müşahidə edirəm.

Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. Biz istəyirik ki, qüdrət və sərvət sahibi olan müasirlərimiz bu fikri həyata tətbiq etmək yolu ilə gələcək nəsillər yanında iftixar əldə etsinlər. Əgər onlar istər İranda, istərsə də Osmanlıda başqa işləri və başqa fikirləri əlifbanı dəyişdirmək fikrindən vacib və üstün hesab edib, bu fikri həyata tətbiq işində iradəsizlik və qeyrətsizlik göstərsələr, özlərini gələcək nəsillər yanında xar edib, bu məsələnin həyata tətbiqinin iftixarını onlara tərk edəcəklər. Çünki bizim övladlarımız, şübhəsizdir ki, bu fikrin icrasını ölkədə hər cür başqa tədbirlərin və qayda-qanunların icrasından üstün tutacaq və bu fikrin vacibliyini və əhəmiyyətini başa düşməyən müasirlərimizin ağıl və zəkasının azlığına təəssüf edəcəklər.

Deyirlər ki, Mirzə Nəbi xanın oğlu Tehranda qanunlar yazmağa başlamışdır. Bilmirəm, dəlidir nədir! Bir halda ki, xalq tamamilə və başdan-başa nəyinki elmsiz və biliksizdir, hətta savadsızdır, bu qanunları kim oxuyacaqdır? Bir ölkədə qanunların və tənzimatın tətbiqi üçün bir neçə nəfərin savadlı olması kifayətdirmi? Tutaq ki, İranda təxminən 14 milyon əhali yaşayır. Bu 14 milyon içərisində savadlıların sayı yarım milyona da çatmır. Əgər yüz min məktəb və mədrəsə yaratsalar da, köhnə əlifbanın sayəsində yenə də savadlıların sayı yarım milyona çatmayacaqdır. Bizim zəmanəmizdə, hətta ordunun əsgərləri belə alman ordusunun əsgərləri kimi savadlı olmalıdır. Halbuki İranın hətta hakimləri, elbəyiləri, kəndxudaları və dövlət xidmətçilərinin əksəriyyəti nəinki elmdən və bilikdən, hətta adi savaddan belə məhrumdurlar. Korlar üçün qanunların yazılıb-yazılmamasının nə fərqi vardır? Bu barədə Osmanlı dövlətinin vəziyyəti İrandan da qat-qat pisdir. Bu dövlətin rəiyyətləri olan səhranişin ərəblərin, türklərin və kürdlərin hamısı savadsızdırlar. Şəhərlərdə savadlılara təsadüf edilirsə də, bunların böyük əksəriyyəti çox yarıtmaz savada malikdirlər. Əgər bu ölkədə olan bütün savadlıları savadsız kütlələrin miqdarı ilə müqayisə etsək, savadlılar savadsızlar yanında qara atın alnındakı ağ qaşqa kimi görünər. Osmanlı dövlətində yaşayan tayfaların bu cür savadsızlığının birinci səbəbi yazı üsulunun çətinliyi və əlifbanın qüsurlarıdır. Digər tərəfdən isə bu çətinliklə bəra-bər, onlar özlərinin türk dilində savadlı olmaları üçün mütləq üç dili bilməlidirlər. Əlbəttə, əgər əlifba asanlaşarsa, üç dili öyrənmək o qədər də çətin deyildir. Əsas çətinlik əlifbanın qüsurları üzündəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri