İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına
Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.
İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İşin əvvəllərində dini alimlər və qazilərdən bə’zilərini müəyyən vəzifələrdə və həm də maaşla Ədliyyə Nazirliyinə tabe olan məhkəmələrdə və mürafiə məclislərində oturtmaq olar. Amma bir şərtlə ki, onlar bu vəzifələrdə çalışmağa başladıqdan sonra din işlərinə əsla dəxalət etməsinlər.
Mürafiə işləri üçün peyğəmbərin şəriəti ehkamı üzündən tərtib olunacaq (qanun) kitab gərək bir-birinə zidd fikirlərdən uzaq olub, hər yerdə eyni tərzdə və vahid fitva ilə ümummillətə aid edilsin. Bu kitabı hazırlayan vaxt qanun yazanlar dövrün tələbatına müvafiq olaraq hökm verə bilərlər, necə ki, sizin risaləniz şəriətə uyğun olaraq, bu kimi hökmlərə şamildir.
Xahiş edirəm ki, bundan sonra da Ədliyyə Nazirliyində baş verən hadisələrdən münasib gördüklərinizi yazıb mənə bildirəsiniz.
Çox yaxşı bir işə iqdam etmişsiniz. Allah mübarək eləsin və axırını xeyrə və yaxşılığa çatdırsın! Mə’lumdur ki, bu işdə ümumun mənafeyi nəzərdə tutulmuşdur və İranda mədəniyyətə doğru atılan birinci addımdır.
Bu gündən belə mən əmin ola bilərəm ki, bundan sonra siz xalqın tərbiyəsi işi ilə məşğul olacaqsınız. Heç rəvadırmı ki, təxminən 14 milyonluq İran əhalisindən yarım milyonu da savadlı olmasın?! Əgər xalq tərbiyə edilməzsə və bütün kütlələr savadlı olmazsa, siz və Ədliyyə Nazirliyinin başqa məs’ul işçiləri ölüb-gedəndən sonra indiyə qədər qanun yazmaq və yeni bir idarənin əsasını qoymaq uğrunda çəkdiyiniz bütün zəhmətlər heçə-puça çıxacaq və sizin yaratdığınız nəzm-nizam və yeniliklər unudulacaqdır. Camaat isə yenə də keçmiş qayda-qanunlara qayıdacaqdır.
Əzəmətli ağam!
Siz Tehranda düşünəcəksiniz ki, nə üçün cənab Şeyxül-islam və Mirzə Fətəli məhkəmə işlərinin şiə ruhanilərinin əlindən tamamilə alınmasını məsləhət görürlər? Bunun səbəbini izah etmək istəyirəm. Əlbəttə, sizə mə’lumdur ki, bizim xalqımız bütün qulluq sahiblərini və bütün dövlət mə’murlarını “əhli-zələmə” adlandırırlar. Bir halda ki, belə bir əqidə hələ də xalqın fikrində qalmaqdadır, zahiri itaətə baxmayaraq, batində dövlətlə xalq arasında daimi bir ziddiyyət mövcud olacaqdır. Bu ziddiyyət isə vəsfəgəlməz fəsada səbəb olur.
Belə bir ixtilafı ortadan qaldırmaq ən vacib məsələlərdən biridir. Xalqla dövlət arasında ayrılığın, ziddiyyətin əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsəllət olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaət edir, ürəyində dövlətə nifrət bəsləyir. Çünki ruhanilər xalqın “pənahı” adlanır. Nəyə görə ruhanilər xalqın “pənahı” olmuşlar? Ona görə ki, dövlətin ən böyük vəzifələrindən olan məhkəmə işləri ruhanilərin əlindədir. Xalqın ehtiyacı onların vasitəsilə ödənilir. Dövlət isə ikinci dərəcəli yeri tutur.
Həqiqətdə isə dövlət mə’murları ruhanilərin qarşısında onların hökmlərini icra edən nökər kimidirlər. Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın. Dövlət zahiri və həqiqi istiqlaliyyət əldə etsin. Təkcə özü xalqın pənahı olsun, ruhaniləri ölkəni idarə işlərində dövlətə şərik etməsin.
Bizim əqidəmizə görə, belə bir təqdir sayəsində günlər keçdikcə xalqla dövlət arasındakı fərq aradan qalxar. Amma bu məsələ bir şərtdən asılıdır ki, dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun mə’murları məhkəmə işində fövqəl’adə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. Xalqla dövlət arasındakı ziddiyyətin aradan qaldırılmasının vacib məsələ olmasına şübhə ola bilməz. Ancaq söz orasındadır ki, bu ziddiyyət nəyin vasitəsilə aradan qaldırılmalıdır. Bu barədə düşünərkən, yuxarıda qeyd etdiyimiz tədbir, bizim fikrimizcə, əlverişli göründü. Əgər siz özünüz bundan daha asan və daha yaxşı bir tədbir düşünsəniz, əlbəttə, onu tətbiq edə bilərsiniz.
Sonra əziz qardaşım Mirzə Məhəmməd Cəfər “Molla İbrahim Xəlil” hekayəsini çox düzgün və gözəl tərcümə etmişdir. Yazdım ki, çap etdirsin. Onun məktubunu açıq göndərdim. Əvvəlcə özünüz oxuyun, sonra isə ona təqdim edin! Çünki mə’lumunuz olan nüsxəyə dair bə’zi qeydlər yazaraq, təmənna etmişdi ki, oradakı məsələlər tənqid yolu ilə deyil, atalıq nəsihəti şivəsi ilə yazılmalı idi. Buna görə də onun e’tirazlarına cavab yazmalı oldum. Yaxşı olar katibinizə buyurasınız ki, mənim yazdığım cavab məktubunun üzünü köçürsün ki, sizin yanınızda qalsın. Mümkündür ki, bu məsələ ətrafında başqa bir mübahisəçi də meydana çıxsın. O zaman həmin cavabı ona oxuyub, sakit edərsiniz.
Hörmətli Əli xanın vəziyyətindən heç bir xəbərim yoxdur. Bir neçə gün bundan qabaq ona da məktub yazmışam. Lakin alıb-almadığını bilmirəm.
Cənab Şeyxül-islam sizə çoxlu salam göndərir və sizin yeni vəzifənizi təbrik edir.
Sizin salamınızı Mirzə Əsədulla xana çatdırdım, ondan da sizə sonsuz salam yazıram.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
25 mart 1871-ci il, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-iran-dovletinin-tiflisdeki-sabiq-konsulu-mirze-yusif-xan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
Həcvi-Əbdürrəsul xanDünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!