Göygöl
Göygöl, tərifini çox eşitmişəm,Adın dastan olub dilə düşübdür.Gəzib oymaq-oymaq AzərbaycanıSorağın bizim də elə düşübdür.
Bizim Şahgölünün öz qardaşısan,Deyirlər həsrətə sən tablaşırsan.Odur nə kükrəyib, nə də daşırsan,Şahgölü hicrandan çölə düşübdür.
Araz qoşun çəkdi yolu bağladı,Yerlər yasa batdı, göylər ağladı.Dağlar öz qoynunda səni saxladı,O, şahlar əlinə kölə düşübdür.
Fəqət o kimdir ki, hicran görməyib,Qəlbi sal daş olub, heç kövrəlməyib.Deyirlər suların çaydan gəlməyibKəpəzin gözündən gilə düşübdür.
Sinəndə rəqs edir nərgiz, yasəmən,Elə bil gül açmış yaşıl bir çəmən.Gecələr sənmisən göydə əks edən,Yoxsa göyün əksi gölə düşübdür?
Baharda qəlb açır növrağın sənin,Deyirlər gözəldir hər çağın sənin.Mənsə bir gün oldum qonağın səninNə etmək, bizimki belə düşübdür.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-goygol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Dəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
Ey badi-səba, kuyi-həbibə güzər eyləEy badi-səba, kuyi-həbibə güzər eylə,Hali-dili-zarimi o şahə xəbər eylə.
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır