Bu gün ad günümdür... evdə hamı şən.Ancaq fikirliyəm, kədərliyəm mən.Gəncliyim ötəli, belə günlərdəAnıb yoxuşumu töyşüyürəm mən.Xəzan yarpaqları oynaşan yerdəNecə üşüməyim?.. Üşüyürəm mən.Ancaq... uşaqlıqda istərdim hər gün,Bizim evimizdə məclis qurulsun.Günlərin hamısı dönüb büsbütünMəni sevindirən ad günüm olsun.Atamın, anamın yeganəsiydim,Arzusu, həvəsi, könül səsiydim.Ömrün nə qəribə günləri vardı,Mənim ad günlərim bayram olardı.Mən nə biləydim ki, dəyişir insan,Ad günün, şad günün olmur bir zaman.Aldığım o gözəl oyuncaqlarıQaçıb göstərərdim dostlara bir-bir.Hanı, hanı ömrün o şən çağları?Gedən, a qardaşlar, bir daha gəlmir...

Həmən adamammı?... Yox, başqayam mən.Özgə cür görünür bu aləm mənə.Bir zaman könlümə sevinc gətirənAd günüm gətirir indi qəm mənə.Deyirəm, yenə də ömrümdən bir ilÖtdü...Ötən illər səfə düzülür.Mənim ad günümdə indi mən deyil,Mənim balalarım sevinib gülür.

Avqust, 1965

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri